Bia.Az

Münhen debatı: Makron “dostunu” dəstəklədi, Əliyev isə…

Gündəm
 18-02-2023, 14:40     241

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan-Ermənistan münasibətlərinə dair iki məqam ön plana çıxdı:

Birincisi, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti və erməni baş nazirlə ayrılıqda görüşü;
İkincisi, Fransa Prezidenti Emmanuel Makronun çıxışında Ermənistanla bağlı dedikləri.
Mişel öncə Paşinyanla, daha sonra Əliyevlə görüşdü. Hər iki görüşün əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan münasibətləri və Brüssel formatının bərpa edilməsi olub. İstisna deyil ki, Mişel Brüssel formatının davam etməsini razılaşdırmaq istəyir. Eyni formatda Azərbaycan da maraqlı tərəfdir, çünki bu format Fransanın prosesləri öz maraqlarına uyğun yönləndirməsi qarşısında manevr imkanlarını genişləndirir və Qərb yarımkürəsində keçmiş “həmsədrlik instituna” alternativ yaradılır.
Üçtərəfli formatda keçirilən Brüssel görüşü Makronun müdaxiləsindən sonra arxa plana keçib. Fransa bununla öz oyununu qurmağa çalışır:
- Hazırda rəhbərlik etdiyi AB-nin təşəbbüslərində liderliyi ələ almaq və geosiyasi ambisiyalarını icra etmək;
- Bakı-İrəvan münasibətlərinin qurulması prosesində aparıcı vasitəçiyə çevrilmək;
- 44 günlük müharibədə və sonrasında uzaq düşdüyü Cənubi Qafqaza yenidən daxil olmaq.
Bu prosesdə Paşinyan Makronun əsas dəstəkçidir və Emənistan Praqada Makron tərəfindən təşkil olunmuş dördtərəfli formatı davam etdirmək istəyir. Hərçənd, rəsmi Parisin ermənipərəst mövqeyi Bakının bu formatdan imtinasına səbəb oldu, ötən ilin 7 dekabr tarixində nəzərdə tutulan növbəti görüş də ləğv edildi.
Bakı üçtərəfli (Əliyev-Mişel-Paşinyan) formatın bərpasını, İrəvan dördtərəfli (Əliyev-Mişel-Paşinyan-Makron) formatda davam etmək istəyir. Bu fikir ayrılığı özünü Avropada rəqabət formasında göstərir. Şarl Mişel Brüssel formatı ilə başlatdığı təşəbbüsün və AB-nin Cənubi Qafqazda iştirakçılıq payının Makron tərəfindən mənimsənilməsinə qarşıdır. Bu baxımdan, AB Prezidenti Əliyev və Paşinyanla görüşə üçtərəfli formatın bərpa edilməsi üçün fürsət olaraq baxır, hərçənd, Paşinyan-Makron cütlüyünün razılaşacağı sual altındadır.
Bu kontekstdə Makronun Münhen Təhlükəsizlik Konfransındakı çıxışı diqqət çəkir. Çıxışının əsas hissəsini Rusiyaya qarşı quran Makron Ermənistana açıq dəstək ifadə edib.
“Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos yayan qüvvə olduğunu izah etməyimizdir. Neokolonial Rusiyanın Qafqazdakı çətinliklərin öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dostum, Baş nazir Nikol Paşinyanın yanında deyirəm: onun və Ermənistanın yanında dayanmağa davam edəcəyik”, - Fransa prezidenti bildirib.
Makronun Ermənistana dəstək çıxışının əsas istiqaməti Rusiya olsa da, tək ünvan bura deyil:
- Rusiyaya qarşı mövqeyi ilə Fransanın geosiyasi oyunçu rolunu qabardır;
- İrəvana və Nikola mesaj verir ki, sənin və ölkənin əsas qarantı Fransadır: bu, Ermənistanın təhlükəsizliyində zəifləyən Rusiya faktorunu əvəzləmək niyyətinin elan edilməsi, eləcə də üçtərəfli formatı bərpa etmək istəkləri fonunda Paşinyana “dördtərəfli formatdan imtina etmə” xəbərdarlığıdır;
- Bakıya ünvanlanan mesaj belədir: Fransa geosiyasi oyunçudur və Azərbaycan-Ermənistan münasibətlərində mühüm rol oynayır, Azərbaycan bu reallığı nəzərə almalı, dördtərəfli formatda qalmalıdır.
Bakının isə öz reallığı var və bu reallıqda Fransanın vasitəçiliyinə yer ayrılmayıb. Praqa görüşündən sonra Makron Ermənistanı müdafiə etməklə özünü oyundankənar vəziyyətə saldı, daha sonra Əliyevlə təmasa keçərək, oyuna qayıtmaq niyyətini açıqladı. Ötən ilin 24 dekabrında baş tutan telefon söhbətində Əliyev Makrona “regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyini” deməklə, oyuna qayıtmağın mümkün yolunu izah etdi. Hərçənd, Fransa prezidentinin Münhendəki çıxışı bunun mümkün olmayacağını göstərir.скачать dle 12.1