Bia.Az

Təcili!!! ERMƏNİLƏRİN “MEHRİ DƏHLİZİ” VƏ ƏSİRLƏR, BAKININ SÜLHMƏRAMLI PROBLEMİ... - Gözlənilən üçtərəfli görüşdə nələr müzakirə olunacaq?

Gündəm
 9-01-2021, 22:01     531

Hələlik rəsmən təsdiqlənməsə də, Rusiya mətbuatı başda olmaqla, bir çox KİV-lərdə və siyasi dairələrdə yaxın günlərdə Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşün keçirləcəyi barədə xəbərlər yayılıb.Görüşlə bağlı mümkün tarix olaraq, 11 yanvar göstərilir.

Ermənistan mətbuatında və siyasi çevrələrində artıq belə bir görüşün baş tutacağı birmənalı şəkildə iddia olunur və Nikol Paşinyanı koronavirusla bağlı yoxlanışdan keçirmək üçün Moskvadan xüsusi həkim briqadasının gətirilməsi də məhz bu səfərlə əlaqələndirilir.
Artıq Ermənistanda Moskvada masaya qoyulacaq məsələlərlə bağlı qızğın müzakirələr gedir. Müxalifət bu görüşün “Paşinyanın növbəti satqınlıq və təslimçilik aktı” olacağını iddia edir. Hətta qeyd olunur ki, artıq görüş zamanı imzalanmalı olan müqavilənin mətni rəsmi İrəvana məxfi şəkildə göndərilərək, onun Ermənistan Konstitusiyasına uyğunlaşdırılması istənilib.
Lakin ölkənin Ədliyyə Nazirliyi rəsmi qaydada bu xəbəri təkzib edərək, belə bir müqavilənin onlara daxil olmadığını bildirib. Ancaq hər halda, belə bir sənədin hazırlanması və üçtərəfli görüşdə təsdiqlənəcəyi barədə məlumatların həqiqət yükünün az olmadığını da söyləmək olar...
Hər necə olsa, Ermənistanda bu gün əsas mövzu məhz gözlənilən üçtərəfli görüş və orada qəbul olunacaq qərarlardır.

İrəvanda müxalif və müstəqil təşkilatlar bu görüşün əsas etibarilə Azərbaycanın qərb rayonlarıyla Naxçıvanı birləşdirəcək Mehri dəhlizinin açılması başda olmaqla, rəsmi Bakının mənafelərinə uyğun bir çox məsələlərin həlli üçün təşkil olunduğuni iddia edirlər.



Məsələn, tanınmış vəkil Amram Makinyan öz sosial şəbəkə səhifəsində yazıb ki, görüşdə əsas müzakirə mövzusu və qəbul ediləcək qərar Mehri dəhlizinin açılması ilə bağlı olacaq və Paşinyan buna razılıq verəcək: “Əvəzində isə Azərbaycan tərəfi “lütfkarlıq” göstərərək, bəzi erməni əsgərlərini qaytara bilər.”

Paşinyana xitabən “sən buna görə cavab verəcəksən” deyən tanınmış hüquqşünas nədənsə 10 noyabr razılaşmasının 9-cu bəndində yazılanları qeyd etməyi unudub.

Orada deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.”

Yəni ki, Ermənistan həmin razılaşmada rəsmən bu dəhlizin açılmasına zəmanət verib. Ancaq Ermənistanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı son açıqlamasında az qala bu bəndi inkar etməyə çalışır və iddia edir ki, razılaşmada “Naxçıvana koridor açılmasıyla bağlı” konkret bənd yoxdur və 9-cu bənddə söhbət birtərəfli qaydada yalnız Azərbaycan üçün deyil, bütövlükdə regionda kommunikasiya xətlərinin açılmasından gedir.

Bunla yanaşı, nazirliyin sözçüsü bildirib ki, Ermənistan “Azərbaycanla Naxçıvan arasında əlaqə yaradılmasını” təmin etməyə hazırdır.

Lakin bundan öncə, razılaşmanın 8-ci bəndinə əməl olunmalıdır, yəni ki, əsirlər və həlak olmuş hərbçilərin meyitləri qarşılıqlı şəkildə qaytarılmalıdır. Əslində, nazirliyin bu açıqlaması yaxın günlərdə baş tutması gözlənilən üçtərəfli görüşün əsas müzakirə mövzularından birinə aydınlıq gətirmiş və yuxarıda qeyd etdiyimiz müxalif siyasi qüvvələrin iddialarını təsdiqləmiş olur.

İrəvan Universitetinin Şərqşünaslıq Fakultəsinin dekanı Ruben Melkonyan isə “Sputnik Armenia”-ya açıqlamasında bildirib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfi ermənilərin baş nazirinə təzyiq göstərəcək və Ermənistan birtərəfli güzəştlərə getməyə məcbur ediləcək. 

O, qeyd edib ki, Azərbaycan Mehri dəhlizinə Ermənistanın tam yurisdiksiyasından kənar statusa nail olmaq istəyir: “Avtomobil şossesilə yanaşı, Azərbaycan orada qaz boru kəməri və dəmir yolu xətti çəkmək istəyir”.

O, əlavə edib ki, Ermənistan rəhbərliyi birtərəfli güzəştlərə getməli deyil və Qazax rayonu vasitəsilə Azərbaycan ərazisindən Rusiyaya birabaşa çıxışa nail olmalıdır.

