Əllərim Sənincün açıqdır, Allah...

Əllərim Sənincün açıqdır, Allah...
İçimdə fırtına qopur,
heç kimin xəbəri yox.
hamı danışır, gülür, keçir,
mən susuram –
ürəyimin səsi qulağımı deşir,
amma eşidən yoxdur.
Səni axtarıram, Allah,
bu qaranlıqda,
döşəməyə düşən kölgəmi
bir işıq kimi apar deyə.
Ayağım altında torpaq da küsüb,
göy üzündə sükut var.
Mən bu ikisinin arasında –
nə doğulmuşam, nə ölmüşəm.
Bir sual kimi asılmışam havada,
cavab sənsən,
amma cavab gecikir.
Səssizliyə bürünmüş dua kimiyəm –
qırılıb dilimdəki son hərf.
Sən susanda
hər şey dayanır içimdə.
Əllərim Sənincün açıqdır, Allah –
tut,
çünki boşluğa daha gücüm çatmır.
Dözmür bu can
sürünən saatların çəkisinə.
Bəlkə də ölüm –
sənin yazınla azadlığa açılan
bir qapıdır sadəcə.
Amma hələ nəfəs alıramsa,
demək ki,
gözlədiyin nəsə var məndə.
Məni buraxma –
nə qaranlığa, nə də özümə.
Qoyma düşüncələr məni parçalasın,
qoyma yalan ümidlər
əllərimdən düşsün.
İçimə bir az işıq tök, Allah –
sükutundan da azca göndər,
amma bu dəfə
mərhəmət dolu bir sükut olsun.
***
Qaranlığın ortasındayam, Allah,
sanki heç yerə getməyən bir yolun içindəyəm.
Addımlarım iz salmır,
sözlərim divarlardan qayıdır,
nəfəsim özümə güzgüdür –
yalnızlığımı göstərir.
Amma içimdə bir səs var –
səni çağıran,
bütün qapılar örtüləndə
açıq qalan tək pəncərə tək.
Bilirsən, mən yorulmuşam –
gözü yol çəkən dualar tək
gözləməkdən.
Amma yenə də
ümidsizliyə qapını bağlayıram hər axşam,
çünki bilirəm:
Sən ümidsizliyə son deyən Səssən.
Sən ki,
bir damla yaşa bir dəniz mərhəmət verənsən,
bir zərrə imana
bütün qaranlığı işıqla boğan.
Sən ki,
bağışlayanların ən gözəlisən.
Qəlbimdə qırılmış dualar var,
sözsüz, səsiz,
günahlarım ağır –
amma qapına qədər sürünürlər.
Bağışla, Allah,
çünki qayıtdım.
Heç kim görməsə də
göz yaşlarımı sən sayırsan,
heç kim eşitməsə də
ürəyimin "bağışla" deyən səsini sən eşidirsən.
Bilirəm, Sənə dönmək
qayıdış deyil yalnız –
yenidən doğulmaqdır.
Günah içindən,
unutqanlıqlar içindən,
susqun gecələrdən –
yenidən Sənin nuruna doğulmaqdır.
Mən Səni gözlədim,
daha doğrusu –
Sənin məni gözlədiyini gec anladım.
Sən gözləyirsən, Allah,
hər dönən addımı
əl açaraq qarşılayırsan.
İndi isə bir ümid ver mənə,
elə bir ümid ki,
küləyin içində səsin olsun,
göylərin səssizliyində
ürəyimə toxunan şəfqətin.
Elə bir ümid ver ki,
ağladığım hər gecə
sabahın nurunda iz qoysun.
Elə bir ümid ver ki,
bu qaranlıq da
Sənin adına yazılmış bir dua olsun...
Ədalət Qarabulud.