Bia.Az

ERMƏNİSTAN ORDUSU QARABAĞDAN NİYƏ ÇIXMIR? – Separatizm bitməmiş “sülhməramlı problemi”?...

Gündəm
 18-12-2020, 14:25     380

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr razılaşması hər gün daha çox pozulur. Dağlıq Qarabağdakı sülhməramlıların separatçı ermənilərə dəstəyi genişlənir. Son məlumatlara görə Rusiya bölgədə 8 min evin tikintsini həyata keçirəcək, habelə, ermənilər bu günlərdə Moskvanın verdiyi 54 vaqon növbəti humanitar yardımı qəbul edəcəklər. Paralel olaraq erməni qaçqınları sülhməramlıların himayəsi altında geri qaytarılır. Son məlumatlara görə 40 mindən artıq şəxsin Dağlıq Qarabağa köçürülməsi təmin edilib.

Üçtərəfli bəyanatın pozulması bununla yekunlaşmır, Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmaması, Rusiyanın bu məsələdə sakit qalması Azərbaycan cəmiyyətinin əsəblərini tarıma çəkib. Razılaşmanın 4-cü bəndində göstərilir ki, bölgədəki erməni hərbçiləri çıxarılır, paralel olaraq təmas xəttinə Rusiya sülməramlıları yerləşdirilir. 10 noyabr tarixindən 5 həftə ötsə də başıpozuq dəstələrin əraziləri tərk etməsi əvəzinə atəşkəs pozulur, Azərbaycan Ordusunun bölmələrinə qarşı hücumlar həyata keçirilir. Nəticədə 4 hərbçimiz şəhid olub, 3 nəfər yaralanıb. Erməni yaraqlılalıqın bir hissəsi məhv edilib, 100-ə yaxınının da əsir düşdüyü xəbər verilir.
Dünən Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi hərbi cinayətkar Arayik Arutyunyan bildirib ki, əsas prioritetləri, "Artsax özünü müdafiə ordusunun" gücləndirilməsi, bölgənin müstəqilliyinin beynəlxalq səviyyədə tanıdılmasıdır. O, Avropa ölkələrinə, beynəlxalq təşkilatlara müraciət edərək Rusiyanın humanitar dəstəyindən nəticə çıxarmağa çağırıb.
Əlbəttə, onun cinayətkar personası, istinad etdiyi "xalq", "müdafiə ordusu" Azərbaycan üçün əhəmiyyət daşımır və başdan ayağa blefdir. Məsələ burasındadır ki, Rusiya sülhməramlılarının əhatəsində özünü rahat hiss edən A. Arutyunyanın bu cəfəngiyyatlarına Moskva reaksiyasız qalır. 

Üstəlik, sülhməramlıların komandiri general Muradov onunla qucaqlaşıb nümayişkəranə şəkildə poz verir. Separatçı cinayətkarın dedikləri, rus generalının ona mərhəm münasibəti 10 noyabr razılaşmasının artıq işləməməsindən xəbər verir. Erməni silahlıları qalırsa, Rusiya da buna susursa, razılaşmada əks oldunuğu kimi azərbaycanlıların Dağlıq Qarabağa köçürülməsi mümkün olmayacaq.
Rusiya prezidenti Vladimir Putinin bugünki mətbuta konfransında bu barədə açıqlaması baltanı kökündən vurmağa bənzəyib. 
Kreml sahibi deyib ki, üçtərəfli sazişə görə, Azərbaycan və Ermənistan tərəfləri tutduqları yerdə qalacaqlar. Yəni erməni silahlı qüvvələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qalmağa davam edəcək. Dağlıq Qarabağın statusu isə “gələcəyin məsələsidir”.

Azərbaycan hökumətindən, parlament üzvlərindən Rusiyaya qarşı narazılıqların səsləndirilməyə başlaması Bakının səbr kasasının dolduğunu göstərir. Azərbaycan rəhbərliyi ləngimədən üçtərəfli razılaşmanın icra olunmasını istəyir. Bu məsələdə üzərinə düşən öhdəlikləri hətta böyük güzəştlər daxilində yerinə yetirir. 
Məsələn, Rusiya üçün bütün kommunikasiyalar açılıb, sülhməramlılara lazım olan yüklər, habelə Rusiyanın Dağlıq Qarabağa göndərdiyi yardımlar Azərbaycana hava, dəmir yolu vasitəsi ilə gətirilir, buradan Xankəndinə yola salınır.
Bunun qarşılığında Azərbaycan üçün kommunikasiyalar hələ ki, açılmayıb. Tərtər - Ağdərə yolu erməni silahlı birləşmələrinin nəzarətindədir, Azərbaycan Ordusu, hüquq-mühafizə orqanları Kəlbəcərə Daşkəsən üzrərindən çətin, təhlükəli dağ yolu ilə getməyə məcburdur. Bu yol qış və yaz fəsillərində güclü qar yağması səbəbindən çox vaxt bağlı olur.


Bu günlərdə yalnız Zəngilan və Qubadlının Ermənistanla sərhədlərindəki kəndlərin boşaldılıb təhvil verilməsi prosesinə start verilib. Bir neçə kənddən ermənilər köçürülür və sovet dövrünün xəritəsinə uyğun olaraq sərhəd xətti delimitasiya edilir.
Beləliklə, Azərbaycan üçün mürəkkəb şərait yaranıb. Amma vəziyyəti çıxılmaz da adlandırmaq olmaz. Bütün problemlərin Rusiya rəhbərliyi ilə açıq müzakirə olunması vacibdir. Əgər bölgənin silahsızlaşdırılması baş tutmursa, antiterror əməliyyatlarının keçirilməsi labüddür. Bu əməliyyatların Xocavəndin Çaylaqqala, Köhnə Tağlar kəndində nə qədər effektli olduğu açıq göründü.

Əgər, məsələ son həddə çatmayıbsa, dialoq, danışıqlar yolu ilə problemlərin həlli mümkün olacaqsa, Azərbaycanın hökumət qurumları, xüsusən, hüquq mühafizə orqanları bütün Dağlıq Qarabağın ərazilərinə müntəzəm səfərlər etməli, vəziyyəti kontrolda saxlamaq üçün tədbirlər görməlidirlər. 
Hazırda Azərbaycan rəhbərliyi bu məsələdə qətiyyət nümayiş etdirir. Rəsmi açıqlamalardan sezilir ki, Moskva ilə gərgin müzakirələr aparılır. Proseslərin inkişafından asılı olaraq Türkiyənin də iştirakının təmin olunması vacib görünür.
Elçin Rüstəmliскачать dle 12.1