Bia.Az

Ərdoğanın Atatürk siyasəti - Türkiyə hərbi bazaları Azərbaycanda?

Gündəm
 15-07-2023, 15:19     313

Xəzər sahillərində üç türk hərbi bazasının yerləşdiriləcəyi iddiası var; hərbi analitik: “Onsuz da Şuşa Bəyannaməsi var...”

“10 noyabr 2020-ci il tarixli bəyanat əslində Rusiya-Türkiyə razılaşmasının nəticəsi idi və onun simvolu Ağdam Monitorinq Mərkəzinin yaradılmasıdır”.

“Yeni Müsavat” xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan bölüşüb. “Bu bəyanat həm də Ermənistanda hakim ”Vətəndaş sazişi" partiyası üçün hakimiyyətinin təminatına çevrildi. Ermənistanın baş naziri Nikol Paşinyanın və partiyasının gücü Rusiya ilə Türkiyə arasında uzlaşmanın nəticəsidir", - deyə o iddia edib.

Stepan Danielyan: “Minsk qrupu bizim üçün qəbuledilən meydançadan daha çox  təhlükə mənbəyidir”

Lakin onun sözlərinə görə, bu kompromis artıq dağılmağa başlayıb. O, bunu "Azov" komandirlərinin Ukraynaya verilməsi ilə əlaqələndirir:

 "Ərdoğan Putinlə razılaşmanı pozdu. Bundan başqa, Türkiyə artıq Ukraynaya ağır artilleriya göndərilməsi imkanlarını müzakirə edir, İsveçin NATO-ya daxil olmasına razılıq verib, həmçinin Azərbaycanda, o cümlədən Xəzər dənizi sahillərində üç hərbi baza yerləşdirməyi planlaşdırır və s."

Erməni şərhçi hesab edir ki, Ərdoğan Atatürk siyasətini təkrarlayır, Rusiyadan mümkün olan hər şeyi alıb, orada da divident almaq üçün Qərbə üz tutur.

Danielyanın sözlərindən belə çıxır ki, “azov”çulara görə Ankara və Moskva arasında Güney Qafqazla bağlı kövrək anlaşma pozula, o sırada Ağdamdakı Monitorinq Mərkəzi ləğv edilə bilər.

Bu reallaşa bilərmi? Hərgah mərkəzin Azərbaycana hansısa faydasının olması haqda da konkret fakt yoxdur. Bəlkə elə ləğv olunsa, yaxşıdır? Başqa yandan, Ərdoğan doğrudanmı Atatürk siyasətini təkrarlayır? Azərbaycanın Xəzər dənizi sahillərində Türkiyənin üç hərbi bazasını yerləşdirməsi nə dərəcədə realdır? Ermənilərin bu iddiaları səsləndirməsi hansı faktlara söykənir? Çünki rəsmi mənbə yoxdur.

Amma o da var ki, hazırda rus-türk əlaqələrində soyuqluq müşahidə edilir. “Azov”çuların verilməsinin ardınca Vilnüsdəki NATO sammitində Ərdoğanın Qarabağdakı rus hərbi kontigentinin 2025-ci ildə gedəcəyini xatırlatması da münasibətlərdə gərginlik olduğuna işarədir.

Hərbi analitik Alp Arslan İmamqulu erməni ekspertin fikirlərini dezinformasiyaya oxşadır. Onun sözlərinə görə, Türkiyədən nə belə açıqlamalar var, nə də addımlar. Hərbi ekspert hesab edir ki, məqsəd Ankara-Moskva münasibətlərini korlamağa hesablanmış ola bilər: “Azərbaycanda türk hərbi bazalarının yerləşdirilməsinə nə ehtiyac var ki? Onsuz da Şuşa Bəyannaməsi mövcuddur, iki qardaş dövlət qarşılıqlı addım ata bilirsə, o zaman ermənilərin söylədikləri cəfəngiyyatdır. Bizim üçün türk hərbi bazalarının olması vacib deyil. Çünki türk zabitləri bura gəlir, o cümlədən bizim zabit və gizirlər Türkiyəyə gedə bilirlər, yəni qardaş ölkələrik. Hərbi bazaların olması çox da yaxın olmayan dövlətlər arasında istifadə edilən terminlərdir. Amma bizdə mühüm deyil. Necə ki, Nuru Paşa Bakını xilas edib, eləcə də bir gün Azərbaycan darda olarsa, türk ordusunun düşmənlərimizi məhv etməsinin qarşısını almağa heç kim əngəl ola bilməz. Ona görə də hərbi bazalar olmadan belə Türkiyə bizim yanımızdadır. Hərbi baza, dediyim kimi, çox da yaxın olmayan ölkələrin bir-biri ilə bağlı istifadə etdiyi fikirlər olur”.скачать dle 12.1