Bia.Az

“RUSİYA YA GÜZƏŞTƏ GETMƏLİ, YA DA BURALARDAN GETMƏLİDİR” – “Əks halda qarşısında Türkiyə-Azərbaycan birliyini görəcək”

Gündəm
 5-12-2022, 10:40     315

Ermənistan sülh danışıqlarını pozduqdan sonra Cənubi Qafqazda proseslər mürəkkəbləşmə istiqamətdə cərəyan edir. Bu fonda Fransa-Azərbaycan gərginliyindən sonra, Rusiya-Azərbaycan münasibətlərində də çətinlik müşahidə olunur. Fransanın anti-Azərbaycan siyasəti, Senatının və Milli Assambleyasının əsassız qətnamələri Parisin sülh danışıqlarında vasitəçi kimi iştirakını mümkünsüz edir. Rusiya isə açıq şəkildə bölgədə vəziyyəti mürəkkəbləşdirir, rus sülhməramlıları Qarabağdakı erməni separatçılarına dəstək verir, onları fəallaşdırır. Bütün bunların qarşılığında Azərbaycan ortaya siyasi iradə qoyur, öz maraqlarını sona qədər qorumaq xətti götürür və bir çox hallarda bunu reallaşdırmaq üçün cəhdlər edir.

“AzPolitika.info” bölgədə baş verən son prosesləri sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib.

- Qabil müəllim, Azərbaycan-Rusiya-Ermənistan üçbucağında nə baş verir?
- Ermənistan tərəfi danışıqlar prosesini pozur. Brüsseldə planlaşdırılan görüşün baş tutacağı artıq mümkünsüz görünür. Düzdür, erməni tərəfi etdiyi səhvin yerini doldurmaq üçün canfəşanlığa başlayıb, Fransa məsələsində sanki güzəştə getməyə hazır olduqlarını göstərməyə çalışırlar. Azərbaycan tərəfi noyabrın 7-də nəzərdə tutulan görüşdən imtina etdiyini bildirib, amma bu, ümumən sülhyaratma prosesindən imtina mənasını vermir. Baxmayaraq ki, Ermənistan bunu Azərbaycanın danışıqlardan imtina etməsi kimi təqdim etməyə cəhd edir. Halbuki Azərbaycan məhz Fransanın danışıqlarda iştirakını qəbul etməyib və buna görə danışıqlardan imtina edib və haqlıdır.
İkincisi, Rusiya da bölgədə məsələləri qarışdırmaqda canfəşanlıq edir. Bir tərəfdən Sergey Lavrovun dili ilə Qarabağın dağlıq hissəsinin Azərbaycana məxsusluğuna dair fikirlər yayır. Eyni zamanda iddia edir ki, bu məsələdə guya Rusiya Ermənistana köməklik etməyə çalışırdı. Əksinə, ermənilər özləri hadisələrin bu məcrada inkişafını istədilər. Yəni səhv etdilər və ya Rusiyanın xoşuna gəlməyən addımlar atdılar, nəticədə proses bu nöqtəyə gəlib çatdı və artıq məsələni başqa səmtə yönəltmək mümkün deyil. Burada Rusiyanın manevr məqsədli hərəkətlərini müşahidə etmək mümkündür. Onsuz da 30 ildir davam edən qarşıdurma, münaqişə və müharibənin inkişafı Qarabağ ətrafında gedirdi. Azərbaycan nəhayətdə prosesin beynəlxalq hüquq çərçivəsində əhatə edilməsinə nail oldu. Yəni Azərbaycanın ərazi bütövlüyü, Ermənistan daxil olmaqla, faktiki dünya tərəfindən qəbul edildi. Üstəlik, Ermənistanın özü də bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və təsdiqləyir, bu, 1991-ci ildə Almata görüşündə təsdiq edilib, indi də belədir. Həmçinin qeyd edirlər ki, Qarabağ məsələsində onların yeganə tələbi insan hüquqları məsələsidir və bu da Azərbaycan konstitusiyası çərçivəsində tənzimlənəcək. Beləcə “Miatsum” və digər iddialarda əksini tapan separatizm hərakatı sona çatmaq üzrədir. Ən azından Ermənistan tərəfindən separatizmə dəstək verilməyəcəyinə dair mövqe qoyulur. Sanki hər şey Azərbaycanın ixtiyarına verilmiş kimi görünür.
