Bia.Az

Bayden çimərliyə getdi, azərbaycanlılar “ovunmur”…

Gündəm
 10-07-2023, 13:23     264

ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill və 22 yaşlı nəvəsi Finneqan ilə Delaverdəki evinin yaxınlığında ictimai çimərlikdə istirahət etməsi azərbaycanlı bəzi sosial şəbəkə istifadəçiləri arasında geniş səs-küy yaradıb: ABŞ demokratiyasına, sadə və kasıb Baydenə vurğunluq, dünyanın bu nəhəng ölkəsinə qarşı aşırı sevgi fantan vurmağa başlayıb.
Bunu “qurama” adlandırmağa çalışanlara da “dərs verilib”: yəni heç bir qurama-zad yoxdur, CİA, FBİ, Məxfi Xidmətlik-zad deyilmiş və s.
Ötən əsrin 90-cı illəri, ABŞ demokratiyasına fanat bağlılıq, ideallaşdırma, ABŞ ədalətinə hüdudsuz inam dövrünü xatırladım. Doğrudanmı Minsk Qrupunun həmsədri olan ABŞ-ın 30 ildə Azərbaycanla bağlı danışıqlarda tutduğu mövqe, 907-ci düzəliş, İraqa “kimyəvi silah” bəhanəsi ilə Səddamı tutub asmağı, İraqı qan gölünə çevirməsi, Afrikaya milyardlarla dollarlıq su layihəsini gerçəkləşdirməklə, qara qitəni əsas bəladan və ən təsirli rıçaqdan xilas etməyə çalışan Qəzzafinin qətlə yetirilməsi və Liviyanın xarabaya çevrilməsi, dünyanın çeşidli ölkələrindəki ədalətsizliklərdə ABŞ demokratiyasının oynadığı rol hələ də azərbaycanlı gənclərin gözünü açmayıb?
Əlbəttə, ABŞ qüdrətli ölkədir; əlbəttə, dünyanın ən böyük gücüdür; əlbəttə, ölkəsində ciddi demokratiya var. Ancaq doğrudanmı bizim sosial şəbəkə istifadəçiləri elə hesab edir ki, gündə bir neçə ştatda əlinə “qanuni silahını” alıb, sağa-sola güllə yağdırmaqla kefi istəyəni qətlə yetirməyə qalxanların olduğu ABŞ-da ölkənin prezidenti ictimai çimərliyə gedir və bu, əvvəlcədən hazırlanmış ssenari olmur? Doğrudanmı elə düşünürsünüz ki, dünyanın bir nömrəli gücünün rəhbəri qəfildən ictimai çimərliyə gedib, istirahət edə bilər?
“Deyli Meyil” həmin xəbərdə birbaşa yazır ki, Prezidenti Məxfi Xidmətin əməkdaşları “addım-addım” izləyib – görüntülərdə də Co Baydenin yanında, böyür-başında qoruyucuların olduğu kadrlar var – amma bizim bəzi sosial şəbəkə istifadəçiləri bunu görmür.
Co Bayden ABŞ-da ən kasıb siyasətçilərdən biri imiş – sosial şəbəkələrdə də bu yöndə təbliğata uyurlar.
Əzizlər, əvvəla, ABŞ və ümumiyyətlə dünyanın əksər ölkəsində siyasətlə kasıblar məşğul olmur. Siyasət – hər zaman varlıların peşəsi olub.
İkincisi, “Deyli Meyil”in həmən xəbərində xüsusi olaraq vurğulanır ki, həmin ictimai çimərliyin yanındakı villanı Co və Cill Baydenlər 2017-ci ildə 2,74 milyon dollara alıblar. Xəbəri sona qədər oxuyun, görün, bu kasıb Baydenin nələri var da!
Üçüncüsü, xəbərdə xüsusi vurğulanır ki, ictimai çimərlikdə istirahət edənlər Baydenin orda olmasına heç bir əhəmiyyət verməyiblər və bunu adi qarşılayıblar. Yəni bu, heç nə demir? “İctimai çimərlikdə olanların” bu qədər laqeydliyinin səbəbi aydın deyil? Yoxsa elə bilirsiniz ki, bu yekəlikdə nəhəng ölkənin prezidentini indiki qarışıq dövrdə ictimaiyyətin içinə atacaqlar və onu təhlükə ilə üz-üzə qoyacaqlar?
Deyəsən, ABŞ-ın prezidentlərini necə qoruduğu haqda məlumatlara qəti inanmaq istəmirsiniz.
Co Baydenin ideal demokrat, təmiz, kasıb, vicdanlı siyasətçi olmasına gəlincə… Oğlu Hunter 2014-cü ildə narkotik – daha doğrusu, heroinə görə ordudan qovulub. Bu qovulmanın ardınca onun Ukraynada qaz biznesinə girişdiyi, böyük qaz şirkətinin idarə heyətinin üzvlüyünə qəbul olunduğu, bundan milyonlarla pul qazandığını… təkcə Donald Tramp demir, Hunterin 2015-ci ildə 3 uşağını ataraq, ayrıldığı Ketlin Buhlenin kitabında oxuya bilərsiniz. Buhle keçmiş həyat yoldaşı Hunterin Çin və Ukrayna ilə qeyri-şəffaf ticarət əlaqəsi olduğunu və əxlaqsız həyat tərzini onların pulu ilə maliyyələşdirdiyini yazmışdı. Böyük qardaşı xərçəngdən öldükdən sonra Hunterin onun həyat yoldaşı ilə münasibəti də üzə çıxmışdı.
Hanterin silah, narkotik və qızlarla intim fotolarını, habelə yetkinlik yaşına çatmayanlarla əxlaqdankənar hərəkətlərini əks etdirən görüntüləri ABŞ mediası yayıb: avtomobil idarə edərkən narkotik istifadə etməsi, Las-Veqasa səfər zamanı “Porşe”ni saatda 276 kilometr sürətlə idarə etməsi, kompüterindəki əxlaqsız həyat tərzinin porno-saytların materialına çevrilməsi – saymaqla bitməyən faktlardır. Amma ABŞ demokratiyası, ali hüququ, hər kəsin bərabər olduğu cəmiyyət narkotik, korrupsiya, qanunsuz qazanclara görə Hunteri mühakimə etməyə cəsarət etməyib.
Hunterlə bağlı mümkün vergi fırıldaqçılığı, çirkli pulların yuyulması və lobbiçilik cinayətlərinə görə Delaver ştatının federal orqanları tərəfindən araşdırma aparılırdı. Neçə il keçib? Noldu o “araşdırmanın” sonu?
Əlbəttə ki, ABŞ demokratiyasından öyrənməli çox cəhətlər var; əlbəttə ki, Azərbaycanda demokratiya inkişaf etməlidir. Ancaq ABŞ-ı ideallaşdırıb, ədalət simvolu kimi pərəstiş etməyi bitirin.
Bu dövr 30 il əvvəl keçdi – onda sərhədlər yeni açılmışdı və biz dünyanı olduğu kimi deyil, görmək istədiyimiz kimi görmək istəyirdik.скачать dle 12.1