Bia.Az

Vaxt yıxar hər heykəli, gizlədər qara torpaq... - Səlim Babullaoğlunun şeirləri

Ədəbiyyat
 17-09-2024, 00:16     891

Böyükçölün test kitabının ağ yerləri  üçün

Qohumluq əsasında yaranan insan birlikləri- qəbilədir.
Azərbaycan- qəbilə qanunlarıyla yaşayan,
idarə olunan demokratik ölkədir.
Pul- əmtəədir, ilkin adıyla sikkədir.
Rüşvət- zəhmətə hikkəli bir şillədir.

Odur ki, ey məmləkət adamları məni dinləyin:

Rüşvət alanda və verəndə onu mütləq zərfə qoyun:
mədəni, estet və zərif olun;
özünüzü tox tutun, pula bulaşdırmayın gözünüzü,
onu özünüzə qarşı şahidlikdən qorumaq olsun bəraətiniz
və  daha çox cibləriniz hiss etsin paraların ağırlığını.

Haqqınızda söz dedizdirin, yazı yazdırın,
ya da özünüz yazın: sizi sizdən yaxşı kim tanıyır ki.

Mərkəzi küçələrdə tez-tez gəzməyə çıxın,
özünüzü özünüzə həqiqi şəhərləri kimi hiss etdirin:
yumruq vurun, tir atın, əsas da tez-tez tüpürün-
vətəni suvarmaq ədəbdəndi.

Ölkənin adını heç vaxt düzgün tələffüz etməyin:
o çox gözəldi, gözə gətirərsiz,onu mütləq "azar”layın,
"zər”ini "zır”la zorlayın.

Tərəzidə mütləq aldadın:
narahat olmayın, etalon uzaqda,  Londondadı.

Ləhcəylə danışın:
onda siz mütləq qəhrəmansınız, möhtəşəmsiniz:
yalnız məhlənizdə, kəndinizdə-
dünya onsuz da yepyekə Çindi.

Hüququ boş verin, adətləri sevin.
Ənənlər hüququn əsasıdı.
Əsas adamın balası, ata-anasıdı.
Qalanları ya adam, ya başqasıdı.

Həyatmı mətndi? Mətnmi həyatdı?-
bunları düşünmədən yaşamaq əlbəttə asanddı.
Odur ki,heç kitab almayın,olanları da cırıb tullayın:
Elxan demişkən, dönər dünyadan dadlıdı
və ucuzdu əlbəttə ki.

Qətiyyən ciddi musiqi dinləməyin,
dünya onsuz da səs-küylüdü.
Təskinliyiniz quş səsi olsun,
ya da pişik miyoltusu-
yekə maşınlarınlarınızın təkəri altında qalıb öləndə
və əlbəttə eşitsəniz.

Həmin qadına məktub

Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.

Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf  yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.

İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.

O adamlar deyilik,
bir də nə yazım,axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.

Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.

Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.

Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.

Cavan bəstəkar dostlarım üçün blüz

Türkər, Tahir,  Ayaz, Səid və Bəxtiyar oturmuşuq bir kafedə,
Stəkanda  limonlu çay və qəndqabı var süfrədə.
Məmləkətdən danışırıq: qaçır rəngi çayın, mənim və qarsonun.

Başımdakı yenə həmin yad, dumanlı fikirlərdi, onurğamda küt  ağrılar,
Kafedə bol qışqırıqlar, "Bura! Bura!” bağırtılar.
Konsertə var. Məmləkətdən danışırıq: nə vaxt çatar bunun sonu.

"Motsart, Şuman, Şopen, Brams, Bethoven, List... ” -
Türkər deyir. - "Nə yaxşı ki, olmayıblar bu ölkənin, bu kafenin
sakini və müştərisi.
Məmləkətdən danışırıq: xoşbəxtliyə gücü çatmır sözün, notun.

Qafiyəyə düşən dərdlər eynək taxmış, frak geymiş adam kimi,
Şirin-şəkər ritmə düşür həyat onda müti-müti.
Məmləkətdən danışırıq: bombardmana nə dəxli var "Hernika”nın, Pikassonun.

"Susuz ikən bir adama su verdimi söylə şeir?”
"Elə mən də musiqini  bir yaraya məlhəm olsun- heç görmədim”- Tahir deyir.
Məmləkətdən danışırıq: yeri deyil solfecionun.

Məmləkətdə normal olmaq mümkün deyil, normativlər bayağıdı,
Bu sətirlər yaman oynaq, lap qaytağı sayağıdı.
Məmləkəti düşünürük çala-çala Mendelsonu.

