Bia.Az

RUSİYANIN NEFT İMTAHANI... - Neft və qazın bahalaşması hökuməti rahatlaşdırır, lakin...

Dünya
 20-10-2021, 12:47     18

Bu gün bəziləri “Rusiya nə vaxt sürətlə inkişaf edəcək”sualına belə cavab verir: ”Neftin büdcəyə təsiri qurtaran zaman”. Bu yanaşmanın tərəfdarlarının fikirlərinə görə, büdcə gəlirlərinə neft və təbii qazın təsiri, tənbəlliyi artırır. Digər yandan isə neftin qiymətinin oynaqlığı rublun sabitliyini pozur və iqtisadiyyatı daim stress altında saxlayır.
Rusiyada iqtisadi böyümə ilə neftin qiymətləri arasında müsbət hərəkət dinamikası mövcuddur. Başqa sözlə desək, nə vaxt ki, neftin qiyməti yüksəlir, iqtisadi böyümə artır. Amma belə vəziyyət bir çox struktur problemlərinin həllini ləngidir.
Neftin qiyməti 1990-cı illərdə 20 dollar səviyyəsində idi, sonradan qiymətlər durmadan yüksəldi və 2011-ci ildə bir barel neftin qiyməti 100 dollardan da bahaya satılırdı. Bu, Rusiyaya böyük üstünlüklər verdi. Lakin 2014-cü ildə neftin qiymətinin sürətli düşüşü qazanılmış həmin üstünlüyü müəyyən mənada heçə endirdi.
Uzun müddət ərzində neft və qazdan əldə edilən gəlirər büdcənin yarısını təşkil etsə də, pandemiyanın təsiri altında bu göstərici 28 faizədək gerilədi. Amma neft və qaz satışı əvvəlki kimi böyük gəlir mənbəyi olaraq qalmaqdadır. Bundan başqa, Rusiya Mərkəzi Bankının 614 milyard dollarlıq valyuta ehtiyatı neft və qaz ixracı hesabına yığılıb.
Lakin “qlobal istiləşmə” ətrafında gedən qızğın mübahisələr üzündən bütün dünyada yanacaq növlərindən istifadəni azaltmaq meyli müşahidə edilir. Ona görə də yaxın illərdə energetika sektorunda əhəmiyyətli dəyişikliklərin baş verəcəyi gözlənilir.
Müxtəlif beynəlxalq təşkilatların proqnozlarına görə, energetika sahəsində neft və kömürün payının ciddi şəkildə azalacağı proqnozlaşdırılır.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birolun bəyanatında qeyd edilir ki, 2050-ci ilə kimi “atmosferə ziyanlı qazların buraxılmasının sıfırlanması” çərçivəsində neftdən əldə olunacaq gəlir və onun hasilatına qoyulan investisiya xeyli azalacaq, külək və günəş enerjisinin payı isə artırılacaq. Bəyanatda həmçinin deyilir ki, qlobal enerji sistemində indi cəmi 1 faiz olan günəş enerjisinin payı 20 %-dək yüksələcək, ənənəvi yanacağın payı isə 80 %-dən 20 %-ə düşəcək, ancaq kifayət qədər sərmayə yatırılmazsa, yenilənə bilən enerjiylə bağlı proqnozlaşdırılan bu göstəricələrə çatmaq heç də asan olmayacaq.
Beynəlxalq Enerji Agentliyinin bu yaxınlarda dərc etdiyi “Energetika icmalı-2021-ci il” məruzəsində qeyd edilir ki, bu dəyişikliklər innovasiyanın inkişafının və iqlim dəyişkliyi ilə mübarizənin qaçılmaz nəticəsdir. Yeni iqtisadiyyat böyüyür, ancaq investisiyalar hələ ki, arzu olunan səviyyəyə çatmayıb.

