"Qayıdış " (Ruhani-fəlsəfi poema)

"Qayıdış"
Ruhani-fəlsəfi poema
I. Kütlə və Sükut
Dağın başında yoxam daha –
baxışım kütləyə qarışıb,
özüm isə... sükuta.
Bir zaman “mən” dediyim səs
indi daşların içindən gəlir –
titrək və yad.
Sanki bir peyğəmbər
öz ilhamını
kütlənin ayaqları altında itirib.
Ey Səssizlik,
sən kimsən?
Tanrıdan əvvəl doğulmuş
bir ilk sözmü,
yoxsa son nəfəsin özümüyəm?
Səssizliyin qulağında
öz addımımı eşidirəm –
bu, mənim deyil.
Artıq Tanrı da bu sükutun içində
danışmaqdan vaz keçib.
II. Aynadakı rəddolunmuş Ruh
Baxıram – aynada
tanımadığım biri dayanıb.
Sanki ruhumun köçkün qardaşı –
yer tapa bilməyib
məni seçib.
Əllərimiz üst-üstə düşmür,
nə də baxışlarımız.
İkimiz də bir-birimizin içində
tanımadığımız bir İlahi axtarırıq.
Əlimi uzadıram –
açılır: içimdəki boşluqdan
bir mələk keçir, qanadı yanıb,
gözlərində deyilməmiş bir ayə.
Onun susqunluğu mənim dualarımdan daha ucadır.
III. Yer və Göy arasında
Hər gecə
bir qapı aralanır yuxumda –
o tərəf nə yerdi, nə göy.
Bir limbo,
bir qeyri-məkan.
Orada nə cənnət var,
nə cəhənnəm.
Sadəcə gözləyən ruhlar,
bir məktubun
heç vaxt açılmayan zərfi kimi.
Sual verirəm:
Ey İlahi,
bizə nə üçün ruh verdin –
əgər onu yaşadacaq
bir dünya verməyəcəkdin?
IV. Zamanın dilsizliyi
Zaman –
axan deyil artıq,
yığılıb.
Bir saata baxıram –
əqrəblər yerindən tərpənmir,
amma mən qocalıram.
Əsrlər içimdən keçir
mən heç doğulmamışam hələ.
Bəlkə ruhum
bir gün keçmişdə yaşayıb,
bəlkə gələcəkdə doğulacaq –
bu dünya mənə dar.
Tanrım,
biz itirilmişlərik –
ya unudulmuş ayələr,
ya da pozulmuş talelər.
V. Təslimiyyət və Çağırış
Yenidən səcdəyə getmək istəyirəm,
amma səcdəgah yoxdur.
Torpaq da duaları udmur artıq,
sanki o da küskündür
öz Yaradıcısına.
Bir ümidlə
yerə alnımı qoyuram –
orada
ancaq öz nəfəsimin buxarını tapıram.
Ey Tanrı,
əgər hər şeyi bilirsənsə,
niyə bilməzliyə salıbsan özünü?
Əgər bu bir mərhələdisə –
gör,
mən aclığın dibindəyəm artıq.
Bu sükutun
səsini qışqıra biləcək tək nəfəsim də getdi.
Gəl...
və ya
məni bu boşluqla baş-başa qoyma.
VI. Qayıdış
Sonda
hər şey susanda –
bir nida yüksəldi içimdən.
O mən deyildim,
o Sən idin –
məni özümə qaytaran.
Qaranlıq işıqdan doğuldu,
və mən
çöldə itmiş bir ruh kimi
bir kəlam eşitdim:
"Sən heç vaxt tək deyildin."
Ağladım.
Çünki mənə Tanrı gəlmədi –
amma mən
öz Tanrıma getdim.
Könül boşluğu
iblisə yox,
Nurun Özünə yer oldu.
Və belə başladı
səssizliyin içindən
İlahi bir səs –
hər şeyin əvvəlindəki kimi:
"Ol!"
Ədalət Qarabulud.