Bia.Az

VƏTƏNƏ, XALQA BAĞLI ÖMÜR YOLU

Ədəbiyyat
 Bu gün, 12:23     21

Xəqani Səfərov -70

İnsan ömrünün ən böyük dəyəri yaşadığı illərin sayı ilə deyil, cəmiyyətə bəxş etdiyi fayda, qazandığı hörmət və  xeyirxah əməllərlə ölçülür. Elə insanlar var ki, onların ömür yolu zəhmət, vicdan, vətənpərvərlik və xalqa sədaqət nümunəsinə çevrilir. Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü el sevgisi qazanmış  Xəqani Səfərov məhz belə şəxsiyyətlərdəndir.

Ömrünün  70 illik zirvəsində şəstlə qərar tutan  Xəqani müəllim mənalı həyat yolu, zəngin ictimai fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə onu tanıyan hər kəsin dərin hörmət və rəğbətini qazanmışdır. Onun fəaliyyəti həmişə dövlətçilik prinsiplərinə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və xalqa xidmət amalı üzərində qurulmuşdur.

Uzun illər ərzində müxtəlif sahələrdə göstərdiyi səmərəli fəaliyyət, qazandığı həyat təcrübəsi və təşkilatçılıq bacarığı Xəqani müəllimi cəmiyyətin nüfuzlu ziyalılarından birinə çevirmişdir. O, üzərinə düşən hər bir vəzifəyə böyük məsuliyyətlə yanaşmış, insanların etimadını doğrultmağa çalışmışdır.

Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi kimi fəaliyyətində doğma yurdlarından didərgin salınmış soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi həqiqətlərin təbliği, milli yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində yorulmadan çalışmaqdadır. Onun bu sahədə gördüyü işlər həm dövlətimiz, həm də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü kimi də Xəqani Səfərov vətəndaş cəmiyyətinin inkişafına, ictimai nəzarətin gücləndirilməsinə, insanların problemlərinin dinlənilməsinə və həllinə mühüm töhfələr vermişdir. Onun prinsipial mövqeyi, obyektivliyi və ədalət hissi hər zaman nümunə olmuşdur.

Xəqani müəllimin uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətin dövlət tərəfindən "Tərəqqi" medalı ilə qiymətləndirilməsi də onun əməyinə verilənu yüksək dəyərin parlaq ifadəsidir. Bu mükafat yalnız bir insanın uğuru deyil, həm də Vətənə, xalqa və dövlətə sədaqətlə xidmətin layiqli qiymətidir.

Xaqani müəllimi yaxından tanıyanlar onu ilk növbədə sadəliyi, səmimiyyəti, xeyirxahlığı, ziyalılığı və insanlara qayğıkeş münasibəti ilə xarakterizə edirlər. O, qazandığı nüfuzu və hörməti məhz bu yüksək mənəvi keyfiyyətləri sayəsində əldə etmişdir.

Yetmiş il - zəngin həyat təcrübəsi, şərəfli əmək yolu, saysız-hesabsız xeyirxah əməllər və cəmiyyətə xidmətlə dolu bir ömür deməkdir. Bu yubiley təkcə Xəqani müəllimin ailəsinin və yaxınlarının deyil, onu tanıyan bütün insanların sevincidir. Çünki belə insanlar cəmiyyətin mənəvi dayağı, milli dəyərlərin daşıyıcısı və gələcək nəsillər üçün örnəkdir.

Əziz Xəqani müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, yeni uğurlar və Vətənimiz, dövlətimiz naminə həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.
Qoy həyat yolunuz daim işıqlı, ömrünüz bərəkətli, fəaliyyətiniz isə yeni uğurlarla zəngin olsun. Sizə olan hörmət və ehtiram hər zaman davam etsin.

Hər  nəyin, hər  nəyin  zirvəsi  varsa,
Ömrün  yaş  zirvəsi  bəlkə  də,  yoxdu.
Fəslin  bahar-payız  cilvəsi  varsa,
Ürəkdə  çağlayan  arzular  çoxdu...

70 illik yubileyiniz gözünüzə -könlünüzə köçən gözəlliklər, uğurlu özəlliklərlə mübarək olsun!

✍️ Tapdıq ƏLİBƏYLİ

BIA/az
скачать dle 12.1