Bia.Az

Milli Məclisdə İran müzakirələri

Gündəm
 5-04-2023, 10:52     291

Tehran terrorçuluq siyasətində ittiham olundu

Aprelin 4-də Milli Məclisin növbəti plenar iclası birinci vitse-spiker Əli Hüseynlinin sədrliyi ilə keçirildi. Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlər ətrafında çıxışlara başladılar.
Deputat Qənirə Paşayeva ilk öncə deputat həmkarı Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınadı. Dövlət təhlükəsizlik orqanlarının bu işdə əli olan bütün şəxsləri həbs edəcəyinə, bu terror şəbəkəsi ilə əli olan hər kəsin layiqli cəzasını alacağına inandığını bildirdi. “Əslində Fazil bəyə atılan güllə dövlətimizə atılan güllədir. Bunu bütün azərbaycanlılar belə qəbul etməlidir. Hər bir vətəndaşımız dövlətimizin yanında olmalı və bu işdə dövlətimizə dəstək verməlidir. Bu terroru törədənlər, bunun arxasında olanlar bilməlidir ki, Azərbaycan dövlətini və xalqını qorxutmaq olmaz” - Q.Paşayeva bildirdi. Daha sonra Q.Paşayeva qadın həbsxanasında olduqlarını dedi və orada cəza çəkən qadınların əfvlə bağlı müraciətlərini çatdırdı.
İclasda İranla bərabər, Fransaya da sərt etirazlar ifadə olundu. Deputatlar Fransanın ermənipərəst siyasətinə sərt etirazlarını ifadə etməklə yanaşı, parlament tərəfindən xüsusi sənədin qəbul edilməsinə zərurət olduğunu bildirdilər və bu təklif sədarət tərəfindən qəbul olundu. İclasa sədrlik edən birinci vitse-spiker Əli Hüseynlinin təklifi ilə bəyanat mətnini hazırlamaq üçün Soltan Məmmədovun sədrliyi, Ziyafət Əsgərov, Elşən Musayev, Sevil Mikayılova və Əziz Ələkbərlinin üzvlüyü ilə komissiya yaradıldı.
Milli Meclis: MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İCLASINDA
Fransa Senatının ermənipərəst siyasətinə etiraz bəyanatının qəbul edilməsi ilə bağlı müzakirələrdə söz alan deputat Qüdrət Həsənquliyev təklif etdi ki, bəyanatda İranın Azərbaycana düşmənçilik siyasəti pislənilsin. Çağırış edilsin ki, İran Azərbaycanla yaxın qonşuluq siyasətinə uyğun davransın və düşmənçilik münasibətlərinə son qoysun.
 
