Bia.Az

Andreottinin qətl sifarişi – Deputatın həyatına sui-qəsdin izi niyə İranın üzərinə getdi...

Gündəm
 29-03-2023, 12:56     298

Köhnə vaxtlardan fərqlidir, müasir dünyada siyasi sui-qəsdlərin, teraktların, qətllərin məsuliyyətini öz üzərinə götürən, “filan məsələyə görə biz etmişik” deyən yoxdur.

Ötən əsrin ortalarından ta sonuna qədər terrorizmlə məşğul olan terrorçu marksistlər, sonradan isə eyni fəaliyyəti göstərən dini ekstremistlər belə edərdilər. Onlar hər hansı bir siyasi motivli terror aktı törədər, sonra bu əməlləri barədə bəyanat yayardılar.
Ancaq yeni əsrdə terror aktı törədənlər gizli qalmağa, etdiklərini boyunlarına almamağa, inkar etməyə başladılar. Bunun da əsas səbəbi odur ki, terror aktı törətdiyini etriaf edən və ya bunda şübhəli bilinən dövlət, təşkilat çox ləngidilmədən “beynəlxalq terrorçular” siyahısına salınır. Bundan sonra onların manevr imkanları məhdudlaşır, fəaliyyət arealı daralır, sərbəst maliyyə əməliyyatları həyata keçirə, ölkədən-ölkəyə keçə bilmirlər və s.
Ona görə də artıq siyasi motivli terror aktlarına yiyə duran yoxdur.
Bir deputatın, ictimai-siyasi xadimin, jurnalistin həyatına sui-qəsd cəhdi edilməsi isə qeyd-şərtsiz terror aktıdır. Burada məqsəd onu öldürmək və ya yaralamaq olmaya da bilər, hadisənin özü insanları qorxutmağa, cəmiyyəti xoflandırmağa yönəlibsə, başqa adı yoxdur.
Milli Məclisin üzvü və partiya rəhbəri olan Fazil Mustafanın dünən gecə evinin önündə güllələnməsi terror aktından başqa bir şey deyil. O, xoşbəxt təsadüf nəticəsində sağ qalıb və bu gün artıq bütün ölkə bu barədə danışır – həm də həyəcanlanmış halda.
İndi bu barədə rəy bildirən insanların az qala 99 faizi deputatın qətl edilməsi barədə sifarişin İrandan gəldiyini, sui-qəsdin təşkilatçılarının və icraçılarının İrana bağlı qüvvələr olduğuna əmindirlər.
Bu əminlik iki nüansa görə təsadüfi deyil, heç bir qərəzdən-filandan və ya təbliğat konyukturasından doğmur.
Birinci nüans odur ki, İran belə şeylərə çox qol qoymuş dövlətdir. Son 44 ildə bu İranın tarixində ölkə prezidenti (Məhəmmədəli Rəcai) və baş nazir (Məhəmməd Cavad Bahunər) postunu tutmuş adamlardan ta bir çox müxalif siyasilərə, ictimai xadimlərə, yazıçılara qədər xeyli adamın həyatına qarşı sui-qəsdlər törədilib. Belə aktlar həm ölkə daxilində, həm də ölkə xaricində baş verib. Məhz bu kimi aktlara görə ABŞ və digər ölkələr İrana məxsus güc strukturlarını, onların nəzdindəki qurumları terrorçu təşkilatların siyahısına daxil ediblər.
İkincisi isə odur ki, Fazil Mustafa İran dövlətinin siyasətinin tənqidçilərindən biriydi və vaxtaşırı açıqladığı fikirlərə görə iransevərlər camiəsində böyük nifrət qazanmışdı.
Təbii ki, belə aktlara qol qoyan digər dövlətlər kimi, İran da öz məqsədləri naminə terrora əl atdığını boynuna almır və almayacaq. Bu dövlətə işləyən, trolluq edən şəxslər bir azdan ağız-ağıza verərək ortalığa dürlü əks-arqument tökəcək, hədəf yayındıracaq, fikir qarışdıracaqlar.
Onların hazırda əl atdıqları əsas arqument budur ki, İran dövləti Fazil Mustafanın həyatına sui-qəsdin şübhəlisi kimi görünəcəyini bildiyi halda bu akta qol qoyardımı?
Bu çox zəif, tənqidə dözümü olmayan ritorikadır. Bir sıra terrorçu dairələr məruz qalacaqları şübhələrdən özlərinə belə “alibi” düzəldə bilirlər.
İtaliya tarixində belə bir hadisə olub. Ötən əsrin 70-ci illərində İtaliyada Culio Andreotti ad-soyadlı bir az mafioz, bir az da odioz və xarizmatik baş nazir olub. Adam seçkilərdə ard-arda qələbə qazanırmış, min yeyəni olduğu kimi 1-2 “deyən”i, yəni tənqidçisi da varmış. Bir gün onu ən çox tənqid edən jurnalist Mino Pekorelli öldürülüb. Hamı ilk növbədə baş nazir Andreottidən şübhələnib. Onun adamları, tərəfdarları (trolları) isə baş nazirin müdafiəsinə qalxaraq ortaya belə bir “güclü arqument” qoyublar: “O jurnalist Andreottini sərt tənqid edirdi. Məgər cənab baş nazir o qədər ağılsızdır ki, hamının ondan şübhələnəcəyini bilə-bilə öz düşmənini öldürtsün?”.
Uzun sözün kəsəsi, jurnalisti kimin öldürə biləcəyi barədə versiyalar bir-birinə qarışıb. (Əslində, bu da bir fənddir, qəsdən versiyaları çox edirlər ki, əsl həqiqət bir o qədər müəmma haləsinə bürünsün, fikirlər haçalansın). Nəticədə qətlin üstü açılmayıb. Yalnız 27 ildən sonra italiyalı kriminalistlər təhqiqat apararaq ortaya çıxarıblar ki, Pekorellinin qətlini elə Andreotti özü sifariş veribmiş... 2002-ci ildə onu tutub 24 il iş veriblər və bir ildən sonra ağırlaşmış səhhəti ilə əlaqədar azadlığa buraxıblar.
Bu baxımdan artıq həmin “alibi” qüvvəsini itirib. “Bunu bədxahlarımız təşkil ediblər ki, müqəssir mövqeyində biz qalaq” arqumenti də işləmir.
/Musavat.com/скачать dle 12.1