Bia.Az

Qərb topun lüləsini Bakıdan Ankaraya çevirir? – İstanbuldakı hücumun gizlinləri…

Gündəm
 30-01-2024, 01:23     189

Ötən gün Türkiyənin İstanbul şəhərində italyan “Santa Mariya” kilsəsinə edilən silahlı hücumla bağlı bəzi qaranlıq məqamlar sual doğurub.

1 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra kilsənin girişinə böyük Türkiyə bayrağının asılması da müzakirələrə səbəb olub. Hücumun son zamanlarda Türkiyə ordusunun sərhəd bölgələrində terror qruplaşmalarına qarşı əməliyyatlar həyata keçirdiyi zamanda baş verməsi isə xüsusi diqqət çəkib. Həmçinin hadisənin Qəzza zolağında davam edən müharibə fonunda ölkənin müsəlman və xristian inanclarına sahib əhalisi arasında müəyyən fikir ayrılıqları səbəbilə də baş verə biləcəyi ehtimal olunur.

Bəs “Santa Mariya” kilsəsinə hücumun arxasında hansı qüvvələr dayanır?

Tural İsmayılov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, hadisənin törədilməsində əsas məqsəd başqadır:
“Türkiyənin regional gücdən qlobal gücə çevrilməsi anti-türk dairələri və müəyyən beynəlxalq gücləri ciddi şəkildə narahat edir. Həmin qüvvələr narahatlıqlarını hansısa formada ifadə etmək üçün bu kimi yollara əl atırlar. Ümumiyyətlə son dövrlərdə Türkiyənin ictimai-siyasi sabitliyin yüksək səviyyəyə çatdığı bir ölkə halına gəlməsi, ölkə sərhədlərində və beynəlxalq aləmdə qlobal terrorizm şəbəkələrinə qarşı apardığı uğurlu əməliyyatlar bu dövləti istəməyən qüvvələrin narahatlığına səbəb olur. Bu səbəblə hesab edirəm ki, PKK və FETÖ-yə bağlı olan müəyyən dairələr Türkiyə daxilində ibadət yerlərini, kilsələri, fərqli inanclardan olan insanların toplaşdığı məkanları hədəf seçərək ölkədə çaxnaşma, xaos yaratmaq istəyirlər. Eyni zamanda Türkiyənin beynəlxalq müstəvidə imicinə zədə vurmağa çalışırlar”.

Politoloq hücumun sərhəddə keçirilən əməliyyatlar fonunda baş verməsinin təsadüf olmadığını deyib:

“Bu hadisənin arxasında da məhz Türkiyəyə qarşı ənənəvi hücumları həyata keçirən qlobal terrorçu şəbəkələr dayanır. Bunu sıradan bir hadisə hesab etmirəm. Məhz kilsənin seçilməsi, insanların ibadəti zamanı basqının olması ilə sanki Ankaranın təhlükəsizliklə bağlı problemlərinin olduğu kimi bir mənzərə yaratmağa çalışırlar. Hadisənin Türkiyə ordusunun terror qruplaşmalarına qarşı xüsusi əməliyyatlar həyata keçirdiyi zamanda baş verməsi təsadüf deyil. Ankara hücumun arxasında dayanan şəxsləri tez bir zamanda üzə çıxaracaq gücdədir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kilsəyə edilən hücumu pisləyib. Hadisəni törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hazırlanan illik hesabatının Azərbaycana aid hissəsində əsassız, qərəzli iddialar yer almış, dövlət katibi Entoni Blinken bu mövzu ilə bağlı Azərbaycandakı vəziyyəti izlədiklərini bildirmişdi.скачать dle 12.1