...güldüm hərdən yazmağıma, ruh içində azmağıma... - Zahid Sarıtorpağın şeirləri

Zahid Sarıtorpaq – (Məmmədov Zahid Lətif oğlu) şair, yazıçısı və tərcüməçi. 1957-ci il mayın 11-də Şamaxı şəhərində doğulub.
İlk şeiri 11 yaşında Şamaxıda çıxan «Yeni Şirvan» qəzetində çap olub. 1981-87-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat institutunda təhsil alıb. Şeirləri «Ulduz», «Azərbaycan», «Ədəbiyyat və incəsənət» və digər ədəbi orqanlarda çap olunub. «Üfürülmüş çırağın ruhu», «Tək işığın haləsi» şeirlər və “Dərdin sarı çəpkəni” nəsr kitablarının, «Əlifba bayramında qətl», «Dərdin sarı çəpkəni», «Kül» , «Qarğa marşrutu», “Quşların intiharına ağlamayın”, “Köhnə mücrüyə elegiya” romanlarının müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun «İtirilmiş cənnət» və «Qaytarılmış cənnət» epopeyaları, Artur Rembonun, Fransua Moriakın seçilmiş əsərləri («Keçmiş zamanların yeniyetməsi», «Sevgi səhrası» romanları), Lev Tolstoyun “İvan İliçin ölümü” povesti, Anton Çexovun “6 nömrəli palata”sı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri («Qoca» romanı və hekayələri), Aleksandr Soljenitsının üç cildlik «QULAQ Arxipelağı» əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri, çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət “Kişi, qadın və çətir” adlı şeirlər kitabı (Salam Sarvan və Mahir N. Qarayevlə müştərək), Höte, V.Skott, C.Coys, M.Prust, E.İonesko, C.Steynbek, B.Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.
1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür. 1989-95-ci illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 2009-cu ildə Prezident Təqaüdçüsü olub. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin «Xəzər» dünya ədəbiyyatı dərgisinin redaktoru olub,. 2018-ci ilin yanvarından isə, həmin Mərkəzin elm və təhsil şöbəsində dil mütəxəssisi işləyir.
...
şeirdən ayrılıb getdim,
elə bilmə ki, küsdüm... yox...
sözdən nə istədim – yetdim,
başqa heç nəyə qəsdim yox...
güldüm hərdən yazmağıma,
ruh içində azmağıma...
çəpər çəkdim söz bağıma
cığırmı, yolmu kəsdim? – yox...
yüz yol gözünü dik göyə
qapıl içində hikkəyə
yoxdur sözə kəfən deyən
yox... nə susdum, nə bezdim... yox...
budaqdan son yarpaq kimi
çatıbmı qırılmaq dəmi?
gəl qarışdırma fikrimi,
üfürən varmı, əsdim? – yox...
təkəmmi, cütəmmi yəni?..
anlayaydım mən kaş məni,
...özümdən qatı düşmənim,
özümdən yaxın dostum yox...
Ömür şütüyür...
ömür şütüyür... bilmirsən
gün ötür, yoxsa ay keçir.
Elə bil dar bir dalandan
köhnə bir tramvay keçir.
Göyün yeddinci qatında
kimsə Söz deyir adımdan...
Nədən könlümün çatından
O-na oxşar haray keçir...
Dərd yürüşüdü, ya səlib?
Can bayraq kimi dikəlib.
...Ölüm də çırmanıb gəlib–
zalım elə bil çay keçir...
***
mən hamıdan körpə ikən
hamıdan da qoca öldüm
tutdum Sözün ətəyindən
uça-uça uca öldüm
Haqqa sarı qaranəfəs
qaçdım... qaça-qaça öldüm
dərdi-səri balam kimi
öpdüm... quca-quca öldüm
fanilik çox şey dilədi
cəhdi çıxdı puça öldüm
öz ruhuma Qul olmağa
gündüz öldüm gecə öldüm
həyatla daban-dabana
Ölümlə iç-içə öldüm
ölkə-ölkə şəhər-şəhər
ev-ev küçə-küçə öldüm
özümə qalib gəlsəm də
Ölümlə heç-heçə öldüm
... yaxşı ki bir Sən bilirsən
necə oldu necə öldüm...
