Yuxuya meydan oxuyan kəşf: Yatmasaq...
Alimlər dərin yuxuya xas beyin fəaliyyətini süni şəkildə yaradaraq yorğunluğu azaltmağa nail olduqlarını açıqlayıblar.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ-nin Viskonsin Universitetinin Madison kampusunun alimləri oyaq siçanlarda dərin yuxuya xas olan beyin fəaliyyətini süni şəkildə təkrarlamağa nail olublar.
Məlumata görə, yavaş yuxu mərhələsində beynin gün ərzində formalaşmış neyron əlaqələrini yenidən qiymətləndirdiyi, vacib əlaqələri gücləndirdiyi, lazımsızlarını isə zəiflətdiyi müəyyən edilib. Bu proses yaddaşın qorunmasına və sinir sisteminin normal fəaliyyətinə kömək edir.
Tədqiqatçılar siçanları elə modifikasiya ediblər ki, neyronların fəaliyyəti işıq vasitəsilə idarə oluna bilsin. Daha sonra beyin qabığının bir hissəsində dərin yuxuya xas olan yavaş dalğalı aktivlik süni şəkildə yaradılıb. Oyaqlıq dövründən sonra stimullaşdırılmış beyin sahəsində yorğunluq əlamətlərinin daha az olduğu müşahidə edilib.
Araşdırma çərçivəsində siçanlara yeni mühiti tanıma ilə bağlı tapşırıq da verilib. Süni stimulyasiya alan heyvanlar həmin tapşırığın öhdəsindən digər siçanlarla müqayisədə daha uğurla gəliblər.




