Bia.Az

PAŞİNYANI TƏHQİR EDİB, KOÇARYANLA SARQSYANIN “ZURNASINA OYNAYANLAR”... - Azərbaycan və Ermənistandakı “beşinci kolon”ların mövqeləri üst-üstə düşür

Gündəm
 23-12-2020, 11:23     275

Bəzi yerli KİV-lərimiz Robert Koçaryanla Serj Sarqsyanın Azərbaycana qarşı törətdikləri hərbi cinayətləri, vəhşilikləri bir kənara qoyub, Paşinyanı “yıxıb-sürüməklə”, ələ salmaqla, lağa qoymaqla məşğuldurlar. Əslində, bu mətbu orqanlar bilərəkdən, yaxud bilməyərəkdən məhz Rusiyanın, eləcə də Ermənistanda hazırda hakimiyyətə gəlmək istəyən əvvəlki quldur-revanşistlərin əlinə oynayır, onların təbliğatını aparırlar.

Vaxtilə qatı müxalif mövqe sərgiləyən, sonradansa Ramiz Mehdiyevin özünün də etiraf etdiyi kimi “satın aldığı” və bu üzdən “istiqamətini dəyişən” bu KİV-lərin bəzilərinin hələ də “beşinci kolon”un təsiri və himayəsi altında olduğunu nəzərə alsaq, daha çox Rusiya və onun Ermənistandakı qulbeçələrinin təbliğatına uyğun mövqe sərgiləmələri təsadüfi görünmür. Belə çıxır ki, Azərbaycan və Ermənistandakı “beşinci kolon”ların mövqeləri üst-üstə düşür...
Son günlər Ermənistanda Paşinyana qarşı etiraz aksiyalarının güclənməsi istiqamətində addımlar atılması, eləcə də Zəngəzur bölgəsində, Sünik rayonunda Azərbaycanla sərhədlərin demarkasiyasına etiraz olaraq, ermənilərin yolu bağlaması kimi hadisələr yaşanır. Həmçinin, Sünikdəki kilsədə keşişin Paşinyana qarşı təhqiredici davranışı, az qala onu kilsədən qovmasının da şahidi olduq.
Bütün bunların konkret olaraq, Ermənistandakı Rusiya əlaltılarının maraqlarına xidmət etdiyi gün kimi aydındır. O da qeyd olunmalıdır ki, məsələn keşişlə bağlı məlum epizodu ən çox manşetə və müzakirəyə çıxaran və Paşinyanı ələ salan məhz Rusiyanın layihəsi olan bəzi erməni KİV-ləridir.
Ancaq maraqlıdır ki, Azərbaycanda da mətbu orqanların, hətta politoloqların da bir qismi bilməməzlikdən, yuxarıda qeyd etdiyimiz hissəsi isə bilərəkdən bu tip məsələləri çox qabardır, Paşinyanı rəzil, miskin durumda göstərib, ona müxalif olanları isə daha samballı təqdim etməyə çalışırlar.

Hansı ki, məsələn elə həmin keşişin Paşinyanın əlini sıxmamasının səbəbi baş nazirin Azərbaycanla sərhədlərin demarkasiyasına razılıq verməsi və Zəngilanın bir neçə kəndindən ermənilərin çıxmağa məcbur olmasıdır. Belədə sual yaranır ki, bunların hansı bizim üçün daha zərərlidir – Paşinyan, yoxsa elə həmin keşişin timsalında Azərbaycanın heç bir haqqını tanımaq istəməyən müxalifət?...
Doğrudur, Paşinyan Şuşada atlanıb-düşməklə xalqımızın, dövlətimizin heysiyyatı ilə oynadı, başından böyük qələtlər elədi, danışıqlar prosesini dalana dirədi və sair. Ancaq buna görə cavabını da aldı, cəzasını da çəkdi.
Paşinyanı, yaxud hansısa digər “yanı” müdafiə etməkdən uzağıq, bizim üçün sırf milli davamız və torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşımızda Nikol Paşinyanla Serj Sarqsyan və Robert Koçaryanın elə bir ciddi fərqi yoxdur. Və təbii ki, 44 günlük müharibədə Azərbaycan əsgərini hədəf alan erməni birləşmələrinə, həmçinin, yəqin ki, Gəncə və Bərdənin bombalanmasına da məhz Paşinyan əmr verib.
Ancaq bu müharibə dövründə İrəvanda Koçaryan-Sarqsyan cütlüyü və onların tör-töküntüləri hakimiyyətdə olsaydılar, onlar Paşinyandan da betər şərəfsiz və insanlıqdan kənar əməllərə, hərbi cinayətlərə əl atardılar. Onlar öz “məharətlərini” 1990-cı illərdə bu münaqişəni alovlandırmaqla, Qarabağda törətdikləri çoxsaylı vəhşiliklərlə, Xocalı qətliamıyla və s. artıq sübut ediblər. İndi də hakimiyyətə gəlmək istəyənlər məhz həmin bu hərbi cinayətkarlar, uşaq qatilləridir.

Bizim ölkə başçısının da dediyi kimi, “Paşinyan heç kimdir”. Prezident də Azərbaycanın məğlub etdiyi ordunun Koçaryanla Sarqsyanın ordusu olduğunu və Azərbaycana qarşı ən qatı cinayətlərin məhz onlar tərəfindən törədildiyini söylədi. Deməli, “İlanın başı” əslində, Koçaryan və Sarqsyan, eləcə də onların məlum havadarlarıdır.
Bütün bunları bilə-bilə Azərbaycanda kimlərinsə yenə də Moskvanın xoşuna gəlmək üçün Ermənistandakı siyasi proseslərə rusiyapərəst erməni müxalifətinin, sarqsyanların, koçaryanların maraqlarına uyğun şərhlər verməsi, onların “zurnasına oynaması”, Paşinyanı isə artıq “siyasi meyid” kimi təqdim etməsi düşündürücüdür. Təbii ki, Ermənistanda nə baş verməsindən asılı olmayaraq, Azərbaycan tədbirli olmalı, daha da güclənməli və arxayınlaşmamalıdır.

İrəvan küçələrində baş verənlərə gəlincə isə dekabrın 22-də müxalifətin ən izdihamlı aksiya olaraq planlaşdırdığı mitinqə çox az adamın toplaşdığını görürük. Bunu həmin aksiyadan təqdim etdiyimiz foto da təsdiqləyir. Bu, o deməkdir ki, ermənilərin böyük hissəsinin heç də Koçaryan-Sarqsyan cütlüyündən ötrü ürəyi getmir. Deməli, Paşinyanın tezliklə hakimiyyətdən gedəcəyinə dair tam əminliklə nəsə söyləmək çətindir və deyəsən, “bu xəmir hələ çox su aparacaq”.

C.Məmmədovскачать dle 12.1