Bu diskusiyalar fonunda Rusiya Hesablama Palatasının sədri və özünün liberal, qeyri-ənənəvi baxışları ilə tanınan Aleksey Kudrin perspektivdə neft və qaz gəlirlərinin büdcədən ayırılmasını təklif edib. Rusiya energetika sahəsində bu cür üstünlüklərə malik olduğu bir halda, nəyə görə ondan istifadə olunmasın? Doğrudanmı, neft və qaz gəlirlərini büdcədən ayırmaq olar?
2018-ci ildə Rusiya federal büdcəsinin gəlirlərində neft və qazın payı 46 %, 2019-cu ildə 39 %, 2020-ci ildə 28 % olub. Əlbəttə, 2020-ci ildə enerjiyə tələbin azalmasının səbəbi dünyadakı koronavirus pandemiyası idi. Bu vəziyyət qiymətlərdə də öz əksini tapıb və Rusiyanın gəlirlərinə ciddi təsir göstərib.
2020-ci ildə Rusiya büdcəsinin xərcləri öncəki illə müqayisədə 1,4 trilyon rubl azalıb, dövlət borcu isə Ümumi Daxili Məhsula görə 14,6 %-dən 17,8 %-dək artıb, daxili borclanma 4,6 trilyon rubl təşkil edib. Əgər 2019-cu ilin büdcə gəlirlərində neft və qazın payı 7,9 trilyon rubl idisə, bu, 2020-ci ildə 5,2 trilyon rubla(72 milyard dollar) kimi azalmışdı.
2021-ci ildə neft və qazın qiyməti xeyli yüksəldi və həmin vaxtdan Rusiya rahat nəfəs almağa başlayıb. Xüsusən də 2021-ci ilin üçüncü rübündə son səkkiz ilin ən böyük ixracı(135 milyard dollar dəyərində) olub. Bu, 2020-ci ilin anoloji dövrü ilə müqayisədə 70 % çoxdur.
Rusiya təbii qaz ölkəsi kimi tanınsa da, əslində o, əsas gəlirini neftdən qazanır. ”BP”-nin “Dünya enegetikasının inkişaf proqnozu” hesabatında deyilir ki, dünyanın neft ehtiyatı 1,7 trilyon bareldir və bunun 6,2 faizi (107 milyard barel)Rusiyanın payına düşür.
2020-ci ildə Rusiya gündəlik 10,6 milyon barel neft hasil etməklə, bu göstərici üzrə ABŞ və Səudiyyə Ərəbistanından sonra üçüncü yerdə qərarlaşıb.
2020-ci ilin vəziyyətinə görə, 118 trilyon kub metr olan dünya təbii qaz ehtiyatının 19,9%-i(37,4 trilyon kub metr) Rusiya ərazisindədir. Rusiya 2020-ci ildə 638 milyard kub metr təbii qaz hasil edib.
Rusiya Mərkəzi Bankının statistikasına əsasən, Rusiya 2019-cu ildə 122 milyard dollar, 2020-ci ildə isə 72 milyard dollar dəyərində xam neft ixrac edib. Bundan əlavə, 2019-cu ildə ixrac olunan təbii qazın dəyəri 41 milyard dollar, 2020-ci ildə ixrac edilən təbii qazın dəyəri isə 25 milyard dollar təşkil edib. Buraya neft məhsulları və “Sıxılmış Təbii Qaz” aid deyil.
Neft və qazdan əldə edilən gəlirlərin büdcədəki payını necə azaltmaq olar?
İlk öncə müəyyən plan çərçivəsində büdcəyə köçürülən məbləğı azaldaraq, böyük bir hissəni “Milli Rifah Fondu”na köçürmək olar. 2021-ci ilin sentyabrına olan məlumata görə “Milli Rifah Fondu”nda 190 milyard dollar vəsait toplanıb. Əlbəttə ki, yaranan büdcə kəsirini vergi daxilolamaları hesabına kompensasiya etmək lazımdır.
Əhalinin artım dinamikasını nəzərə almaqla, Rusiya xarici kapitaldan və ixtisaslaşmış işçi qüvvəsindən daha çox fayda götürməlidir. Şirkətlər üçün bərabər rəqabət şəraiti və etibarlı hüquqi təminat yaratmaq vacibdir. Xarici kapital əksər ölkələrin inkişafında mühüm rol oynayır, yeni texnologiyanın ötürülməsinə, məhsuldarlığa əhəmiyyətli töhfə verir. Digər tərəfdən, investorlar üçün xüsusi iqtisadi zonalar praktikasını cəlbedici hala gətirmək lazımdır.
Rusiya universitetlərinin və təhsilin səviyyəsinin strateji əhəmiyyətinə, həmçinin də texnoloji potensiala diqqət ayırmaq vacibdir. Başqa həll olunmalı vacib məqam, kiçik və orta biznesin daha çox stimullaşdırılması, qeyri-enerji sektorunun ixrac potensialının artırılmasıdır.
Beləliklə, qısamüddətli perspektivdə Rusiya büdcəsini neft-qaz gəlirlərindən tam azad etmək mümkün olmasa da, həm dünya enerji sektorunda baş verənlər, həm də iqtisadiyyatın dayanıqlığı baxımından söhbət açdığımız mövzunun əhəmiyyəti böyükdür.
“Medya Günlüğü” – (Türkiyə)
Tərcümə etdi: Vaqif Nəsibovскачать dle 12.1