Bəhruz Məhərrəmov həmkarına qarşı terrordan bəhs etdi: “Deputat həmkarımız Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanlarının nəyəsə məcbur edilməsinə hesablanmış addım idi. Amma Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin nəzarətində olan, ictimai qayda, ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir”.
 Aydın Mirzəzadə də çıxışında həmkarı Fazil Mustafaya qarşı terrordan danışdı. Bildirdi ki, bu hadisədən düşmənlər sevindilər və hədəfin haradan sifariş olunduğu aydın göründü. “Bu, Fazil Mustafaya atılan güllədən çox Azərbaycan dövlətinə, hər bir deputata atılan güllə idi” - deyən A.Mirzəzadə qeyd etdi ki, Laçın bölgəsində həyata keçirilən uğurlu əməliyyatlardan 3 gün sonra bu terror törədildi: “Çox böyük səhv etdilər. Onlar çaşdılar, bilmədilər ki, belə hadisələr Azərbaycanı qorxuda bilməz”.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov deputat həmkarı Fazil Mustafaya qarşı terror aktına qarşı sərt etirazını bildirdi: “Biz burada öz mövqeyimizi ortaya qoymalıyıq. Bundan sonra hansı addımı atmalıyıq? Həzrəti Əlinin bir kəlamı var: "Əqidəsi olmayan insanın imanı və inancı olmaz". Buradakı insanların əqidəsi var, mövqeyi var, dövlət başçısını, dövləti müdafiə edirlər. Bu terror aktı ilə bizim gözümüzü qorxutmaq istəyirlərsə, çox böyük səhvə yol verirlər. Bizim üstümüzə çox qoşunlar gəlib. Sovet ordusuna qarşı döyüşmüşük. 5 dəfə dövlət çevrilişi olub". S.Novruzov ardınca İranın təhdidlərinə sərt xəbərdarlıq etdi: “Biz öz əqidəmizlə prezidentin müsəlləh əsgəriyik. Bu gün İran Naxçıvanla sərhəddə qoşun toplayıb. Lazım olarsa, biz o ərazidə də döyüşməyə hazırıq. Qoy bilsinlər, qulaqlarını açıb eşitsinlər ki, Azərbaycanın güclü dövlət başçısı, komandası var. İranın və digər ölkələrin əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar! Bizim də kifayət qədər qüvvəmiz və gücümüz var!”
Azay Quliyev bildirdi ki, bu cür alçaq hücumlarla nə dövlətimizi, nə xalqımızı, nə də biz deputatları qorxutmaq mümkün deyil: “Görünür, bu çirkin aktı sifariş edənlər hələ də anlamırlar ki, 44 günlük müharibəni zəfərlə başa çatdıran, dünyaya əsl güc və birlik nümayiş elətdirən Azərbaycan xalqı və dövləti bu kimi xain planların və təxribatların qarşısını almağa qadirdir. Bu baxımdan, təqdirəlayiq haldır ki, çox vaxt keçmədən DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fazil Mustafaya qarşı silahlı hücumda şübhəli bilinən 6 nəfər artıq saxlanılıb. Bu, çox böyük uğurdur”.
Milli Məclisdə
Komitə sədri Zahid Oruc bildirdi ki, Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir: “Martın 2-də Hacı Şahinin müəmmalı ölümü, martın 4-də hipermarketə hücum, martın 9-da Bakıda silahlı atışma və martın 28-də millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir-terrorun silahı nə olursa-olsun, əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xofla ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir. Prezident İlham Əliyevin və hörmətli Mehriban xanımın silahlı qəsdə qarşı verdikləri reaksiya 3 il əvvəl  müharibə zamanı göstərdikləri iradə ilə eynidir, "bizimlə ultimatum dili ilə danışmaq mümkün deyil" söyləyən ölkə rəhbərinin seçdiyi yoldan geri çəkilməyəcəyini göstərir. Terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır". Z.Oruc qeyd etdi ki, Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir: “Əslində terrorçuların dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır. Son aktı törədənlər Danimarka və Niderlandda Quran kitabını yandıranlardan fərqlənmirlər”.
Deputatlar çıxışlarında Fransanın ermənipərəst mövqeyinə də sərt etirazlarını bildirdilər. Kamran Bayramov dedi ki, martın 16-da Fransa Senatı növbəti dəfə ölkəmizə qarşı təxribata əl atıb, dövlətimizin suverenliyi və ərazi bütövlüyünə yönəlmiş qondarma konfrans keçirib, Azərbaycana qarşı nifrət və qərəz dolu mövqeyini bir daha nümayiş etdirib: “44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, Qarabağ bölgəsinin etnik erməni sakinləri ilə təmasların qurulması istiqamətində addımların atıldığı bir dövrdə Fransanın bu cür hərəkətləri sadalanan proseslərə birbaşa zərbə vurur, regionda gərginlik dərəcəsini artırır”.
Müzakirələrdən sonra Fransa Senatının martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfrans keçirməsinə etiraz olaraq Milli Məclisin bəyanatı qəbul edildi.
Daha sonra iclasda kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında layihə müzakirəyə çıxarıldı. Birinci vitse-spiker Əli Hüseynli İ.Kərimovun Bakı Dövlət Universiteti və dünyanın bir sıra nüfuzlu universitetlərində hüquq təhsili aldığını, ASAN Xidmətin ilk rəhbəri olduğunu, digər mühüm vəzifələrdə çalışdığını bildirdi. Deputatlar qərar layihəsini alqışlarla qarşıladılar. Ə.Hüseynli deputatlar adından İ.Kərimovu təbrik edərək, ona uğurlar arzuladı.
Milli Məclisin iclasında “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirə edildi. Birinci vitse-spiker Əli Hüseynli yubiley medalı ilə bağlı məlumat verdi. Deputatlar layihəni alqışlarla qarşıladılar.
 Sabir Rüstəmxanlı söz alaraq Çingiz Aytmatovun vaxtilə Heydər Əliyevə verdiyi yüksək qiymətdən bəhs etdi və onun təklifini səsləndirdi. Bildirdi ki, Ç.Aytmatov onunla söhbətində Azərbaycanda Nobel mükafatı ilə rəqabət apara biləcək bir mükafat təsis edilməsi təklifini irəli sürüb. S.Rüstəmxanlının sözlərinə görə, Ç.Aytmatov Azərbaycanda Heydər Əliyev Beynəlxalq Mükafatının təsis edilməsini istəyib. “Çingiz Aytmatov bildirdi ki, xahiş edirəm mənim bu fikrimi Azərbaycan Prezidentinə çatdırın. Mən bu təklifi çatdırmamış Heydər Əliyev Ordeni təsis edildi”. S.Rüstəmxanlı dedi ki, gec də olsa, bu təklifi səsləndirməyi özünə borc bilir, ola bilsin dövlət başçısı bu təkliflə bağlı hansısa bir addım atılması barədə qərar versin.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilərək qəbul olundu.
Milli Məclis “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqlədi. Layihə barədə məlumat verən komitə sədri Səməd Seyidov bildirdi ki, vaxtilə imzalanmış sənədlərdə Türkdilli dövlətlərdən söhbət gedirdisə, indi artıq Türk Dövlətləri Təşkilatı var və sənədlər çağdaş dövrə uyğunlaşdırılır. Xatırladıldı ki,  “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb. 3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur./“Yeni Müsavat”/скачать dle 12.1