Bia.Az

“ALMANIYA UKRAYNANIN TEZ MƏĞLUB OLMASINI İSTƏYİRDİ, FRANSA İSƏ...” - Boris Consondan sensasiyalı müsahibə

Gündəm
 23-11-2022, 14:24     266

Avropa siyasi liderləri arasında Rusiyanın işğalçılıq savaşında Ukraynanın ən qızğın tərəfdarı kimi tanınan Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Rusiya-Ukrayna savaşından öncə və savaşın ilk vaxtlarında Avropa ölkələri rəhbərlərinin sərgilədikləri mövqe ilə bağlı sensasiyalı fikirlər səsləndirib.

“AzPolitika.info” xəbə verir ki, “CNN”-ə müsahibəsində Conson Fransa, Almaniya və İtaliya dövlət başçılarının Rusiyanın Ukraynada başlatdığı savaşa ilkin münasibətinə toxunub.

Sabiq Baş nazir deyib ki, Fransa bütün əlamətlərə rəğmən, son günədək Rusiyanın Ukraynada genişmiqyaslı savaşa başlayacağına inanmayıb. Almaniya isə Ukraynanın daha tez məğlub olmasını istəyib: “Bütün bunlar böyük bir şok idi... Biz Rusiya Batalyon Taktiki Qruplarının toplandığını görə bilirdik. Lakin müxtəlif ölkələrin gələcək perspektivlə bağlı müxtəlif mövqeyi vardı. Müəyyən məqamda almanların belə bir mövqeyi vardı ki, əgər bu(İşğal-red.) baş verəcəksə, fəlakət olacaq. Ona görə də, əgər belədirsə, yaxşı olar ki, bu, tez baş versin və Ukrayna tez yenilsin”.
Conson qeyd edib ki, həmin vaxt Berlinin belə düşünməsi üçün Almaniyanın Rusiyanın enerji daşıyıcılarından böyük asılılığı başda olmaqla, xeyli ciddi iqtisadi əsasları var idi.
Bununla yanaşı, Conson həmin vaxt bu mövqe ilə qətiyyən razılaşmadığını deyib: “Mən bu mövqeyi dəstəkləyə bilməzdim, mən hesab edirdim ki, bu yanaşma fəlakət deməkdir. Lakin mən onların nədən bu cür düşündüklərini anlayıram...”



Fransaya gəlincə, Boris Conson qeyd edib ki, rəsmi Paris heç cür Rusiyanın savaşa başlayacağına inanmayıb. “CNN” qeyd edib ki, sonradan Fransa hərbi kəşfiyyatının başçısı Erik Vidonun istefa verməsində Ukraynaya gözlənilən hücum barədə dolğun kəşfiyyat işinin aparılmaması əhəmiyyətli rol oynayıb.
Conson həmçinin, İtaliyanın Rusiyanın Ukraynaya qarşı gözlənilən hücumuna münasibətini kəskin tənqid edib. O, deyib ki, Mario Draqi hökuməti xeyli vaxt Böyük Britaniyanın Rusiyaya qarşı sərt mövqeyini dəstəkləməyib və bu zaman Rusiyadan enerji asılılığını əsas tutub.
Bir sözlə, Conson bildirib ki, savaş başlayana qədər Avropanın və bütünlükdə Qərbin vahid mövqeyi olmayıb. Lakin müharibə başlayandan sonra Qərb liderləri birlik nümayiş etdirməyə başlayıblar: “Almanlar, fransızlar, italyanlar, Co Bayden - hamı gördü ki, başqa variant yoxdur. Çünki bu adamla(Putin-red.) danışıqlar aparmaq mümkün deyil. Bu, həlledici məqamdır”.
Bununla yanaşı, sabiq Baş nazir artıq savaş başlayandan sonra Qərbin ortaya qoyduğu birliyi “parlaq” hesab etdiyini bildirib və sanksiyaların böyük rol oynadığını qeyd edib.
Qeyd edək ki, Conson işğalın ilk vaxtlarında Kiyevi ziyarət edən Avropa lideri olub. Conson həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski barədə danışıb və onun cəsarətini xüsusi qeyd edib. Onun fikrincə, Ukraynanın başında Zelenski yox, başqa bir lider olsaydı, hadisələr tamamilə başqa cür cərəyan edərdi.
Xatırladaq ki, doğrudan da müharibənin ilk günlərində Qərb liderləri böyük tərəddüd və təlaş içində idilər. Onlar hətta Zelenskini Ukraynanı tərk etməyə çağırmış, bunun üçün öz xidmətlərini təklif etmişdilər. Bunu Ukrayna rəhbərliyi də etiraf edib. Lakin Zelenski bütün bu təklifləri rədd edib və Kiyevdə qalıb.
Onu da əlavə edək ki, Makron, Şolts, Draqi tərəddüd və qorxu içində olanda və Zelenskiyə qaçmağı təklif edəndə ilk olaraq Türkiyə Ukraynaya real hərbi dəstək verərək, onu “Bayraktar”-la təmin etməyə başlamışdı.

BİA.az
скачать dle 12.1