Bia.Az

Bakıya qarşı məkrli “X günü” planı - Ermənistanın “ipi” indi kimin əlində?

Gündəm
 6-04-2023, 09:56     293

ABŞ, Rusiya və İranın Zəngəzur davası qızışır; israilli ekspert: “İrəvan bölgədə sabitliyi pozan amil kimi qaldıqca...”

Ermənistandan təhlükəli müharibə çağırışları artıb. Əsasən də radikal-revanşistlərin düşərgəsindən belə avantürist bəyanatlar səslənməkdədir. Görünür, “dəmir yumruğ”un təsiri yavaş-yavaş unudulmağa başlayıb.
Müşahidə olunan həmçinin budur ki, qonşu ölkədəki “müharibə partiyası” qəliz regional və qlobal duruma arxayın olaraq aranı qarışdırmaq, Azərbaycanı hansısa şəkildə böyük güclərin, hətta İranın ortaq hədəfinə gətirmək və beləcə, “bulanıq suda balıq tutmaq” istəyir. Çünki Ermənistan təkbaşına ölkəmizə qarşı duruş gətirmək iqtidarında deyil. Bundan ötrü onun nə yetərli hərbi və iqtisadi qüdrəti, nə də kifayət edəcək insan resursu var.
Radikallar bu xüsusda iki ölkə arasında sülh müqaviləsinin 3 ildir imzalanmamasını bir şans sayırlar. Və bacardıqca onun reallaşmasına əngəl yaratmaqla hansısa “fors-major” vəziyyətə ümid bəsləyirlər. Zənn edirlər ki, hansısa “X günü”ndə situasiya kapitulyant ölkənin xeyrinə dəyişə və “Qarabağ ermənilərinin məsələsi” təzədən beynəlmiləlləşə bilər.
İran-Rusiya yaxınlaşması fonunda ZƏNGƏZUR DƏHLİZİ - ÖZƏL AÇIQLAMA | KONKRET
Eyni zamanda tələsirlər. Çünki 2025-ci ilin noyabrından sonra Qarabağ anklavı ətrafında, o cümlədən bu anklavı Ermənistanla birləşdirən yol ətrafında tamamən fərqli bir durum yaranacaq. Ona görə ki, Rusiya sülhməramlı qüvvələri çıxıb gedəcək və 10 noyabr sənədinin 6-cı (Laçın dəhlizi haqda) bəndi qüvvədən düşəcək, yerdə qalan ərazilərimiz üzərində də öz suverenliyimizi bərqərar edəcəyik. Proseslər labüd olaraq buna doğru gedir. 
Bu və digər səbəblərdən Ermənistandakı “hərb partiyası” Bakı ilə az-çox sülh tərəfdarı olan Nikol Paşinyanı nə yolla olur-olsun 2025-ci ilədək, alınarsa, daha tez devirməyə çalışır. Artıq növbəti hərəkətlənmə ortadadır...
Məlumdur ki “qərbçi” Paşinyanın siyasi səhnədən uzaqlaşdırılması və Qərbin sülh variantının boşa çıxmasında Rusiya da maraqlıdır. Ancaq Kreml bölgədə daha bir müharibədə maraqlıdırmı? Suallardan biri də  budur. Hələliksə, Moskvanın “dirijor çubuğu” ilə Paşinyan iqtidarına qarşı yeni müqavimət dalğasına start verilmiş kimi görünür.
*****
Paşinyanın Putinə xəyanətlər seriyası davam edir... » "Dünya" informasiya  agentliyi
“Artsaxda torpaq quruyan kimi müharibə başlayacaq. Artsax kiçik ordusu ilə hələ ki dirənir, lakin müharibə zamanı biz ona kömək etməliyik. Ancaq bizim bir problemimiz var - Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti. Bu hakimiyyət getməlidir”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri aprelin 4-də Ermənistan parlamentinin binası yaxınlığında radikal-revanşist müxalifətin “Birgə hərəkat” şüarı ilə keçirdiyi mitinqdə ölkənin keçmiş baş naziri Qrant Baqratyan deyib. 