- Ancaq biz son zamanlar rusiyalı sülhməramlıların davranışlarında açıq təxribat görürük, onlar üzərlərinə götürdüyü missiyanı 1988-1991-ci illərdə olduğu kimi sanki tərsinə həyata keçirir, problemi və gərginliyi bir növ inkişaf etdirirlər...
- Ortada görünən və problem kimi qalmaqda olan Rusiya sülhməramlıları və onların son dövrdəki fəaliyyəti kəskin etiraza səbəb olmaqdadır. Xüsusilə, onların Qarabağda türk toponimlərinin adını dəyişdirməsi, müxtəlif davranışlar, nəzarətində olan ərazilərdə faydalı qazıntıların ermənilər tərəfindən yağmalanması, eləcədə Rusiya tərəfindən bölgəyə göndərilən emissar Ruben Vardanyanın bəyanatları, təşkil etdiyi mitinqlər onu deməyə əsas verir ki, Moskva bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən isə separatizmə rəvac verir, onları ruhlandırır. Bununla da özünün bölgədəki təsir rıçaqlarını qoruyub saxlamağa çalışır. Rusiyanın etdiyi hərəkətlər kifayət qədər risklidir, bölgədə gərginlik yaradılmasına yönəlib. Azərbaycan Rusiyanın bu cür hərəkətlərini yəqin ki, qəbul etməyəcək. Hazırda biz onu müşahidə edirik ki, rus sülhməramlılarının öz missiyasına aid olmayan hərəkətləri Azərbaycan tərəfindən qətiyyətlə pislənilir. Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, etinasız münasibət göstərilir, halbuki bunun özü bölgədə gərginlik havası yaradır. Amma Azərbaycan cavab addımları atır və iradəsinin qəbul etdirilməsindən savayı yol olmadığını nümayiş etdirir.
- Siz Azərbaycanın hansı cavab tədbirlərini nəzərdə tutursunuz?
- Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla Azərbaycan dövlətini təmsil edən mütəxəssislərin bölgədə faydalı qazıntıların durumunu aydınlaşdırmaq, bu faydalı qazıntıların qanunsuz daşınıb-daşınmamasını müəyyən etmək üçün Xankəndi və Laçın dəhlizi boyunca ezam olunmasını müşahidə edirik. Təxminən Xankəndini Ermənistana birləşdirən yol 3 saatdan çox qapalı qalıb, nümayəndələrimiz Xankəndinə daxil olub. Yəni ekspertlərdən ibarət olan qrup rus sülhməramlıların nəzarətində olan ərazidə ekoloji vəziyyətlə bərabər faydalı qazıntılarla bağlı araşdırmalar aparacaqlar. Sözsüz ki, ərazidəki separatçılar əndazəni aşan, Azərbaycanın əsəblərini tarıma çəkən və əslində təxribat xarakterli hərəkətlər edirlər. Azərbaycan bunun qarşısını almağa çalışdı. Həm Rusiyaya, həm də sülhməramlıların özünə müraciət etdi. Ermənistan bu məsələlərdə bitərəflik nümayiş etdirməyə çalışsa da, əlaltdan nələrsə etdiyi də hesabdan silinməməlidir. Amma dərindən müşahidə etdikdə görünür ki, əsas rolda Rusiyanın bölgədəki silahlı qüvvələri və emisarları çıxış edirlər. Beləcə bölgədə yenidən separatizmi qızışdırmağa cəhdlərin olduğunu söyləmək mümkündür.
