Ukrayna Rusiyanın dərinliklərində yeni zərbələr endirdi: Zelenski nəticələri açıqladı - "QORDON"
Ukrayna Rusiya ərazisinin dərinliklərində uzaqmənzilli zərbələri davam etdirir. Son əməliyyatlar Rostov vilayəti, Udmurtiya və digər bölgələrdəki strateji obyektləri hədəf alıb.
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
Rostov və Udmurtiyada hədəflər vuruldu
Məlumata görə, gecə saatlarında dronlar Rostov-na-Donudakı liman infrastrukturuna zərbə endirib. Zelenski Rostov vilayətində cəbhə xəttindən təxminən 250 kilometr aralıda yerləşən ixrac terminalının vurulduğunu təsdiqləyib. O həmçinin Yaroslavl vilayəti və Udmurtiyadakı neft obyektlərinə də uzaqmənzilli zərbələr endirildiyini bildirib.
Bu arada Rusiya hakimiyyəti Udmurtiyanın son dövrlərin ən kütləvi PUA hücumuna məruz qaldığını açıqlayıb. Yerli KİV-lər hədəflərdən birinin dövlət ehtiyatları üçün yanacaq saxlanılan strateji neft bazası ola biləcəyini yazır.
"3 min kilometrdən uzağa çata bilirik"
Zelenskinin sözlərinə görə, Ukrayna artıq 3 min kilometrdən də uzaqda yerləşən hədəfləri vurmaq imkanına malikdir. O bildirib ki, bu il uzaqmənzilli əməliyyatlar çərçivəsində minlərlə döyüş tapşırığı yerinə yetirilib, neft infrastrukturu, hərbi sənaye müəssisələri və logistika obyektlərinə zərbələr endirilib.
Prezident əlavə edib ki, əsas məqsəd Rusiyanın müharibəni maliyyələşdirmək və davam etdirmək imkanlarını zəiflətmək, bununla da Moskvanı diplomatik həll yoluna yaxınlaşdırmaqdır.










