Bia.Az

Qərəz tənqid deyil, qanun pozuntusudur

Cəmiyyət
 Bu gün, 19:35     61

Jurnalisti sifarişli yazılar yazmağa nə vadar edir?

Qərəz heç bir halda kiməsə başucalığı gətirmir. Yaxud planlı, düşünülmüş, məqsədli (və s.) israrla diqtə edilən əsassız tənqidi yazılar da vicdansızlıqdan başqa bir şey deyil...
Unutmayaq ki, hələ sağlığında ümummilli lider Heydər Əliyev deyirdi ki, mənə məlum olmayan həqiqətləri mənə çatdıran hər bir jurnalistə minnətdaram. Diqqət edin, ümummilli lider ali həqiqətlərdən bəhs edirdi, yalan-yanlışı isə qətiyyən əhatəsinə buraxmırdı.
Elə ölkə rəhbəri İlham Əliyev də jurnalistin məhz haqq işi uğrunda fəaliyyət göstərməsini və mübarizə aparmasını məqsədəmüvafiq hesab edir...

Bəs nə baş verir ki, bəzi jurnalistlər bir sıra sosial şəbəkələrdə, belə deyək, saytlarda faktlara əsaslanmadan, əllərində heç bir dəlil olmadan qərəzli fikirlər yayır, ya da sifarişli yazılar dərc etdirirlər? Bu hal aşkar təəssüf doğurur, sağlam yazı-media prosesi deyil, trolluqdur, ya da qara piyar işidir...

Son günlər bir neçə saytda bu ilin fevral ayında 6 saylı İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor əvəzi təyin edilmiş Sərxan Ağabalayev haqqında həqiqəti əks etdirməyən məlumatlar dolaşır, onun şəkli tənqidi anlamda cənab nazirin şəkli ilə yanaşı verilib. Bəllidir ki, Sərxan müəllimlə bağlı əsassız tənqidlər səriştəsiz qələm adamlarının hay-küyündən başqa bir şey deyil, çünki o, cəmi dörd aydır aidiyyəti sahəyə təyinat alıb və illər əvvəl İsmayıllının meşə massivlərində aparılmış qanunsuz tikintilərin onunla heç bir əlaqəsi ola bilməz.

Heç bir araşdırma aparmadan Sərxan müəllimin şəklini cənab nazirin şəkli ilə bir yerdə vermək nə dərəcədə doğrudur? Hansı jurnalist hansı fakt və ya dəlillə isbatladı ki, Sərxan müəllim təbiətə qənim kəsilənlərlə mübarizədə zəiflik ifadə edir, diqqətsiz hallara yol verir və s? Bu hal, bu hərəkət jurnalist üçün utanc hissidir, onun səriştəsizliyini, ya da maddi hərisliyini göstərir.  

Qərəz nümayiş etdirən jurnalistlərdən soruşmaq lazımdır ki, 2019-cu ildə - yeddi il əvvəl İsmayıllının Tircan ərazisində - meşə massivində, meşəyə aid olan sahədə inşa edilmiş yaşayış evinin Sərxan müəllimlə nə əlaqəsi var?

Bu, birbaşa qanun pozuntusudur, jurnalistə yaraşmayan haldır, yaxud aidiyyəti tikilini yeni direktorun fəaliyyəti ilə bağlamaq kimlərinsə hansısa “əmr”ini, yaxud “xahiş”ini yerinə yetirmək “missiyası”dır.

Bizə çox maraqlıdır, bəzi jurnalistlər nə üçün bu cəhddədirlər? Haqq-nahaq kimisə şər işə mübtəla etmək, hansısa qanunsuz işi kiminsə boynuna yıxmaq jurnalistə beş-on manat haram puldan başqa nə verir və ya nə verə bilər ki?

Onsuz da təmiz qəlb, saf vicdan ləkə götürmür. Yaxşı olardı ki, qələm adamlarımız bütün çək-çevirlərində sağlam tənqidə, faktlara və ya dəlillərə əsaslansınlar, doğru-dürüst tənqidi yazıları ilə dövlətə xidmət etdinlər. Yalnız o halda onlara təşəkkür etmək olar...


Raqif Nazimoğlu,
şair-jurnalist

BİA.az
скачать dle 12.1