Bia.Az

“AZƏRBAYCANIN DA ƏRAZİ BÜTÖVLÜYÜ İRANIN “QIRMIZI XƏTTİ”DİR...” – “Vacib məqam idi ki, XİN başçısının səfəri Azərbaycanda başladı və bitdi”

Gündəm
 3-02-2021, 13:02     324

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və Ermənistanın kapitulyasiyası ilə başa çatan 44 günlük Vətən Müharibəsində digər vacib məsələlərlə yanaşı, Tehran-İrəvan münasibətləri də diqqət mərkəzində oldu. Və bir çox İran rəsmilərinin Azərbaycana dəstək açıqlamalarına baxmayaraq, cəmiyyətimizdə Tehrana münasibətin birmənalı olduğunu söyləmək çətindir.

Əksər politoloqlar və ümumilikdə ictimaiyyət İranın uzun illər Ermənistana dəstək verdiyini əsas gətirərək, Tehranın mövqeyinə bir qədər şübhə ilə, ehtiyatla yanaşmaqda davam edir. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Bakı və İrəvan səfərinə münasibətdə də eyni yanaşma müşahidə olunur.

BİA.AZ “AzPolitika.info”-ya istinadən xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı Səfiri Seyid Abbas Musəvi ilə söhbətdə bu məqamlara aydınlıq gətirməyə çalışıb.

- Cənab Səfir, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Cənubi Qafqaza işgüzar səfəri çərçivəsində İrəvanda bəyan edib ki, “Ermənistanın ərazi bütövlüyü Tehran üçün qırmızı xəttdir”. Bu açıqlama Azərbaycanda birmənalı qarşılanmayıb. Yerli mətbuat cənab naziri bu açqılamasına görə qeyri-səmimilikdə günahlandırıb. Nazir Zərif “qırmızı xətt” deməklə nəyə işarə edirdi və nə demək istəyirdi? Buna aydınlıq gətirməyinizi xahiş edirik.
- İran İslam Respublikası 15 ölkə ilə qonşudur. Ermənistan da onlardan biridir. Düşünürük ki, bizim yerləşdiyimiz region gərginlikdən uzaq olmalı və ya ən azından burada gərginlik minimum səviyyədə olmalıdır. Cənab Zərifin Ermənistanla bağlı fikirləri də bu prizmadan söylənilib. Prinsipcə bütün qonşu ölkələrin ərazi bütövlüyü İran İslam Respublikası üçün “qırmızı xətt”dir. Son müharibədə elan olunduğu kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü və bu ölkənin suverenliyinin bərpası İran İslam Respublikası üçün “qırmızı xətt” olub və bu səbəbdən də o, dost, qardaş və qonşu dövlət olan Azərbaycan Respublikasının yanında yer alıb.
Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, qonşular arasında fərq böyükdür. Şübhəsiz, Azərbaycan Respublikası qonşu ölkələr arasında tarixi, mədəni və dini ortaqlıqları, həmçinin, müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın inkişafı baxımından İranın xarici siyasətində xüsusi yerə sahibdir. Bu məsələ onun son Qarabağ müharibəsində Azərbaycan Respublikasının haqlı mövqeyini, ərazi bütövlüyünü və Qarabağ torpaqları üzərində suverenliyini dəstəkləməsinə səbəb olub.
- Bildiyiniz kimi, Ermənistan bizim torpaqlarımızın 20 faizini işğal edib və 30 il işğal altında saxlayıb, həmin ərazilərimizi viran qoyub. Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq, öz ərazi bütövlüyünü təmin edib. Ancaq Azərbaycanın məcburən qoşulduğu haqlı savaşı başlayandan sonra İran rəsmiləri bir müddət susdu və bu da Azərbaycan ictimaiyyəti arasında birmənalı qarşılanmadı...
- İran İslam Respublikası müharibənin əvvəlində öz mövqeyini elan edən, münaqişəyə son qoyulmasını və işğal olunmuş ərazilərin müharibəsiz, qan tökülmədən geri qaytarılmasını tələb edən ilk ölkələrdən biridir. İranın Ali Rəhbəri bununla bağlı açıq şəkildə mövqe bildirdi və işğala son verilməsinə, işğal olunmuş ərazilərin Azərbaycan Respublikasına qaytarılmasına çağırdı. İran işğal olunmuş ərazilər də daxil olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və milli suverenliyini hər zaman dəstəkləyib. Əlbəttə ki, bu torpaqların müharibəsiz və qan tökülmədən sülh yolu ilə Azərbaycana qaytarılacağına inanılırdı. Ancaq təəssüf ki, Minsk Qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsini sülh danışıqları yolu ilə həll edə bilmədi. Azərbaycan Respublikasının bu torpaqları azad edə bilməsi İran tərəfindən müsbət qarşılanır. 