Vazeh gəlir, soruşur ki, nə baş verir və soyunur patosunu.
"Heç nə? dostum, hər şey puçdu, Nikolaydan qalma köhnə patefonu
təqlid edib məmləkətdən danışırıq”. Qaçıb rəngi çayın, onun və qarsonun.

Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi

Gündəlik üzücü işləri, vərdişləri nəzərə almasaq,
bir də doğuşun və qürbun səmtini,
onda heç kim sabahı yaşadığı kimi gözləmir.
Bura gələ-gələ ilk cümlə haqqında düşünürdüm,
Kağız üstündə o təxminən belə ola bilərdi:
adam həmişə danışmaq istəyir,
amma çox vaxt lazımi yerdə
və istədiyi adamların əhatəsində olmur.

Hamı özünə məğlub olur və kölgəsi kimi öz ayağına düşür.
Bunu hiss eləyəndə hirslə ayağını yerə çırpır,
amma kölgələri tapdamaq olmur,
əksinə o bizi təqlid edir, cinləndirir.

Uşaqlar, bir rus filmi vardı: "Kölgələr günorta yox olur”,
başqa cürə desək günəşin zarafatı: əşyalarla və insanla.
Şərqdə insanları kölgəsiz çəkiridilər.
Kim bilir, bəlkə bunu günəşdən öyrənmişdilər-günortalar.
Bəlkə ölümün həmişə mümkünlüyünə işarəydi bu.

8.15-di. Zaman həmişə işləyir.İliyimizə.
Bir azdan zəng şalınacaq. Hamı zəng gözləyir.

Kitab rəfləri qürur yeri deyil, yalnız əşyadır;
hərçənd qorxudur; amma nahaqq.
Fərz edin ki, hamının yüz il yaşamaq imkanı var
və ilk gündən oxumağı bacarırıq.
Gündə bir kitab hesabıyla bu təxminən 36.500 edərdi.
Bir fikirləşin, görün, dünyada nə qədər kitab var?
Odur ki,kitablarla yox, mətləblərlə öyünün.
Ən yaxşısı isə öyünmək yox, böyüməkdir.
Yadda saxlayın : biz həmişə az biləcəyik.
Amma bir kitab da var...onu mütləq oxuyun, höccələyin.

Tale seçmir, bunu bilirsiz, çoxdan deyilib.
O bizə bənd olur, əsl leyli-məcnun hekayətidi bu, birtərəfli.
Beləsinə rusca odnolyub deyirlər.
Nə fərqi var: siçan bir az siçandısa, bir az da farədir.

Sözlər,eh sözlər...
Uşaqlar,elə sözlər var ki, onlar olmasaydı, heç nə dəyişməzdi.
Məsələn asfalt.
Mən bunu sahilə, yanınıza düşərkən anladım.
Balaca bir çiçək asfaltı deşmişdi,
və beləcə torpağı, həqiqi yolu, əsl sözü nişan vermişdi.

Bir müəllimimiz vardı.
O da hamı kimi həyatın qaynar qazanından buxarlandı.
Bir gün özündə deyildi, nədənsə ürəyini mənə açdı.
Yanına bir qadın gəlibmiş.
"süpür, at, şeytanı ətəyindən” deyibmiş qadına.
Heç kim moizəni sevmir, qadın qəhqəhəylə gülübmüş.
Amma insan cinsini tanımadığı vaxtlarda,
hələ birinci gün adətən ağlayır.
O deyirdi ki, məqsədim qadını qorumaq yox,
ondakı xəbərsiz olduğu təmizliyi hifz etmək idi,
o qadın günahı və istirabı məni qədər tanımırdı,  bilmirdi.
Mən bunları sizə niyə danışıram, düzü, bilmirəm?
Müəllimim də belə demişdi mənə.

İşdi, yazıçı olmaq qərarına gəlsəniz,
satira,yumor, ironiya və sarkazm adına
çoxlu yumor və tənə görəcəksiniz.
Bir də paltarını dəyişmiş adamları və dünyanı.
Onda ağlamaq istəyəcəksiniz.
İnamınızı itirməyin.

Və bilin, inam
inamsızlığın gücüylə ölçülməsə də tənzimlənir.
Unutmayın,bütün nəticələr və hesablar
bir ( = 1)  qədər doğru deyil.
Bir dediyim indi mənəm,
sabah isə başqa bir hesabdar:
siz, biz,onlar və sairə.

Hər kəsin öz adı var və odur ki,
şəxs əvəzlikləri yazılmasa heç nə dəyişməz.
Baxaq: mən məktəbə gedirəm;
yaxud: məktəbə gedirəm.
İslahata yox, islaha ehtiyac var.
Susursuz...

