Bia.Az

BİTMİŞ VƏ İFLASA UĞRAMIŞ MİSSİYA – “Minsk Qrupu ümumiyyətlə bizə lazım deyil...”

Gündəm
 2-05-2021, 15:24     195

Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində böyük hərbi zəfər qazandıqdan sonra Rusiyanın açıq-gizli təzyiqləri ilə üzləşib. Moskva müharibənin separatçıların tam məhv edilməsi ilə başa çatmasına imkan vermədi, dağılıb pərən-pərən düşmüş Ermənistan ordusunun qalıqlarını Qarabağın bir küncünə yığdı. 

10 noyabrda imzalanmış üçtərəfli atəşkəs bəyanatının mürəkkəbi qurumamış öz ordusunu sülhməramlı adı ilə bölgəyə göndərdi. Ardınca separatçıları toparlayıb əvvəlki qondarma "dövlətçilik" oyununa qaldığı yerdən davam etməyə cəhdlər edir.
Bundan sonra bölgədə Kremlin diqtəsi ilə gedən proseslər Azərbaycan ictimaiyyətinə bəllidir. Qısaca olaraq onu qeyd edək ki, Moskva postovet məkanındakı digər etnik münaqişələrə biçdiyi formanı Qarabağa da tətbiq etmək istəyir.
Bu zaman, Azərbaycan yalnız müttəfiqi Türkiyəyə güvənir. Rusiya ilə geosiyasi qarşıdurmada olan Qərb, Qarabağ problemində Ermənistanın, dolayısı ilə onun müttəfiqi Rusiyanın mövqeyini müdafiə edir.
Aprelin 14-də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi bəyanatda beynəlxalq hüququn prinsiplərinə zidd olan bu dəstək açıq mətnlə ifadə edilib. ABŞ, Fransa və Rusiya birgə bəyan ediblər ki; 
- müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin təsirli minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi;
- beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi;
- dini və mədəni irsin qorunması və mühafizəsi; münaqişədən təsirlənmiş icmalar və digər xalqlar arasında etimad qurulması tədbirləri üçün birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.


Həmsədrlər tərəflərin yaxşı tanıdığı elementlər və prinsiplər əsasında yekun hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıblar. Bu baxımdan, tərəfləri həmsədrlərin müşahidəsi altında ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar.
Həmsədrlər qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayırlar. Bu baxımdan, tərəflərə həmsədrlərin səyahət marşrutu ilə əlaqədar səlahiyyətlərinə və əvvəlki təcrübələrinə uyğun olaraq maneəsiz giriş və maksimum hərəkət çevikliyini təmin etmə tələbini xatırladıblar.
Maraqlıdır, bəyanat 44 günlük müharibədən əvvəl səsləndirlən növbətçi açıqlamalardan birini xatırladır. Sanki 44 günlük müharibə olmayıb, Azərbaycan işğalda olan ərazilərinin 70 faizindən artdığını güc yolu ilə geri qaytarmayıb. Yəni situasiya tam şəkildə dəyişsə də, həmsədrlərin təklif etdiyi şərtlərdə bu dəyişikliyin heç bir əlaməti nəzərə çarpmır. 

Eyni zamanda Minsk Qrupu fərqində deyil ki, 29 illik fəaliyyətsizliyinə rəğmən, Azərbaycan öz gücü hesabına vəziyyəti dəyişdiyinə görə ona minnətdar olmalıdır. Bunun əvəzinə Azərbaycanın maraqlarına və regiondakı faktiki hərbi-siyasi vəziyyətə uyğun olmayan bəyanatlar səsləndirmək Ermənistanı müdafiə etmək məqsədi daşıyır. Azərbaycan haqlı olaraq bəyan edir ki, həmsədrlər tərəfsizliyini pozduqlarına görə özlərini deskridə ediblər, onların yenidən bu missiyanı yerinə yetirmək üçün mənəvi haqları yoxdur.
Beləliklə, Azərbaycan Rusiyanın, eyni zamanda Ermənistanın havadarı rolunda çıxış edən digər iki həmsədrin təzyiqləri ilə üz-üzədir. Ehtimal ki, bu təzyiqlər getdikcə artacaq. Rəsmi Bakı bu situasiyada nə etməlidir?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"-ya şərhində bildirib ki, 29 il əvvəl Qarabağ konfliktinin həll olunması məqsədilə danışıqlar aparmaq üçün yaranmış ATƏT-in Minsk Qrupu bu illər ərzində konfliktin həllinə nail ola bilmədi. Ümumiyyətlə, Qarabağ konfliktində hakim rolunda çıxış edəcək ABŞ, Rusiya, Fransa üçlüyünün ədalətli mövqe tutmayacağı yarandığı gündən proqnozlaşdırılırdı. 