- Prezident İlham Əliyev İranın Xarici İşlər naziri ilə görüşdə deyib ki, işğaldan azad olunan ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini də görməyə şad olardı və bu, təbiidir, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Görüşdə İran tərəfi elektrik enerjisi istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı məsələlərdə əməkdaşlıq etmək istədiyini açıqlayıb. Bu əməkdaşlığı necə görürsünüz?
- Bildiyiniz kimi, İran Azərbaycan Respublikasının ən böyük və ən strateji qonşularından biridir. Buna görə də təbiidir ki, İran və Azərbaycan xalqları arasında tarixi, dini və mədəni ortaqlıqlar səbəbindən, azad edilmiş bölgələrin yenidən qurulmasında azərbaycanlı qardaşlarla əməkdaşlıq və onlara yardım etmək İran xalqı və hökuməti üçün insani və dini bir vəzifə hesab edilir. İranda texniki vasitələr və mühəndislik sahələrində çox yüksək bacarıq və qabiliyyətlər var. Tanrının verdiyi zəngin mənbələri nəzərə alsaq, İran azad edilmiş ərazilərin yenidən qurulması işində ən yaxşı və ən səmərəli şəkildə iştirak edə bilər. Bunlar Azərbaycan hökuməti və xalqı tərəfindən təsdiqlənən həqiqətlərdir. İran hidroelektrik stansiyaları və istilik elektrik stansiyalarının inşası, su, elektrik və qaz təchizatı sistemlərinin işə salınması da daxil olmaqla, enerjilə əlaqəli sahələrdə yüksək səviyyədə iştirak edə bilər. Bundan əlavə, yaşayış massivlərinin, məktəblərin inşası, yol, körpü tikintisi, dini, tarixi yerlərin və məscidlərin inşası və təmiri sahələrində də Azərbaycana əhəmiyyətli kömək göstərə bilər. “Xudafərin” və “Qız Qalası” bəndləri, həmçinin Araz sərhəd su hövzəsindəki çoxlu sayda ortaq işbirliyi ilə bağlı bu yaxınlarda iki ölkənin Tehrandakı Birgə İqtisadi Komissiyasının 14-cü iclası zamanı razılaşmalar əldə edilib. Bunların icrası məsələləri İran İslam Respublikasının Bakıdakı səfirliyi və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tərəfindən ciddi şəkildə izlənilir.
- Nazirin səfəri zamanı iki ölkə başçılarının bu il ərzində görüşlərilə bağlı məsələ müzakirə olunubmu?
- Bəli. İki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın uğurlu iclasından və bölgədəki son proseslərdən sonra iki prezidentin onlayn və ya üz-üzə görüşməsi təklif olunub. Əlbəttə, bundan əlavə, yaxın gələcəkdə Astara Çay körpüsünün təməlqoyma mərasimi zamanı iki ölkənin prezidentinin videokonfrans formatında bu mərasimdə iştirakı və danışıqlar aparması planlaşdırılır.
- Cənab Səfir, birgə iqtisadi layihələrinn perspektivi ilə bağlı gözləntiləriniz nədir? Xüsusən, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı ümidlər doğruldumu? Regionda kommunikasiyaların açılmasında hansı irəliləyişləri gözləyirsiniz? 
- Birgə layihələrin həyata keçirilməsinə nikbin baxırıq. İran İslam Respublikası, əsasən, xalqların rifahı və iqtisadi əlaqələrin inkişafı üçün iki ölkənin həyata keçirdiyi hər bir layihənin icrasını alqışlayır. İran tərəfində təcrübəsi və güclü maliyyəsi olan şirkətlər Azərbaycanın hər yerində, o cümlədən, azad edilmiş ərazilərdə, ortaq və ya müstəqil layihələrin həyata keçirilməsində Azərbaycan tərəfi ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Bu, gələcəkdə iki ölkə arasındakı münasibətlərin istiləşməsi üçün yaxşı bir əlamətdir. İranın Şimal-Cənub dəhlizi ilə bağlı mövqeyi tam aydındır. Biz bunu alqışlayırıq və bu sahədə hər cür əməkdaşlığa hazırıq. Bu dəhliz yalnız İran və Azərbaycana deyil, qısa və sərfəli olduğu üçün digər ölkələrə də bir çox fayda və üstünlük gətirəcək, bölgənin inkişafı və çiçəklənməsinə səbəb olacaq. Xatırlatmalıyam ki, iki ölkənin Birgə İqtisadi Komissiyasının 14-cü iclası zamanı infrastruktur obyektlərinin tikintisi və iki ölkənin dəmir yolları arasında daha geniş əməkdaşlıq üçün mühüm razılaşmalar əldə edilib. Şərq-Qərb dəhlizini reallaşdırmaq üçün isə Culfa dəmir yolunu birləşdirərək, ümumilikdə bölgədə dəmir yolları sahəsində əməkdaşlığın inkişafına da töhfə verməyə hazırıq.
- İki gün əvvəl İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olub, Ali Məclisin sədri V.Talıbovla görüşüb. Səfərin məqsədi nə idi və görüşdə hansı məsələlər müzakirə olunub?
- Bu regional səfər çox böyük əhəmiyyət daşıyırdı. Əsas vacib məqam o idi ki, bu səfər Azərbaycanla başladı, Azərbaycanla da bitdi. İranla Naxçıvan arasında münasibətlərin yaxşı olmasına baxmayaraq, müharibədən sonra yaranan vəziyyət Naxçıvanı daha da əhəmiyyətli edir. Naxçıvan və Culfa hal-hazırda qeyd etdiyimiz dəmir yolu birləşmələrinin çox əhəmiyyətli, vacib nöqtəsidir. Naxçıvan, Prezident İlham Əliyevin “3+3” əməkdaşlıq formatı təklifinin reallaşmasında böyük rol oynaya bilər. Bu format 6 ölkənin - Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistanın gələcəkdə bir-birinə daha da yaxınlaşmasına böyük köməkdir. M.C.Zəriflə V.Talıbovun çox maraqlı və əhəmiyyətli görüşü olub. Görüşdə həmçinin, sərhəd zonalarına, gömrük keçid məntəqələrinə birgə baxış keçirilib.

BİA.AZ
скачать dle 12.1