Zham.am adlı erməni saytı isə özünün “Rusiyadakı mənbələrinə” istinadən İlham Əliyevlə Nikol Paşinyan arasında yanvarın 11-də görüşün keçirilə biləcəyini qeyd edib. Eyni zamanda bu  görüşdə İlham Əliyevin Nikol Paşinyan qarşısında 8 tələb qoyacağını iddia edib.

Həmin tələblərlə bağlı məlumat verdiyimizdən təkrarlamaq istəmirik. Ancaq qeyd edək ki, orada da Azərbaycanın digər əraziləri ilə  Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılmasının, 10 noyabr razılaşmasından sonra tutulan ermənilərin hərbi diversantlar kimi  mühakimə edilməsinin Bakının tələbləri sırasında  olacağı vurgulanıb.
 
Qeyd edək ki, Azərbaycan tərəfi də Mehri dəhlizilə bağlı planlarını gizlətmir. Ölkə başçısı son çıxışında bununla bağlı deyib: “Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. 



Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək... Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik...”

Göründüyü kimi, bu açıqlamadan üçtərəfli görüş baş tutarsa, Azərbaycan tərəfinin Mehri dəhlizilə bağlı mövqeyinin nədən ibarət olacağını anlamaq mümkündür.

Ancaq gözlənilən görüşdə Naxçıvana açılacaq dəhlizlə yanaşı, ciddi şəkildə müzakirəyə ehtiyacı olan xeyli sayda digər məsələlər də var.

Qeyd olunduğu kimi, erməni tərəfi dəhlizin açılmasını əsirlərin qaytarılmasına bağlamağa çalışır. Sözsüz ki, bu zaman müharibə bitəndən sonra Hadrut istiqamətinə göndərilən və Azərbaycanın əsir götürdüyü böyük sayda erməni siahlılarını da nəzərdə tutur.

Ancaq Azərbaycan tərəfinin bununla bağlı mövqeyi fərqlidir və bunu prezident son çıxışında qeyd edib: “Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir...”

Doğrudan da, müharibə bitəndən sonra Azərbaycan tərəfinin qətiyyətini və gücünü bilə-bilə 100-dən artıq silahlının sözügedən əraziyə göndərilməsi böyük ehtimalla Paşinyan hökumətinə yox, onun opponentlərinə sərf edən addımdır.



Ən azından ona görə ki, bu addımın nəticələrindən ən çox ziyan görən məhz Ermənistanın hazırkı hakimiyyətidir və ermənilər iddia edirlər ki, Azərbaycan tərəfi gözlənilən danışıqlarda həmin sialhlılardan təzyiq vasitəsi kimi istifadə edəcək. Göründüyü kimi, bu məsələdə də tərəflərin müzakirə etməli olduğu ciddi məqamlar var.

Nəhayət, Azərbaycanda ən çox müzakirə olunan və narahatlıq yaradan məsələlər – Laçın koridoru, sülhməramlıların fəaliyyəti, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin tərkisilah edilməsi. Hər halda bu məsələlərin müzakirəsilə bağlı nə erməni, nə də Rusiya mətbuatında bir şey deyilməsə də, qeyd etdiyimiz istiqamətlərdə çoxlu sayda açıq qalan suallar, ciddi müzakirələrə ehtiyacı olan məqamlar var.

Əslində, ölkə başçısının son çıxışı həm də Azərbaycanda sülhməramlıların fəaliyyətini və Rusiyanın regiona gəlişini dördəlli müdafiə edən bəzi məlum qüvvələrə cavab oldu. Prezident dolayısı ilə sülhməramlıların onlara həvalə olunmuş missiyadan kənara çıxdığına eyham vurdu və narazılığını gizlətmədi: “Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq...

İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var?... İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib... Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var?...



Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq...”

Hamıya məlumdur ki, istər Fransanın, istər Ermənistanın rəsmi nümayəndələrinin, istərsə də hansısa digər ermənipərəst provakatorların Qarabağın işğalda qalan ərazisinə gəlişi Rusiya sülhməramlılarının icazəsi olmadan mükün deyil. Ölkə başçısı da çıxışında məhz bu məqamı xüsusi vurğu ilə qeyd etdi.

Deməli, hakimiyyət cəmiyyətimizdəki narazılığı bilir və prezidentin istər sülhməramlılara iradı, istərsə də Ermənistana xəbərdarlığı bu problemlərin həllinə çalışıldığının göstəricisidir. Bu baxımdan gözlənilən üçtərəfli görüşdə qeyd olunan narazılıqların mənbəyini təşkil edən məsələlərin də müzakirəyə çıxarılması olduqca vacibdir və böyük ehtimalla bu məqamlara mütləq toxunulacaq...
Sonda bütün qeyd olunanlar onu deməyə əsas verir ki, əgər üçtərəfli görüş baş tutarsa, böyük ehtimalla, əvvəldə qeyd olunduğu kimi, 10 noyabrdakı razılaşmaya uyğun və daha konkret, anlaşılan müddəalara əsaslanan hansısa ciddi hüquqi sənəd imzalanacaq.

Ümid edək ki, həmin sənəd Azərbaycanın mənafelərinə uyğun olacaq və açıq qalmış bəzi suallara aydınlıq gətirəcək. Çünki buna nail olmaq üçün Azərbaycanın potensialı, eləcədə kifayət qədər münbit siyasi və tarixi şərait mövcuddur...

Cəlal Məmmədovскачать dle 12.1