Ekspertin sözlərinə görə, erməni diasporasının dünyada məhz bu üç ölkədə həm sayca çoxluğu, həm də bu ölkələrin siyasətinə təsir imkanlarına malik olması belə bir proqnozun reallığına şübhə yaratmırdı və belə də oldu: "Azərbaycanın 2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ Müharibəsindəki qələbəsi 29 illik diplomatiyanın uğursuz fəaliyyətini dünyaya göstərdi və gücün hüququnun hüququn gücündən üstün olduğunu ilk növbədə Minsk Qrupuna sübut etdi".
İ.İsmayılın sözlərinə görə, Azərbaycan keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhəri ilə Xocavənd rayonunun inzibati ərazisinə aid olan Hadrut qəsəbəsini və başqa kəndlərini azad etsə də, separatçları tam məhv edilmədi: "Rusiya sülhməramlılarının keçmiş Dağlıq Qarabağın qalan hissəsinə yerləşdirilməsi nəticəsində bu ərazilər hələ də separatçı rejimin nəzarətindədir. İndiki vəziyyətdə tərəflərin mövqeləri bəllidir - Azərbaycan tələb edir ki, heç bir status olmadan bu ərazilər və burada yaşayan erməni əhali ölkə tərkibinə daxil olmalıdır. Ermənistanda isə Dağlıq Qarabağın müstəqilliyini istəyirlər. Yəni, reallıq budur ki, problem taç həllini tapmayıb".

İlham İsmayıl deyir ki, elə buna görə də Minsk Qrupu yenidən “zühur edib”: "ABŞ dövlət katibi Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında da başqa məsələlərlə yanaşı əsas müzakirə mövzusunun həmsədrlərin yenidən fəaliyyətə başlaması ilə bağlı olduğu barədə xəbərlər yayıldı. Baxmayaraq ki, atəşkəsə real təsir Rusiya tərəfindən həyata keçirilib və bunu Fransanın, ABŞ-ın iştirakı olmadan həll edib, hazırda da Qarabağda yalnız rusiyalı sülhməramlılardı, Moskva da hesab edir ki, Minsk Qrupu fəaliyyətini davam etdirməlidir. Bu arada Rusiya XİN rəhbəri Sergey Lavrov 5-6 mayda İrəvana, 10-11 mayda isə Bakıya səfər edəcək. Rəsmi açıqlamada 10 noyabr bəyanatından irəli gələn müddəaların yerinə yetirilməsinin müzakirə ediləcəyi bildirilsə də, səfərin əsl səbəbinin yeni yaranmış situasiya ilə, Minsk Qrupunun yenidən fəaliyyəti və beynəlxalq arenada iki ölkə arasında birgə əməkdaşlığın perspektivləri ilə bağlı olduğuna daha çox ehtimal vermək olar".
Azərbaycan bu təzyiqin qarşısında hansı siyasəti yürüdəcək? 
Ekspert hesab edir ki, Minsk Qrupundan imtina etmək üçün bizim xeyli əsaslarımız var. O, xatırladır ki, həmsədrlərdən biri olan Fransa Senatının hər iki palatası Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün qətnamə qəbul edib və bu ölkənin bütünlüklə ermənipərəst mövqedə dayanması heç kimdə şübhə yaratmır, heç özləri də inkar etmirlər: "Rusiya Ermənistanla KTMT-də və Avrasiya İttifaqında müttəfiq ölkələrdir, Ermənistanın sərhədlərini Rusiya qoruyur və sülhməramlı adı altında yalnız ermənilərin maraqlarına xidmət edir. ABŞ bu iki ölkə ilə müqayisədə daha neytral görsənsə də, prezident Baydenin qondarma soyqırımla bağlı bəyanatı da bu ölkənin sonadək ədalətli olacağına əsaslı şübhələr yaradır".
İ.İsmayıl Minsk Qrupunun aprelin 14-də verdiyi son bəyanatını yada salaraq qeyd edir ki, həmsədrlər yenə də ermənipərəst mövqedə qalırlar: "Son bəyanatda irəli sürülən tələblər müharibədən əvvəlki siyasi vəziyyətlə şərtləndiyindən qəbulolunmazdır. Hiss olunur ki, Cənubi Qafqazda maraqları toqquşan həmsədrlər bu konflikti siyasi bazarlığa, bir-birilərinin təsirini azaltmağa, qısası öz maraqlarına görə Dağlıq Qarabağ konfliktini yenidən uzun müddətə dondurmağa çalışırlar. Bu fəaliyyət Azərbaycandan başqa bütün tərəflərə sərf edir". 
Belə bir təzyiq və təsir altında Azərbaycan Minsk Qrupunun bayrağı altında siyasi danışıqlardan imtina edə bilərmi? Əgər həmsədrlər fəaliyyətə başlayacaqlarsa, bizim şərtimiz nə ola bilər? 