- Azərbaycan hazırda hərbi deyil, ekoloji və iqtisadi məqamlardan istifadə edərək nəzarətsiz ərazilərə daxil olmağa çalışır. Siz bununla paralel hərbi situasiyanı necə qiymətləndirirsiniz?
- Gərginliyin yaradılması sözsüz ki, hərbi situasiyanı qəlizləşdirir. Onsuz da bu günə qədər Azərbaycan Qarabağın dağlıq hissəsində strateji yüksəkliklərə nəzarət edir, ərazidə elit hərbi qüvvələrini yerləşdirib. Lazım gələrsə, ani göstərişlə həmin qüvvələr hərəkətə keçə və çox böyük işlərin öhdəsindən gələ bilər. Azərbaycan hələl ki, proseslərin hərbi müstəviyə keçməsində maraqlı tərəf kimi görünmür. Qarşı tərəf isə təxribatlarını davam etdirir. Mən bunu dedikdə daha çox rus sülhməramlılarla yanaşı bölgədə yolunu azan separatçıları nəzərdə tuturam. Həmin qüvvələr hər an Azərbaycanı hərbi qarşıdurmaya çəkməyə və Avropadan gələn monitorinq qrupuna, eləcə də bölgədə olduğu deyilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupuna müəyyən faktlar verməyə çalışırlar. Amma baş verən proseslər Azərbaycanın suveren ərazilərində yaşanır. Bu baxımdan Azərbaycan öz ərazisində qayda-qanun yaratmağa cəhdlər edirsə, bu məqsədlə konstitusion addımlar həyata keçirirsə, zənnimcə, kimlərinsə hesabatına düşməli deyil. Çünki baş verən proseslər təhlükəlidir, getdikcə miqyasını genişləndirir və Azərbaycanda təhlükəsizlik proseslərinə zərər verə bilər.
- Ermənistanın həyata keçirdiyi siyasətin əsas məqsədi Azərbaycanla prosesdə maraqlı olan ölkələri üz-üzə qoymaqdır. Fransa ilə münasibətlər gərgindir. Rusiya ilə münasibətlər getdikcə gərgin atmosferə daxil olur. Gözləntilər nədən ibarətdir, İrəvan məqsədinə doğru irəliləyirmi?
- Bəli, ermənilər Azərbaycanı bölgənin super gücləri ilə qarşı-qarşıya qoymaq üçün əlindən gələni edir. Amma onların istədiklərinə nail olduğunu demək mübaliğəli olardı. Fransa onsuz da əvvəlki Fransa idi, bu hadisələrin baş verməsindən asılı olmayaraq erməniləri müdafiə etməkdə davam edəcəkdi.
Rusiya isə son 200 ildə başımıza gətirilən müsibətlərdə əsas rolu olan ölkədir. Elə Azərbaycan ərazilərinin son işğalı zamanı da Kremli çox fəal olub. 44 günlük müharibə zamanı da Ermənistana silah göndərməkdə davam edib. Müharibədən sonra müxtəlif adlar altında strateji maraqlarını həyata keçirmək üçün addımlar atıb. Yəni hansı tərəfdən baxanda görürsən ki, Rusiya bölgəni əlində saxlamaq üçün mümkün olan imkanlardan istifadə etməyə çalışıb. Qismən də buna nail olub. İndisə Ukraynadakı ağır durumundan sonra bölgədəki geostrateji maraqlarını daha ciddi surətdə qorumaq işinə girişib, bunda israrlı görünür. Necə olursa-olsun bölgədəki status-kvonun taleyi Azərbaycandan asılıdır. Rusiya əgər bu bölgədə balansı özünün geostrateji maraqlarına qurban verməyə çalışsa, güman etmirəm ki, uduşlu çıxa bilər. Əksinə, sərtləşmə xəttinin götürülməsi Rusiyanın əleyhinə ola bilər. Onsuz da Türkiyə-Rusiya münasibətlərində soyuqluq yaranmaqdadır, üstəlik, Azərbaycan Rusiya ilə bağlı məsələləri açıqlığı ilə bəyan etməkdədir. Nəticə etibarı ilə Rusiya tərəfindən ölçülüb-biçilməyən addımlar atılacaqsa, qarşısında Türkiyə-Azərbaycan birliyini görəcək və bölgədə qarşısına qoyduğu məqsədlərə əsla nail ola bilməyəcək.
