Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
***
3 iyun. 22:15
Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Anar adlı şəxs bir müddətdir dayısı Elməddinin evində qalırmış. Hadisə baş verən vaxt dayısı evdə olmayıb.
İlkin məlumata əsasən, 2011-ci il təvəllüdlü Anar Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səidə Cəfərovaya hücum edib. Ağır xəsarətlər alan qadın yerindəcə həyatını itirib.
Hadisə zamanı evdə qadının iki azyaşlı övladı da olub. Onlar qaçaraq qonşulara məlumat veriblər.
Qətldən sonra şübhəli hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
18:30
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Şübhəli hadisə yerindən qaçıb.
Məlumata görə, çobanlar onu örüş sahəsində gedərkən görüblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.