İlham İsmayılın sözlərinə görə, şərt dəyişməzdir: "Azərbaycan 10 noyabr bəyanatından irəli gələn bəndləri ilk növbədə həyata keçirmək üçün tələblərini irəli sürməlidir. Yəni, erməni hərbi birləşmələri tamamilə Qarabağdan çıxarılır, qaçqınlarımız Dağlıq Qarabağa yerləşdirilir, nəqliyyat infrastrukturu işlək və təhlükəsiz vəziyyətə gətirilir. Laçın dəhlizi istiqamətində dövlət sərhədinə sülhməramlılarla birgə nəzarət olunur".
Ekspert qeyd edib ki, Azərbaycan Minsk Qrupunun bayrağı altında siyasi dialoqa başlamazdan əvvəl Rusiya ilə ayrılıqda qeyd olunan məsələləri həll etməlidir. Onun sözlərinə görə, Ermənistanda parlament seçkiləri bitənədək bu problemlərin həllinin reallaşması üçün fəaliyyətə keçməyin konkret vaxtı müəyyənləşməlidir.
"Biz yeni yaranmış situasiyanın yaratdığı məsul dövr ərəfəsindəyik. Qardaş Türkiyə ilə birlikdə bu dövrü maraqlarımız çərçivəsində həll edə bilərik. Ən zəif vaxtlarımızda belə biz ərazi bütövlüyümüzdən, suverenliyimizdən imtina etmədik, qalib bir dövlət kimi isə şərti biz irəli sürməliyik", - deyə İlham İsmayıl vurğulayıb.

Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya bildirib ki, Minsk Qrupunun fəaliyyəti Azərbaycanın maraqlarına cavab vermir. Ekspert xatırladır ki, onların regiona son səfərində Prezident İlham Əliyev həmsədrlərə rəsmi Bakı tərəfindən dəvət edilmədiklərini bildirdi: "Həmsədrlər bu münqişənin beynəlxalq hüquq və ədalət çərçivəsində həllinə nail ola bilmədilər, Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. İndi isə status məsələsini müzakirəyə çıxarmaq istəyirlər. Söhbət hansı statusdan gedə bilər? Torpaqlarımzın cəmi 3-4 faizi erməni işğalı altında qalıb, ölkə ərazisinin kiçik bir hissəsində yaşayan ermənilərə hansı status vermək ola bilər?" 
Politoloq hesab edir ki, Azərbaycana qarşı həmsədrlər tərəfindən təzyiqlər artacaq: "Onlar bu dəfə öz rollarını ortaya qoymaq istəyirlər. Hazırda hər üç həmsədr Ermənistanın tərəfini tutur. Biri separatçıların rəhbərini Moskvaya dəvət edir, digərinin parlamentinin sədri İrəvana gəlib deyir, Qarabağın müstəqilliyi tanınmalıdır. Üçüncüsü "erməni soyqırımını" tanıyır. Bu cür həmsədrlik bizə fayda gətirə bilməz. Yox, əgər, tərəf tuturlarsa, Azərbaycanın da tərəfi var, bu, Türkiyədir, qoy bu ölkə də 4-cü həmsədr kimi fəaliyyət göstərsin. Çünki qardaş ölkənin bölgədəki proseslərə təsir imkanları xeyli artıb. Əgər onlar bunu istəmirlərsə, o zaman Minsk Qrupu ümumiyyətlə bizə lazım deyil. Çünki 29 illik fəaliyyətsizlik bundan sonra da nəticə verməyəcək. Hər 3 həmsədr Ermənistanın tərəfini tuturlarsa, onların irəli sürdüyü təkliflərin bizə faydası olmayacaq". 

BİA.AZ
скачать dle 12.1