Hələ də “miatsum” virusundan əziyyət çəkənlərdən olan Baqratyan ardınca hər şeyi baş-ayaq təqdim edərək, Paşinyanı Azərbaycana növbəti dəfə torpaq hədiyyə eləməkdə (?!) suçlayıb: “Ermənistan mövcud idi, sonra rus ordusu peyda oldu - dəhliz, sonra Artsax. Türk deyir: Qarabağa gətirilənləri yoxlamaq üçün mən post qurmalıyam. Onlar əmin olmaq istəyirlər ki, 6-7 ay ərzində ora silah gətirilməsin və Artsaxı kiçik qüvvələrlə dağıtsınlar. Ruslar deyir: biz orada post qoyulmasına imkan verməyəcəyik. Bəs Nikol? O isə deyir ki, bir az qabağa gedin, "Tex" və “Kornidzor”u götürün və postunuzu orada qurun. Bu, sadəcə, xəyanətdir. Orada 100 kvadrat kilometr torpaq sahəsi təhvil verilib. Yaxud deyirlər ki, sərhədlərə nəzarət sərhədçilərə verilməlidir. Yəni sən ordunu məhv edirsən. Bu, həm də bir vəddir ki, Ermənistanın cəmi 10-20 minlik ordusu olacaq. Məqsəd Ermənistanı ordudan məhrum etməkdir, ona görə də bütün günü general başı kəsərək deyirlər: siz fərarisiniz".
Əlbəttə, bu kimi yalan-palanlar sırf erməni ictimai rəyinə hesablanıb. Hədəf cəmiyyətdə Nikolin satqın obrazını “daşlaşdırıb” ona qarşı istənilən mübarizə üsulunun (o sırada terrorun) məqbul olduğuna ictimai “razılıq” almaqdır. Halbuki cəmi 3 il öncə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan idi...
*****
Ekspert: İsrail Bakıya kömək etməyə hazırdır
“Ermənistan heç cür müstəqil dövlət ola bilmədi. Nəticə etibarilə bu gün o, faktiki surətdə başqa ölkələrin əlində marionetkaya çevrilib”. 
Bunu isə israilli ekspert Yuri Boçarev Minval.az saytına açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, bu baxımdan müxtəlif geosiyasi oyunçular Ermənistandan öz maraqları naminə yararlanmağa çalışırlar. “Mən bir sıra Avropa Birliyi dövlətlərini, həmçinin İran və Rusiyanı nəzərdə tuturam. Düşünürəm ki, yalnız Ermənistanda xarici qüvvələrə oriyentasiya etməyən hakimiyyət meydana çıxandan sonra Azərbaycanın onunla razılığa gəlmək, dinc həyata, iqtisadi inkişafa başlamaq şansı olacaq. Hələliksə açıq-aydındır ki, İrəvan bir neçə ciddi geosiyasi oyunçu arasında vurnuxur və onlardan hansısa birinə yapışa bilmir ki, nəhayət, öz mövqeyini dəqiqləşdirsin - döyüşsün, dostluq eləsin, yoxsa dayansın”, - deyə o qeyd edib.
İsrailli ekspertin fikrincə, nə qədər ki, Ermənistan bölgədə sabitliyi pozan amil kimi çıxış edəcək, müvafiq geosiyasi oyunçular da Qafqaz regionunda öz iqtisadi maraqlarını həll edəcəklər. “Özü də bu, Yeni İpək Yolunun Azərbaycandan Türkiyəyə keçməli olan hissəsinə və Zəngəzur dəhlizinə də təsir edəcək. Hesab edirəm ki, Avropa İttifaqının bir çox ölkəsi, eləcə də ABŞ, Rusiya və İran bunun uğrunda mübarizə aparır. Bu səbəbə güman edirəm ki, Qafqazda və Yaxın Şərqdə sakit dönəm əfsus ki, tezliklə bərqərar olmayacaq”, - deyə o əlavə edib.
Qalır bu gerçəyin və onun tərkib hissəsi kimi Azərbaycanla sülh sazişinin qaçılmazlığının kapitulyant ölkədə dərk edilməsi. Əks halda, “nə hərb, nə də sülh” qeyri-müəyyənliyinin ən böyük zərbəsi elə bu qeyri-müəyyənliyi yaradan ermənilərə dəyəcək... /“Yeni Müsavat”/скачать dle 12.1