Bia.Az

Rusiya yenə araya girir - Azərbaycan-Ermənistan sülh danışıqlarına təhlükə?

Gündəm
 11-07-2023, 09:56     271

Moskva ilə təmaslardan sonra rəsmi İrəvan yenidən “val”ı dəyişib; Ermənistan rəhbərliyi status-kvonun davamında maraqlıdır; polkovnik: “Rusiya öz oyunlarını davam etdirməkdə israrlı görünür”

Ermənistanın destruktiv davranışları səbəbindən hələlik sülh sazişinin imzalanması mümkün görünmür. Sonuncu müharibədən artıq 3 ilə yaxın vaxt keçib, lakin “nə hərb, nə sülh” vəziyyəti qalmaqdadır.
Təbii ki, rəsmi İrəvan müxtəlif bəhanələrlə status-kvonun saxlanmasına cəhd edir. Bu məsələdə ona Fransa başda olmaqla, bir sıra ermənipərəst çevrələrin də lobbiçilik etdiyi heç kəsə sirr deyil. Azərbaycan Prezidenti heç də təsadüfən Qoşulmama Hərəkatının Bakı toplantısında Fransa prezidentinə ünvanlı sərt fikirlər söyləmədi. Dünyanın 100-dən artıq ölkəsindən gəlmiş iştirakçıların qarşısında Fransaya yerini göstərmək olduqca vacib idi və bu, baş verdi. Bundan əvvəl dövlət başçımız Ermənistandakı revanşizmi tətikləyən qüvvələrə də sərt xəbərdarlığını ünvanlamış, xüsusilə də Ermənistana “müşahidəçi missiyası” adı altında doluşan avropalı emissarları yerlərini bilməyə çağırmışdı. Vaşinqton və Brüssel formatında keçirilən danışıqlarda ümidverici nəticə əldə olunacağı barədə gözləntilər olduğu halda, avropalıların, bir sıra hallarda isə amerikanların özləri belə, destruktiv davranışları ilə kövrək prosesi zədələyirlər. Üstəlik, Rusiya həm bu vəziyyəti məmnunluqla izləyir, həm də fürsət düşən kimi, həm Ermənistan-Azərbaycan şərti sərhədində, həm də elə Qarabağın ermənilər mövcud olan ərazisində qeyri-stabil vəziyyətin hökm sürməsindən ötrü əlindən gələni edir.
Gələn həftə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçiriləcək. Azərbaycan liderinin mövqeyi sabitdir və prinsipialdır, Ermənistan Bakının masaya qoyduğu 5 şərtə sözsüz əməl etməlidir. Eyni zamanda 10 noyabr 2020-ci il bəyannaməsinə əsasən, kommunikasiyaların açılması, Qarabağdakı qanunsuz hərbi birləşmələrin ərazilərimizdən dərhal çıxarılması təmin olunmalıdır! Ancaq əgər N.Paşinyan Qarabağda Ermənistan hərbçilərinin olmadığını iddia edirsə, deməli, növbəti danışıqlardan da ciddi nəticə gözləməyə dəyməz. Paşinyan özü etiraf etmişdi Qarabağda 25 min hərbçisinin mühasirəyə düşə biləcəyini... Bundan sonra “bizim orada hərbçimiz yoxdur” demək öz-özünü təkzib etməkdir. 
Bəllidir ki, Brüssel və Vaşinqton platformaları bir-birini hələlik nisbətən uğurlu şəkildə tamamlayan Qərb sülh meydançaları kimi qəbul edilir və ən əlverişlisi sayılır. Əsas hədəf iki qonşu arasında çərçivə sənədinin imzalanmasına nail olmaqla Rusiyanın bölgədə hərbi mövcudluğuna ehtiyacı aradan qaldırmaqdır. Bu da Qərblə kəskin qarşıdurma vəziyyətində olan Rusiyanı, yumşaq desək, rahatsız edir. Hərçənd Brüssel-Vaşinqton tandemi hələlik sanballı irəliləyişə, uğura nail ola bilməyib. Bu da ilk növbədə erməni tərəfinin destruktivliyi, İrəvanın israrla “Qarabağ şərti”ni masaya daşımaq istəyi ilə bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə gözlənilən Brüssel görüşü haqda danışarkən bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmaya hazır deyil, çünki bunun üçün şərait yetişməyib. “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”, - deyə o qeyd edib.
