Bia.Az

Zelenski ağır seçim QARŞISINDA - Xalqın xilası yoxsa hakimiyyət?

Dünya
 24-04-2025, 13:33     425

“Moskva Trampın vasitəçiliyinə inanır. Tramp və onun komandası həqiqətən də çoxlu səylər göstəriblər, Ukrayna böhranı ilə bağlı danışıqlarda iştirak ediblər və bu böhranın mümkün qədər tez bir zamanda həll olunmasını istəyirlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib. ABŞ-ın Moskva-Kiyev vasitəçiliyini şərh edən analitik, Kremlin Ağ Evlə münasibətlərində yeni mərhələnin başladığını bildirib:

“Bu, adi gözlə də aydın görünür və təbii ki, Moskva bu təşəbbüsləri dəstəkləyir, Trampa Ukrayna münaqişəsinin həllinə göstərdiyi töhfəyə görə təşəkkürünü bildirir.

Lakin Moskva Kiyev rejiminə inanmır, çünki onlar nə sülh razılaşmasına, nə də atəşkəsə getməyə hazır deyil. Bu, Zelenski üçün bu sərfəli deyil. Əgər sülh müqaviləsi imzalansa, hərbi vəziyyət ləğv ediləcək və Ukraynada seçkilər keçiriləcək. Bu seçkilərdə Zelenski uduzacaq. O, ona görə uduzacaq ki, vaxtında Rusiyanın İstanbul danışıqları çərçivəsində təklif etdiyi daha əlverişli şərtləri qəbul etmədi. O, həmin şərtləri rədd etdi. İndi isə onun qərarları nəticəsində Ukrayna ərazilərini itirib, 500 mindən çox insan həlak olub və ya yaralanıb. Buna görə də, təbii ki, indi xalq Zelenskiyə səs verməyəcək”.

Qrevtsova bildirib ki, Avropa liderlərinin də sülh müqaviləsi imzalamaq istəyi yoxdur:

“Onlar da müharibənin davam etməsində maraqlıdırlar, çünki "Rusiyanın təcavüzü" mövzusu həmin ölkələrdəki daxili problemlərdən, xalq etirazlarından diqqəti yayındırır. Belə bir ortaq düşmənin – hətta uydurulmuş olsa belə – mövcudluğu Avropa siyasətçilərinə daxili problemləri arxa plana ataraq birlik çağırışı etmək imkanı verir. Bunun üçün onlar Rusiyanı “şeytanlaşdırır” və ictimai fikri ona qarşı yönəldirlər. Odur ki, onlar üçün də müharibənin davam etməsi sərfəlidir”.

Bəs ABŞ Krımı Rusiya ərazisi kimi tanıyacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirirmi?

Qrevtsova əlavə edib ki, hazırki münasibətlər bu addımın reallığından xəbər verir:

“Əgər Rusiya və Ukrayna arasında sülh müqaviləsi imzalansa, Krımın ABŞ tərəfindən Rusiyanın tərkib hissəsi kimi tanınması mümkündür. Çünki hamı anlayır ki, Krım faktiki olaraq Rusiyanın nəzarətindədir, Rusiyanın idarəçiliyindədir və Krım sakinləri də Rusiyanın tərkibində qalmaq istəyirlər. Bu da göstərir ki, Krımla bağlı bütün məsələlər beynəlxalq sənədlərdə həll edilə bilər”.

Lakin Zaporojye, Donetsk, Luqansk və Xerson vilayətlərinin Rusiyanın tərkib hissəsi kimi ABŞ tərəfindən hüquqi baxımdan tanınması ehtimalı azdır:

“Ən çox ehtimal olunan odur ki, ABŞ bu ərazilərdə Rusiyanın faktiki nəzarətini qeyri-rəsmi (de-fakto) qəbul edəcək, amma bu nəzarəti hüquqi olaraq tanımayacaq. Krım məsələsində isə vəziyyət fərqlidir. Artıq həm beynəlxalq ictimai rəydə, həm də ümumilikdə dünya miqyasında Krımın Rusiyaya məxsus olduğuna dair anlayış formalaşıb, o cümlədən onun tarixi olaraq da Rusiya torpağı olması qəbul edilir”, - deyə D. Qrevtsova bildirib.
скачать dle 12.1