- Yaxın gələcək üçün nələrin baş verə biləcəyini proqnoz edirsiniz, danışıqlar başlayacaq, yoxsa gərginlik artan xətt üzrə davam edəcək?
- Gərginlik artacaq, hətta pik nöqtəsinə çata bilər. Amma gərginlik kuliminasiya nöqtəsinə çatdıqdan sonra müəyyən danışıqlar prosesinin baş verəcəyini gözləyirəm. Sülhyaratma prosesi pozula bilməz və pozulmayacaq da. Kimlərinsə bölgə ilə bağlı məkrli planları da məqsədinə çatmayacaq. Bu planlar hər dəfə işlədildikdə onların mexanizmi ortaya çıxacaq, Türkiyə də bunu yaxşı mənimsəyir. Üstəlik, dünya ictimaiyyəti də Rusiyanın yanında olmayacaq. Rusiyanın dünyəvi proseslərdən təcrid olunması prosesi gedir. Cənubi Qafqazda dayanıqlı sülhün yaradılması Rusiyanın məkrli planlarına qurban verilə bilməz. Bunu son nəticədə ABŞ başda olmaqla NATO ölkələri də istəməzlər. Hazırda Rusiyaya qarşı vintlərin daha da bərkidilməsi prosesi gedir. Bütün bölgələrdən Rusiyanın sıxışdırılması mərhələsi yaşanır və bu bölgələr içərisində ən önəmlisi Cənubi Qafqazdır. Rusiyada fitnə-fəsad sayəsində uzun müddətdir ki, təsir imkanlarını saxlaya bilir. İndi elə an çatıb ki, Rusiya ənənəvi metodlarla bölgədəki öz imkanlarını realizə etməkdə çətinlik çəkir. Bu baxımdan Rusiya ya ciddi güzəştlərə gedərək obyektiv mövqe tutacaq, ya da bölgə ilə vidalaşmalı olacaq. İndi Rusiyanın elə vaxtı deyil ki, qeyri obyektiv mövqelərini qəbul etdirə bilsin. Yeni dünya nizamı və yeni dünya qaydaları şanslar yaradıb və Azərbaycanda bundan yararlanacaq.
- Ermənistan...
- Məncə, Ermənistanda indiyə qədər oynanılan oyunların və təxribatların heç bir nəticə vermədiyini Paşinyan və onun partiyası səviyyəsində qəbul olunmağa başlayıb. Onlar görürlər ki, Qarabağ kartı onlara uğur gətirmir, BMT üzvü olan ölkələr mütləq şəkildə Azərbaycanın yanındadır. Eyni zamanda Azərbaycan bölgədə aparıcı dövlətdir, iradəsini diktə etməyi bacarır. Xüsusilə, Azərbaycan ordusunu möhkəmləndirib, müxtəlif güc mərkəzləri ilə yaxşı əlaqələr qura bilib. Beləcə bölgədə yeni siyasi konfiqurasiya qurulub, yeni yaranan şərtlər Azərbaycanın obyektiv mövqelərinin ciddi şəkildə inkişaf etməsinə zəmin yaradır. Ermənistan inkişaf etməkdə və öz dövlətinin mövcudluğunda maraqlıdırsa, formalaşan yeni şərtlərlə barışmalı, Azərbaycanla sülh müqaviləsi bağlamaqla yaxın qonşuluq siyasətinə girişməlidir. Eləcə də Türkiyə ilə əlaqələrini inkişaf etdirməlidir. Onun bundan başqa yolu yoxdur.
скачать dle 12.1