***
bu daş yağışıdı
bu yırtıq çətir
bu bizik
bu yoldu
o da çağıran
hələ harasıdı harası könül
hər şey qabaqdadı belə baxıram
məni yıxıq görüb ağlamaq niyə
yaranı öpməklə yara sağalmaz
batır barmağını axan qanıma
ümidlə divara: “biz burdayıq...” yaz
* * *
göy üzünün mavisini
sərdim bir çölün düzünə
parça-parça tikə-tikə
topladım səni içinə
sonra boş yerə ağladım
axdı göz yaşım havayı
çünki o yükdə yox idi
heç kim özümdən savayı...
1982
***
Hər ölünün alnındakı
sonuncu tər damlası,
İnsanlığın başına çırpılan
Həvvanın alması
və kainatın bakirə qalması kimi
əfsanələr artıranda şübhəmizi - doğulduq...
Nə yaşadıq? Nə gördük?..
At quyruğuna qoşuluydu ömrümüz
sonda təkərlər altına düşdük.
Ulduza tula göndərib
mələklərə gülüşdük.
Sevgini yox, hər yerdə
ayrılığı, ayrılığı bölüşdük - boğulduq...
Nə yaşadıq? Nə gördük?
Quşların dimdiyindən, arıların yükündən,
Bütlərin sınığından, Tanrıların təkindən,
qarışqa tək dərdləri yuvamıza çəkəndə
Elə bil, yer yarıldı,
yer yarıldı - yox olduq.
***
hər nağılın sonunda
göydən üç alma düşür
alma payım sizin olsun
hər həsrətin sonunda
göydən iki sevinc düşür
sevinc payım sizin olsun
hər ömrün sonunda
göydən bir ölüm düşür
yüyürməyin üstümə...
* * *
Şaiq Vəlinin ruhuna
yağdın yerdən buludlara
kölgə saldılar üstünə
kölgədə alışdın qəfil
quşlar yol azdı tüstünə...
O-nun adı qopar-qopmaz
dodaqlar qaldı açıla
dedin: bu cür yol olarmı
yol birnəfəsə qaçılar
Ölümlə xoş-beş eləyib
süfrə sərincə önünə
doğmaların əzizlərin
qaçıb kəfən aldı sənə
dırnaqları qançır oldu
səndən yapışan həyatın
həyat sərbəst bir şeirmiş
Ölümsə yığcam bayatı
orda ayrı təntənədi
bilən yaxşı bilir dedin
çiyninə qondu nə isə
baxıb baxıb gülümsədin
sonra da yumdun gözünü
zülmət çökdü... döndük kora
biz sənə ağladıq
sənsə
yağdın yerdən buludlara...
2014
***
Dünya elə sən görəndi, ay Fəxi...
Necə qoyub getmisənsə – elədi.
Dəyişməyib dağı, daşı, insanı,
Sevgisi də, nifrəti də tələdi...
Bircə udum Tanrı adlı nəfəs var,
Çırpınmağa sinə adlı qəfəs var.
Yerin üstü altından da dardı, dar,
Göy üzü də cəmi bircə gilədi...
Ölümün ki insafı yox bir qaşıq,
Biz – şeirə, ölüm bizə sarmaşıq...
Elə bil ki, Sözlə başın yarmışıq,
Bağışlamır etdiyimiz “qələti”...
Neyləyək ki, guya, haqdı deyirlər...
O gəlincə durub qara geyirlər...
Biz gedirik... dizlərinə döyürlər
Deyirlər ki, taleləri belədi...
Bəlkə bir də bu səhnəyə baş əyək
Həyat adlı tamaşanı dinşəyək...
Amma dünya anşlaqdı, neyləyək,
Yoxdu daha kassasında bileti...
* * *
keçir qarlı gecədən
ayaqyalın bir külək
bir isti yer də yoxdu
dünyadan əl götürək
qorxmuruq bilsək ki lap
bu dünyanın sonudu
dünyaya gəlmək özü
bir əcəl oyunudu...
1981
* * *
üzülmüş payızı alır çiyninə,
salır budaqlardan bir fani rüzgar
burda sevgilərin sabahı yoxdu
burda görüşlər var ayrılıqlar var
burda küləklərin mayası ahdan
yaşılı yandırır, sarını tökür
gəlir qismətimiz bir olan haqdan
gücünə görədi hamının yükü
hamının gücü
sevgisinə görədi,
ancaq sevgisinə görə...
