Bia.Az

"20 Yanvar faciəsinə siyasi qiymət verilsə də, hüquqi qiymət verilməyib və cinayətkarları cəzasız qalıb"

Gündəm
 20-01-2024, 15:58     298

Azərbaycanın qəhrəmanlıq salnaməsinə, tarixinə daxil olan hadisələrdən biri də “20 yanvar” faciəsidir. Biz bunu faciə kimi yox, daha çox insanların azadlıq mücadiləsi və xalqın qəhrəmanlıq simvolu kimi qeyd etməliyik. Çünki rus hərbi maşını qarşısına əliyalın, silahsız bayraqla, çıxan xalqın oğul və qızlarını, heç nəyə baxmadan atəşə tutan və soyqırım törədən sovet ordusu bir daha göstərdi ki, azğınlaşmış bu rejimin sonuna az qalıb. Bəlkə də SSRİ-nin dağılmasına şərait yaradan səbəblərdən, hadisələrdən biri də “20 yanvar” hadisəsidir. Artıq bu hadisədən 34 il keçir…

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, hər il “20 yanvar” günündə bütün xalqımız “Şəhidlər xiyabanına” axın edərək öz qəhrəman oğul və qızlarının xatirəsini yad edir və bu şərəfli tarixi böyüməkdə olan gənc nəslə təbliğ edir: "Bu günü unutmaqla biz tariximizə çox böyük zərbə vurmuş olarıq. Bu hadisə həmişə yaddaşlarda qalmalı, dünya birliyi bu faciənin siyasi qiymət verilməsinə baxmayaraq hələ də hüquqi qiymət verilməməsini qınamalı və bu tarixi cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar".
Vüqar İskəndərov
 Vüqar İskəndərov

Deputat təəssüflə vurğulayıb ki, o dövrdə yarıtmaz hakimiyyət bunun üstündən sükutla keçərək, heç bir addım atmamışdır.

“Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qısa vaxt ərzində bu hadisələrə siyasi qiymət verilməsini təmin etmiş, bunun daha geniş arealda yayılmasına səbəb olmuşdu. “20 yanvar” hadisəsi postsovet məkanında ən qanlı tarixlərdən biridir. O zamanlar insanların silahsız, əliyalın tankların, silahların qarşısına çıxması, gözünü qırpmadan onların üstünə getməsi dünyada bir möcüzə kimi səslənirdi. Xəbər blokadalarının çox olması, məlumatın sızdırılmasına Sovet rejiminin mane olmasına baxmayaraq, dünyanın bir çox media qurumları bu hadisəni işıqlandırmış və Azərbaycan xalqı haqqında çox xoş sözlər söyləmişdilər. Qeyd edilmişdi ki, “bu xalq və onun övladları öz canlarını azadlıq mübarizəsi yolunda fəda etdilər”. Hətta Azərbaycan xalqı 90-cı illərdə “ilin xalqı”, “ilin ən qürurlu xalqı” və sair kimi adlara da layiq görülüb”-deyə deputat bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, ali baş komandanın rəhbərliyi altında şanlı ordunun və xalqın birləşməsi ilə təkcə azadlıq mübarizəsini yox, həm də öz suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tamamilə bərpa etmiş oldu.
“Biz dünyanın sözün əsl mənasında ən qürurlu xalqına və nüfuzlu dövlətinə çevrilmişik. Bu qələbələrin mayasında belə qanlı, amma şərəfli günlər durur. Bu hadisələr xalqın birləşməsinə, bütövləşməsinə səbəb olur və gələcəkdə qazanılacaq qələbələrimizə də bir növ təkan vermiş olur”-deyə deputat əlavə edib.скачать dle 12.1