Bia.Az

Şumla, keçir bizi xışından, Allah...

Ədəbiyyat
 Dünən, 17:08     254

Rəşad Əhmədli şeirinin qəlbimdə yaratdığı təəssürat...

"Dövr" və "zaman" terminləri bir-birinə yaxın mənalarda olsada, çox zaman fərqli kontekstlərdə işlədilir.

DÖVR —  Hadisələrin baş verdiyi bütöv  zamanın tarixini  bildirir.

ZAMAN —isə, hadisənin baş verdiyi vaxtı və məqamı  özündə əks etdirir.

 "Dövrünün şairi" ifadəsi isə, hər hansı bir şairin yaşadığı dövrün ədəbi və sosial mühitinə uyğun yazdığı şeirlərlə görə adlandırılır.  Yəni, şairin şeirlərində dövrünün ictimai, siyasi, mədəni və ədəbi hadisələrin  poetik gerçəkliyini özündə əks etdirməsinin ifadəsidi.

Klassik ədəbiyyatımızdan bu yana öz dövrünün şairləri çox olub. Onlar yaradıcılığında ictimai, siyasi, sosial, mədəni, iqtisadi həyatın gerçəkliklərini dərk etdiyi duyumda, poetik çalarlarla çatdıra bilib. Mirzə Ələkbər Sabir, öz dövrünün ən unikal şairlərindən biri sayılır ki, onun yazdıqları bu günlə səsləşir  və  eynən öz aktuallığını itirmir.

Bunu, heç də, bu gün haqqında danışmaq istədiyim şair qardaşmızın yaradıcılıq nümunəsi ilə müqaisə üçün yox, dərk edilmək üçün istinad etmək məcburiyyətində qaldım.

Müasir ədəbiyyatımızda dövrünün şairi titulunu qazanacaq yetərincə yaradıcı şairlərimiz var...

Bu gün onlardan biri, - "Mən şair deyiləm" təvazökarlıqı ilə "Ağsu Yazarları" Ədəbi Birliyində tanınan, hər dəfə üzə çıxardığı yeni şeirləri ilə çoxmuzu sevindirən və təəccübləndirən Rəşad Əhmədli haqqında danışmağı özümə borc bildim. Onun, bu yaxınlarda qarşılaşdığım  "ALLAH" şeiri yuxarıdakı düşüncələri qəlbimdən ahənginə uyğun çəkib çıxardı. Şair Rəşad Əhmədlinin təkcə bu şeiri bəs edir ki, insan xislətinə yad olan bütün eybəcərliyi ortalığa qoysun. Şair, cəmiyyətimizdə insan etibarının, sədaqətinin nə qədər eybəcərləşdiyini çox gözəl təsvirlərlə  öz oxucusuna çatdıra bilib. O, elə ilk misrasında Allaha üz tutub, yaratdığı bəndəsinin hansı gündə olduğunu belə vəsf edib:

- Daha adamları tanımaq olmur,
Qorxursan yeməyə aşından, Allah !
Bu günü bir təhər yola vermişəm,
Qoru sabahımı daşından, Allah !
-deyə, şair sanki ibadətində yalvarır.

Şair Rəşad Əhmədli  sonrakı bənddə öz insanlıq aləminin iç dünyasını obrazlı şəkildə belə təsvir edir :

- İndiki dövrana naşıyam-naşı
Çox şeyi dərd edib, ağartdım başı.
Mülk üstə öldürür qardaş qardaşı
Şumla keçir bizi, xışından, Allah !

Doğurdan da, bu bir itirilən insanlıq haray, bir yalvarışdı.

Özü özlüyündə haqlı olanlar,
Dırnaqı həcmində ağlı olanlar
Səxavət qapısı bağlı olanlar
Yekə danışırlar başından, Allah !

Şair, insanlıq dərkinin nə olduğunu şeirinin möhürbəndində özünə məxsus şəkildə belə verib:

- Rəşad, söykən haqqa,
                              söylə doğrunu,
Bildirmə heç kəsə, gizlət ağrını,
Səbr elə, hər şeyin gözlə axrını,
Üstündü insanlıq qoşundan Allah !

Bəli, şair Rəşad Əhmədli öz dövrünün ucuzlaşıb dəyərdən düşən insanlıq xislətinin eybəcərliyini bu şeirində  çox gözəl və möhtəşəm çatdıra bilib.

Dövrünün, zamanının eybəcərliyini özünəməxsus qamçılayan şair Rəşad Əhmədli haqqında bu şeir ilə bir söz deyə bildim. Öz dövrünün, zamanının şairi.

P. S: "Ağsu Yazarları" Ədəbi Birliyi  yaranan gündən Rəşad Əhmədli həmin birliyin sıralarında təşkilatçılığı və yaradıcılığı  ilə seçilən gənc yaradıcılardandı. Rəşad, "Ağsu Yazarları" Ədəbi Birliyinin Fəxri üzvü  şair, pedaqoq, rəhmətlik Abbasəli Əhmədovun oğludu. O, həmişə, bilmirəm rəhmətlik atasına görəmi, söz-söhbət düşəndə, - "mən şair deyiləm" - deyib, sözünü belə bitirərdi: - "Şairlər yanında olan biriyəm" . Amma, həqiqətən onu şeirləri bir çox aspektə özünəməxsus çalarlarla öz oxucusunu valeh edir.

Gənc və gözəl, özünəməxsus yaradıcılıq dəsti-xətti olan şair Rəşad Əhmədliyə yaradıcılığında uğurlar diləyib, həyatda daha böyük nailiyyətlər əldə etməsini arzulayıram.


Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
скачать dle 12.1