Bia.Az

Qərb Rusiya ilə Gürcüstanda da savaşmaq istəyir? - Narışkindən təhlükəli açıqlama

Gündəm
 6-04-2023, 09:58     374

Azərbaycanı da təhdid edən növbəti ssenari işə salınır?; ekspertlərdən ilginc açıqlamalar: “Bizim regionda vəziyyətin yenidən gərginləşdirilməsi tamamilə mümkündür”; “Azərbaycan təhlükəli sütuasiyaya hazır olmalı, hadisələrə heç bir halda müdaxilə etməməli, oradakı soydaşlarımızı qorumağı bacarmalıdır”

Hazırda Ukrayna torpaqlarında gedən müharibənin əslində Qərb-Rusiya savaşı olduğunu hər kəs bilir. Bunu Qərbin və Rusiyanın rəsmiləri də etiraf edirlər. Faktiki olaraq Ukrayna Amerika, kollektiv Qərblə Rusiyanın döyüş poliqonudur.
Məlumdur ki, illər öncə Qərb-Rusiya savaşı Gürcüstan torpaqlarında getmişdi. Bu, Gürcüstana çox baha başa gəlmişdi və sonrakı müddətdə rəsmi Tiflis Kremllə balanslı davranmağa çalışıb. Hazırkı mərhələdə görünən budur ki, Qərb-Rusiya savaşının Ukraynadan başqa digər məkanlarda da getməsi cəhdləri var. Belarusda, Polşada buna cəhdlər olundu, lakin hələlik baş tutmayıb. İndi, deyəsən, Gürcüstana da həmlə edilir...
Narışkin: Qərb Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa inandırmağa  çalışır
“Qərb Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açılmasının zəruriliyinə inandırmağa çalışır”. APA xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. Narışkinin sözlərinə görə, Qərb Tiflisi inandırmaq istəyir ki, hazırda Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqamdır: “Qərb ölkələri Tiflisi, Ukraynadakı hadisələrdən istifadə edərək, Rusiyaya qarşı "ikinci cəbhə"nin açılmasının zəruriliyinə inandırmağa çalışır və biz Vaşinqtonun, Brüsselin, Londonun bu istiqamətdəki israrlı cəhdlərini görürük". Narışkin onu da bildirib ki, döyüş meydanında vəziyyət Rusiyanın xeyrinədir: “Qərb ölkələri görürlər ki, döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə deyil”.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, Rusiya və Belarus son illərdə təhdidlər qarşısında əməkdaşlığı gücləndirib. Son zamanlar Rusiyanın Belarusda nüvə başlıqları yerləşdirmək qərarı da deyilənlərin təsadüfi olmadığını söyləməyə imkan yaradır.
Qeyd edək ki, bir müddət öncə Gürcüstanda Rusiyanın barmağı olan proseslər başlanmışdı. Lakin sonradan xalqın meydana çıxması rəhbərliyin geri çəkilməsinə gətirib çıxartdı. Bu fakt həm də ondan xəbər verir ki, Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün öncə Gürcüstanda anti-Rusiya hakimiyyəti mövcud olmalıdır. Əks təqdirdə, Rusiya istənilən addımlardan hətta öncədən xəbərdar olacaq və qabaqlayıcı tədbir görəcək. Eyni zamanda bugünlərdə Gürcüstan prezidenti diplomatik şəkildə Qərbi qınamışdı, 2008-ci il müharibəsində Gürcüstanın yanında olmadığına görə. Əks təqdirdə, Ukraynanın bu fəlakətlərlə üzləşməyəcəyini vurğulamışdı. Bəs Narışkinin anonsu reallığa əsaslanırmı? Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açıla bilərmi? İkinci cəbhə açılsa, regionu nə gözləyir? Bunun Azərbaycana təsirləri nə ola bilər?
Paşinyan sadəcə abırsız yalançıdır”-Sahib Alıyev
Sahib Alıyev 
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qarşıdakı bir-iki ayda cəbhədə kimin mövqelərinin daha güclü olması haqda Narışkinin dediklərinin nə dərəcədə həqiqəti əks etdirdiyi tam üzə çıxacaq: “Onun Qərbin Gürcüstana təzyiqi haqda açıqlamasına gəldikdə, bəli, belə bir təzyiq var və o da heç kimə sirr deyil. Amma bu təzyiq ikinci cəbhə açmaq niyyəti ilə edilmir, Gürcüstandan daha çox, Ukraynaya diplomatik dəstək istənilir. Qərbdə gözəl bilirlər ki, ikinci cəbhə açılacağı təqdirdə, Gürcüstandan keçən kommunikasiya xətləri, o sıradan kəmərlərin taleyi məsələsi var. Məhz bu niyyətlə, bizim regionda vəziyyətin yenidən gərginləşdirilməsi isə tamamilə mümkündür”. Deputat qeyd etdi ki, Ermənistanda Rusiyaya bağlı ünsürlərin yenidən baş qaldırmaq cəhdi, Moskva ilə Tehran arasında intensiv ünsiyyət, hər halda, yaxşı heç nədən xəbər vermir".
Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube
Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, əksər Rusiya siyasətçiləri və hərbçiləri kimi, Narışkinin də çox çətin duruma düşən ölkəsinin imkanlarını həddindən çox şişirtməsi birmənalıdır: “O, gözəl bilir ki, Rusiya Ukrayna cəbhəsində çox ağır və sarsıdıcı itkilərlə üzləşib. Və onun Lukaşenko ilə müzakirələrində rəngləri bir az da özünəməxsus şəkildə tündləşdirməsi, həm Gürcüstanı, həm də ona dəstək olan Qərbi şantaj edərək qorxutmağa cəhd etməsi, hazırda işğal altında olan Gürcüstan ərazilərinin də Rusiyanın nəzarətindən çıxa bilməsindən narahatlığının ifadəsidir”. Hərbi ekspertin sözlərinə görə, əgər Rusiya əmin olsaydı ki, belə bir təhlükə yoxdur, onlar başqa cür danışardılar: “Hiss olunur ki, vəziyyət ürəkaçan deyil. Ona görə də xaotik də olsa, Rusiya siyasətçiləri harada gəldi, necə gəldi, bu cür açıqlamalar verirlər. Şəxsən mən olsaydım, Rusiyanın Ukraynadakı vəziyyətindən məhz indilərdə istifadə edib, öz ərazi bütövlüyümü təmin edərdim. Amma Gürcüstanın hazırkı rəhbərliyi daha çox Rusiya siyasi elitası ilə bağlılığı olan insanların əlində olduğundan gürcü qonşularımız ehtiyatlı davranmağa üstünlük verirlər”.
Ü.Cəfərov hesab edir ki, Gürcüstan da yaxın vaxtlarda öz əzəli torpaqlarını geri almaq üçün hərəkət etməli olacaq: “Ancaq bu addımın nəticələri ağır və çətin olacaq. İndiki halda isə onlar daha üstün durumda olardılar. Hər halda, seçim gürcü dostlarımızın özlərinindir. Rusiya hiss edir ki, Ukraynadan sonrakı dönəmlərdə həm iqtisadi, həm siyasi və hərbi sahədə Rusiya üçün çox çətin illər başlayacaq. Məhz o təhlükələri önləmək üçün Narışkin və digər blef edən Medvedyev, Lavrov, Şoyqu, Volodin kimi rus siyasətçiləri növbətçi, heç bir əsaslı arqumentə söykənməyən bəyanatlar səsləndirirlər”.
Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, Qərb Rusiyanın dünya siyasətindəki rolunu heçə endirmək xətti götürüb: “Bunu birbaşa qarşıdurma deyil, dolayı yolla edir. Bunun üçünsə müxtəlif poliqonlar var. Ukrayna bu cür real poliqonlardan biridir. Əlbəttə, Ukrayna xalqının azadlıq mübarizəsinə kölgə salmırıq, eyni zamanda Rusiyanın işğalçı niyyətlə oraya müdaxilə etdiyini də inkar etmirik. Sadəcə, Rusiya bu işğalçı addımını Qərbin təhriki ilə atdı. Qərb Ukraynada istəklərinə tam nail ola bilmədiyinə, Rusiyanın çöküşünü sürətləndirmək istədiyinə görə bir neçə əlavə poliqon da yaratmaq istəyir. Azərbaycanla bağlı da bu niyyətləri oldu, amma nail ola bilmədilər.  İndi İranla bağlı bu niyyətlərini reallaşdırmağa çalışırlar. Böyük ehtimalla burada da istəklərini həyata keçirə bilməyəcəklər. Ehtiyatlı olmalıyıq!”
A.Nağının sözlərinə görə, Rusiyaya qarşı iki əsas poliqon üzərində çalışılır: “Bu,  Gürcüstan və Moldova ilə bağlıdır. Onların Gürcüstanda niyyətlərinə nail olacaqları barədə ehtimal azdır. Çünki 2008-ci il hadisələri gürcülərə dərs olub, onlar yenidən bu yanlışlığa yol verməzlər. Gürcülər o vaxt müqavimət göstərdilər, dövlət kimi mövqe sərgilədilər, amma nəticə baxımından uduzdular. Əgər bütün bunlara baxmayaraq, hadislər arzuolunmayan istiqamətə gedərsə, Azərbaycan təhlükəli situasiyaya hazır olmalı, hadisələrə heç bir halda müdaxilə etməməli, oradakı soydaşlarımızı qorumağı bacarmalıdır”./Musavat.com/скачать dle 12.1