Bia.Az

İran səfirliyinin tədbiri nədən “Qaçaq Nəbinin toyu”na döndü?

Gündəm
 10-02-2023, 17:11     247

Azərbaycan müstəqilliyini bərpa edəndən, İran dövlətinin Bakıda səfirliyi fəaliyyət göstərəndən bəri belə bir hal olmamışdı ki, səfirlik İran dövlətinin adından hansısa bir tədbir keçirsin və həmin tədbir “Qaçaq Nəbinin toyu”na dönsün.
Bilənlər bilir, Qaçaq Nəbinin həyatından bəhs edən və bir adı “Atları yəhərləyin”, bir adı da “Qanlı zəmi” olan Azərbaycan filmində belə bir epizod var: Nəbi Həcərlə evlənir, eli, elatı toyuna çağırır, amma heç kəs gəlmir, eləcə, masa başında özü və Həcər oturur, pərt halda qonaqları gözləyirlər.
Bu iki epizod arasında əsas fərq odur ki, dəvət olunmuş qonaqlar Nəbinin, el qaçağının toyuna hökumətin qorxusundan gəlməmişdilər, istəmirdilər ki, adları hökumətlə hökumətlik edən qaçaqla birlikdə çəkilsin, sonradan onları sorğu-sual etsinlər.
İranın Bakıdakı səfirliyindəki tədbirə çağrılan qonaqların dəvəti qəbul etməməsinin əsas səbəbi isə Azərbaycan hökumətindən qorxu deyil, İran hökumətinə olan hiddətdir.
Zatən, 3-4 ay idi ki, ölkəmizin ictimai-siyasi fəalları, diplomatlar, jurnalistlər, deputatlar İran dövlətinin bölgədə yeritdiyi siyasətin, Ermənistana qahmar çıxmasının, Azərbaycanın ümdə maraqlarına zidd getməsinin tənqidçiləriydilər. Ötən ayın 27-də Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktı isə səbr kasamızı daşıran son damla oldu.
Hazırda bizim Tehranda səfirliyimiz yoxdur, işçilər təxliyə olunub, diplomatik missiyanın binasının qapısı bağlıdır, amma İran səfirliyi yanvarın 27-də yaşadığı həyəcan və qorxunu geridə buraxaraq, arın-arxayın şəkildə tədbir keçirir, İslam inqilabının qələbəsinin 44-cü ildönümünü qeyd edir.
Bu, çox paradoksal haldır. Biz Tehranda şəhid olan mühafizə zabitimizin ikinci cümə axşamını veririk, onlar təntənəli tədbir keçirirlər. Üstəlik, münasibətləri, salam-əleykləri olan hər kəsi dəvət edirlər ki, onların xoş günündə iştirak etsinlər.
Belə dostluq, qonşuluq yoxdur, ola bilməz. 12 gün öncə Tehranda 40 dəqiqə boyunca terror təhlükəsi yaşayan mülki insanlar hələ şokdan çıxmayıblar, mühafizə xidmətinin yaralı əməkdaşları hələ müalicə olunurlar, İran səfirliyi isə özünü elə aparır ki, sanki heç nə olmayıb.
Bu, “bir külək idi, əsdi, keçdi” kimi tövsif olunacaq hadisə deyil. Elə dünən İranın Ermənistandakı səfiri Zohuri yenidən ölkəsinin Zəngəzurdakı “qırmızı xətt”indən, ermənilərlə hərbi əməkdaşlıqdan, müttəfiqlikdən, Avropa İtifaqının bölgəyə gəlişindən danışıb. Məlum olur ki, Tehran Aİ-nin xüsusi missiyasının İranın sərhədlərinə gələcəyindən narahat deyil, amma Azərbaycanın öz anklavı Naxçıvana kəsə və birbaşa yolla əlaqə yaratmasından narahatdır.
Belə ümmətçilik, qonşuluq varmı? Kənd yerlərində qonşu yolu deyilən bir şey var, qonşu qonşunun evinə, həyətinə keçmək üçün uzaq yol dolanmaz, ən kəsə yoldan keçər. İran isə bizim öz ərazimizə keçidimizin qarşısını almaq, yolumuzu bağlamaq niyyətindədir.
Bax, belə olur ki, fevralın 10-da, İranın işlətdiyi təqvimlə bəhmən ayının 22-də “Baku Marriott Hotel Boulevard” mehmanxanasında keçirilməli olan rəsmi tədbir qonaqsız qalır və alınmır. Bir çox mənbələrdə tədbirin ləğv olunduğu qeyd edilir, amma söhbət tədbirin ləğvindən və ya təxirə salınmasından getmir, məsələ qonaqların gəlməməsi üzündən tədbirin alınmamasıyla bağlıdır.
Onsuz da dünyada və regionda təklənmiş, Ermənistan kimi üzdəniraq dövlətlə müttəfiqlik büsatı qurmağa məcbur olmuş İran Azərbaycan kimi dini, dili, mədəniyyəti, tarixi bir olan ölkə ilə münasibətini bu şəkildə korlamamalıydı.
Bu 32 ildə Azərbaycan heç vaxt İranı ayağa verməyib, həmişə Arazın o tayında yaşayan soydaşlarımızın mənafeyini, təhlükəsizliyini nəzərə alıb, amma 44 günlük müharibədən sonra İran dövlətini idarə edənlərin ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi sərgiləməsi artıq malalanması mümkün olmayan xarakter aldıqdan sonra ortalıq və düzən pozuldu.
İranın hakim dairələrinin nəyə görə hissə qapıldığı, nədən Azərbaycana qarşı bu cür xoşagəlməz mövqe tutduqları uzun söhbətdir və bu barədə çox yazılıb. Ancaq ortalıqda olan fakt odur ki, 1992-ci ildən bəri İran səfirliyinin Bakıda təşkil etdiyi heç bir dövlət tədbri bunca urvatsız olmamışdı.
Kim bilir, münasibətlərin yenidən normal məcraya düşməsi üçün nə qədər dəyişikliklər, diplomatik səylər olmalıdır.

Ortada Azərbaycana dəymiş güllə və söz yarası var. İranlı generalların, ruhanilərin, diplomatların ard-arda ölkəmizi sözlə, ağır ifadələrlə yaralaması yanvarın 27-də səfirliyin mühafizə xidmətinin rəisi Orxana dəyən güllə qədər ağrılıdır.//Musavat.comскачать dle 12.1