Rusiya isə belə görünür ki, ənənəvi, xoş məram güdməyən ampluasında qalır. Xəbər verildiyi kimi, iyulun 7-də - liderlərin Brüssel görüşü (21 iyul-red.) ərəfəsində Rusiya və Ermənistan xarici işlər nazirlərinin müavinləri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini müzakirə ediblər. Erməni mediasının məlumatına görə, Mixail Qaluzin və Vahe Gevorkyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişatını təhlil edərək, normallaşmanın bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Görüş zamanı diplomatlar arasında Laçın yolunda və bütövlükdə Qarabağ ətrafındakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.
Ötən cümə axşamı isə Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bildirdi ki, Azərbaycan-Ermənistan danışıqlarında Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana gedəcək. Onun sözlərinə görə, səfər tərəflər arasında mövqelərin yaxınlaşmasına kömək edəcək. Ancaq Zaxarova konkret tarix açıqlamayıb. Böyük ehtimalla, Xovayev 21 iyuladək regiona təşrif buyuracaq. Ancaq maraqlıdır, nə ilə, hansı təkliflərlə?
Reallıqlar ortadadır: Rusiya “sülhməramlı” kontingentinin Qarabağdakı davranışları, separatçılara açıq dəstəyi yenə rəsmi Moskvanın Bakı və İrəvan arasında sülh sənədi imzalamasında maraqlı olmadığını göstərir. Hətta Kremlin Qarabağda Bakıya qarşı yeni təxribat hazırlığı içində olduğu haqda iddialar var. İyulun 6-dakı brifinqdə isə Zaxarova “Moskva Bakını Laçın dəhlizini açmağa və dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırır” demişdi. “Moskva atəşkəs rejiminin pozulması və Laçın dəhlizinin blokadasının artması hallarından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək”, - Rusiya XİN sözçüsü az qala hədələyici tonda əlavə etmişdi. Odur ki, əsas sual açıq qalır: Rusiya danışıqları imitasiya eləməklə və ya özünü “ən ədalətli vasitəçi” kimi göstərməyə çalışmaqla nəyə nail olmaq istəyir? Ən əsası, bu imitasiya daha nə qədər sürəcək?
Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube
Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Rusiyanın oyunbazlığına diqqət çəkdi: “Son baş verən olaylar və bizi hiddətləndirən bəzi hadisələr onu deməyə əsas verir ki, qarşıdakı dönəmdə Azərbaycanı çox çətin günlər gözləyir. Davamlı təxribatlar, ardıcıl şəkildə qırmızı xətləri keçən hərəkətlər Rusiyanın danışıqlar prosesinə maksimum əngəllər yaradacağının, bundan sonra da təxribatçı hərəkətlərə əl atmaqda davam edəcəyinin təsdiqidir. Təkcə Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın Putinə məktubu və Paşinyanla telefon danışığından sonra baş verən çoxsaylı hadisələr rusların hansı xain plana meyl etdiklərini bir daha göstərir. Onlar Qərb və Avropa platformalarında olan və gözlənilən növbəti danışıqları sıfırlamaq üçün bundan sonra da var gücləri ilə fəaliyyət göstərəcəklər”. Hərbi ekpsert digər fakta da diqqət çəkdi: “Rusiyanın necə riyakar və həyasız olduğunu bu ölkənin XİN rəsmisinin sonuncu bəyanatlarında da görmək olur və qarşıdakı dönəmlərdə vəziyyətin daha da gərginləşdiriləcəyinin fərqindəyəm. Bu gedişlə Rusiya öz oyunlarını davam etdirməkdə israrlı görünür. Beləliklə, Kreml 2025-ci ildən sonrakı dönəmlərdə də bölgədə qalması üçün fəaliyyət dairəsini daha da genişləndirir. Bayraq olayının (Laçın sərhəd buraxılış məntəqəsi yaxınlığında rus hərbçilərin vandal davranışından söhbət gedir) üzərindən sükutla keçilməsi isə onu deməyə əsas verir ki, bu tip təxribatların sayı ruslar tərəfindən daha da artırılacaq. Nə qədər pessimist səslənsə də, bizi hələ qarşıda çox narahatedici günlər gözləyir”.
Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA
Akif Nağı 
Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab edir ki, Rusiya nəyin bahasına olursa-olsun Qərbin təşəbbüsü ilə gedən prosesləri pozmağa çalışır: “Bunun üçün hələ ki bəyanatlarla kifayətlənirlər, amma fərqli təxribatlara gedə bilərlər. Qarabağdakı terrorçu qruplar fəallaşıb. Son təxribatlatı zamanı hətta kvadrokopterdən də istifadə ediblər. Bunu onlara ancaq ruslar çatdıra bilərdilər. Amma Rusiyanın Ukrayna ilə yanaşı, burada ikinci cəbhə açmaq istəyi müşahidə olunmur. "Sülhməramlılar"ın komandanı Lentsovun Xankəndi “şikayətçilər”ini sərt ifadələrlə yola salması da dediklərimizi təsdiq edir". A.Nağının əminliyi var ki, terrorçuların ciddi hadisə törətmək üçün elə bir qüvvələri yoxdur: “Kreml hələlik diplomatik yollarla Azərbaycanın mövqeyinə təsir etmək yolunu tutub. Zaxarovanın bir az hikkəli danışması onların gücündən yox, proseslərə nəzarət imkanlarının zəifləməsindən irəli gəlir. Xüsusi nümayəndə Xovayev də Bakıya Kremlin xahişini və ola bilər ki, vədlərini gətirsin. Bu vədlər daha çox Zəngəzur dəhlizi ilə əlaqəli olacaq. Hər halda, istər Qərb, istərsə Rusiya tərəfindən olan təşəbbüslərlə bağlı bizi narahat edən vaxt amilidir. Biz vaxtın uzadılmasına imkan verməməliyik. Əsas məsələ budur”.
Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu
Məhəmməd Əsədullazadə 
Politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda intensivlik davam edir: “Moskva prosesləri ilk gündən Qarabağda silahlı erməni birləşmələrinin vasitəsilə nəzarətdə saxlamağa çalışdı. Eyni zamanda Azərbaycan bayrağı endirildi. Üstəlik, rəsmi Moskvadan Azərbaycanı təhdid edəcək açıqlamalar verilir. Qeyd edim ki, Qərbin vasitəçiliyi və Rusiyanın imitasiya xarakterli gedişləri yeni mərhələyə keçir. Rusiya bundan sonra açıq şəkildə Azərbaycana qarşı təxribatlara əl atacaq”. Ekspert bildirdi ki, Türkiyə və Rusiya arasında da soyuq küləklər əsir: “Bu "küləklər"in təsiri regionda hiss ediləcək. Düşünürəm ki, Rusiyanın təxribatlarına qarşı Azərbaycan sülhməramlı qüvvələrinin çıxarılmasını tələb etməlidir. Qərb burada bizim müttəfiqimizdir. Rusiya, ümumiyyətlə, sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Yəni özünün vasitəçiliyi ilə də getmək istəmir. Ona görə də Moskvanı prosesdən uzaqlaşdırmalıyıq".
M.Əsədulla vurğuladı ki, Ermənistanın baş naziri Nikol Paşinyan siyasi iradə ortaya qoyarsa, Moskvanın mövqeyi kifayət qədər zəifləyəcək: “Düşünürəm ki, Rusiyanı prosesdən Türkiyə-Azərbaycan tandemi kənarlaşdıra bilər. Rusiya getdikcə aqressivləşəcək. Azərbaycan da geri addım atmamalıdır. Silahlı erməni birləşmələrinə qarşı əməliyyatlar həyata keçirməklə Rusiyanın rıçaqlarını neytrallaşdırmalıdır. Çünki proseslər Azərbaycanın leyhinə işləyir. Sülh müqaviləsi bağlansa, məsələlər bitəcək. Ona görə də danışıqlar davam etməli və paralel olaraq ABŞ da Ermənistana təzyiqlər etməlidir”.
Ümumiləşdirsək, Paşinyan Moskvaya telefon açandan və Rusiya-Ermənistan XİN təmsilçilərinin danışığından sonra rəsmi İrəvan yenidən ritorikanı - “val”ı dəyişib. Üstəlik, Ermənistanda radikalların açıq şəkildə Paşinyanı üsyanla, terrorla təhdid etməsi də danışıqların tezliklə sülh sazişinə aparacağını söyləməyə imkan vermir. Azərbaycanın səbri isə tükənməz deyil!//“Yeni Müsavat”скачать dle 12.1