1986
***
..sudan da pak-pakizə
könüldən də qarışıq,
bir ruh kimi cilovsuz
fikir qədər dolaşıq
bir cüt göz tək sevgili
bir cüt əl kimi titrək
qərib tabutu təkin
çiyinlər üstə yüyrək
rəsmimizi cızarlar
günlərin bir günündə
bax bu dünya uzunda
bax bu dünya enində
bir xaça bənzədərlər
qərib taleyimizi
bir sevgi qalar bir biz
bir də Tanrının izi
nəfəs tək üfrülüncə
hər şey pozulub gedər
sonrasa.. yox... demirəm...
yum gözünü... bu qədər...
1996
***
deməzsənmi gördüm səni
Ona pənah aparırdın
sevgiylə doluydu yükün
həm də günah aparırdın
çiynində bir məsum mələk
varmı yoxmu hardan bilək
dodağından öpən külək
isti bir ah aparırdı
aramızda Söz dururdu
o Söz bizi susdururdu
məni şeytan azdırırdı
səni Allah aparırdı
1989
***
köçən durna geri dönməz köçündən...
geri dönmə heç haraydan, heç ündən.
əl uzadıb yüz çiçəyin içindən,
mən daha dərdiyimi dərmişəm...
qaçırmışam gözümdəki mürgünü,
uçurmuşam fələk hörən hörgünü.
qoymaram ki hədər gedə bir günüm,
küləklərə verdiyimi vermişəm.
əvvəl-axır üstələyir yaz qışı,
geri dönür hər budağın öz quşu.
get sənə də nəğmə hörüm, söz qoşum,
saçlarına hördüyümü hörmüşəm.
mənə qalsın bu od-ocaq sevgimiz,
ömrü boyu boy atacaq sevgimiz,
get... səni də oyadacaq sevgimiz,
mən sevgidə gördüyümü görmüşəm...
1979, 12 dekabr.
Bilmədik hara yığılacağımızı
ah biz bilmədik
bilmədik hara yıxılacağımızı
bilsəydik
ora qabaqcadan pərqu döşəyərdik
və yaşayardıq arın-arxayın
bu ağaclar
doğulduqları yerdən
hələ bir addım da ayrılmayıblar
və gözəl bilirlər hara yıxılacaqlarını
hər payız gələndə
yıxılmaqdan qorxurlar elə bil
döşəyirlər yarpaqlarını
ayaqları altına
ah biz bilmədik
bilmədik hara yıxılacağımızı
bilsəydik
daşıyardıq günahlarımızı
arın-arxayın
Taxt
Bütün taxtların ucası
bu taxta tabutdu ki var.
Bu şahlıq çəkir hamını
üzündə şeytan tükü var.
Hamının şah olan günü
hamının ölən günüdü.
Ölən günü çiynimizdə
diri bir şahlıq yükü var.
***
aşdıq dağın o üzünə
gedirik üstən aşağı
elə bil ki bu yol bizi
aparır qəsdən aşağı
ay boşuna sürünən yol
haqqa sarı ərinən yol
ay gözümə dirənən yol
yol varmı gözdən aşağı
dil nə deyirsə asidi
susmaq ölüm həvəsidi
səbir sevgidə qazidi
şikəstdi dizdən aşağı
ömür sevgiylə yarıdı
sevgi haqqın buxarıdı
hamı bizdən yuxarıdı
kimsə yox bizdən aşağı
Söz öndədi biz geriyik
ona son anda gərəyik
biz hər cür səsdən diriyik
ölüyük Sözdən aşağı
***
köhnə qəbirlərdi kol-kos içində
qonub baş daşına şanapipiklər
əlacsız adamın burda nə işi
Tanrı bəndəsini hara sürüklər
ölümlə nə durur aramızda ki
bir uçuq divardı bir sınıq qapı
bir addım bəridə sevda ələmi
bir addım o yanda Haqqın girdabı...
***
içində çat verdi səsin
ah qopdu, qaya düşdümü?..
... arılar qondu güllərə
xallar almaya düşdümü?..
arı uçur, güllər solur,
almalar da haqqın bulur...
...de, gözlərin niyə dolur
kölgəmiz aya düşdümü?..
yaşanan günlər - göy əski
sarınan qopa bilməz ki...
...dedin Kor Aşiq ölməz ki
vurma-çalmaya düşdümü?...
Zahid Sarıtorpaq