İcazə verin, mən bu sükutu özüm bildiyim kimi eşidim.

Şəxsi təcrübənin bütünlüklə bölüşülməsinin əleyhinəyəm.
Səmimiyyət deməkdə yox, deməməkdə  ən azı alicənabdı.
Hətta yerindəysə sükut  səmimidir və o qədər çox şeyi anladır ki.
Məsələn balıqı atalarınızdan soruşun:
balıqları niyə tutdular, öldürdülər. satdılar?
Onların gözü dolacaq və mütləq sizə zillənəcək.
Susacaqlar  və bu dərin-doğru izah olacaq.

Unutmayın, həyat reprodiksiya yox, orijinaldır.
Və onu olduğu kimi çoxaltmaq əlbəttə ki, əksiltmədir.
Ömürünüzdə və mətndə israf etməyin onu.

Muzeylərə məqsədli getməyin.
Xalqın dövlətə cehizidir muzeylər...
Əslində başqa şey demək istəyirdim...
İşdi, muzeyə, sərgiyə yolunuz düşsə,
qarışıq, anlaşılmaz, axmaq bir rəsmin önündə
vəcd dolu adamları görsəniz-
bu vaxt vacib görünüşlü,qolları çarpaz müəllif gülümsəyəcək-
o rəssama bir vərəq kağız və qələm uzadın qəfil,
xahiş edin ki, həmin rəsmi bir neçə cümlə ilə izah etsin,
əgər bacarmasa-adətən belə olur,
bilin ki, gördüyünüz səhnə daha böyük əsərdi.
Eynən sizin qumsaldakı yalın və dərin ayaq izləriniz kimi.

İnanıram ki, hardasa ilahi kitab adına belə bir cümləyə rast gələcəksiniz:
"O səmanı, yeri və dənizi yaratdı. Bunun gözəl olduğunu anladı.”
Oxusanız bilin ki, bunu adam yazıb.
Anlamaq, bütün hallarıyla, xüsusən də sonradan- bu insanın keyfiyyətidi.

Hə, uşaqlar, heç kim sabahı yaşadığı kimi gözləmir,
və yanınıza gələndə özümlə
üz qabığında qızıl balıqla qocanın rəsmi olan
bir kitab götürmək istəyirdim.
Amma qorxdum.
Fikirləşdim ki, balıq sizin dənizə atlanıb üzüb gedər.
Qoca isə qarşınızdadır.

O.B. və Ə.S.yə

Əgər keçmiş keçmişdə qalıbsa,
bəs, o niyə sabahın kandarında ilişib qalıb?
Belə çıxır ki, yeni olan yeni deyilmiş
və hələ heç kim gələcəyin badəsini acqarına içməyibmiş;
demək, ömür tale südünü doyunca əmibmiş.

Qoca qarısının ölümündən həmən sonra
qapı ağzındakı güzgünü onun böyük rəsmi ilə dəyişdi.
Axır vaxtlar yaxşı eşitmirdi,açarları çoxaltdı,
uşaqlarına payladı, həm də istədi ki, övladları
hər dəfə ata evinə gələndə birinci analarını görsünlər,
onunla ehtiramla salamlaşıb görüşsünlər.
Rəsmin tozunu alanda xatırladı ki,
çoxadandı bu evə heç kim gəlmir,
"yəqin işi çoxdu uşaqların, onları qınama” deyə pıçıldadı,
qadını gözlərini görməsin deyə
adəti üzrə başını kənara çevirmək istəyəndə,
əlindəki quru əskinin bir cüt damcını
canına necə çəkdiyini hiss etmədi.

Salama

Yazmaq da yazmamaq  tək
dostum, elə taledi.
Tale deyilsə demək
ya yoxdu, ya zayedi.

Düşsən- enişdi dağlar,
qalxsan- dostum, yoxuşdu.
Bağlananda qapılar-
bacalar da çıxışdı.

On eləsə üç üçüm,
1 də  demək özünsən.
Hər kəs özünün bü(s)tü,
qonub çiyinlərinə.

Vaxt yıxar hər heykəli,
gizlədər qara torpaq.
Üstdən pərgar dillərin
yellər əsər qaçaraq.

Şükür, hələ yaşanır
Həyat ay-ay və il-il.
Ömrümüz xırdalanır
yollarda ləpir-ləpir.

Salam olsun bu sabah
qoy, Səlimdən Sarvana.
Bəndəni sevən Allah
bəs edər hər karvana.

BİA.az
скачать dle 12.1