Kritik seçki: ölkə SSRİ-yə yönəlir? – Qondarma rejimdən qərar

Moldovada taleyüklü prezident seçkisi və Avropa Birliyinə inteqrasiya ilə bağlı referenduma start verilib.
Globalinfo.az xəbər verir ki, bu gün səhər saatlarından seçki məntəqələri açılıb. Seçki təkcə Moldova yox, onun separatçı regionu sayılan Dnestryanıda da keçirilir. Qondarma rejim seçkidə iştirak etmək istəyənlərə problem yaratmayacağını bildirib.
Seçkidə rəqabətin əsas iki namizəd – hazırkı prezident Maya Sandu və rusiyayönlü keçmiş baş prokuror Aleksandr Stoyanoqlo arasında gedəcəyi gözlənilir.
Bu seçkini maraqlı edən başqa məqam onu müşahidə etməyə MDB nümayəndələrinin dəvət edilməməsidir.
Qeyd edək ki, Moldova son dönəmlər açıq anti-Rusiya kursu ilə seçilir. Rəsmi Kişinyov Rusiyanın ölkədə çevriliş planlaşdırdığını bildirib. Ölkədəki rusiyayönlü qüvvələr həmçinin Moskvada hakimiyyətlə mübarizə üçün birlik yaradıblar. Bununla bərabər Moldova hökuməti açıq rusiyayönlü mövqeyi ilə seçilən Qaqauziya muxtariyyatının rəhbərliyinə qarşı təqiblərə başlayıb. Moskva Moldova hökumətinə təzyiqləri gücləndirsə də, Qərb ölkələri Kişinyovun yanında yer aldıqlarını bildiriblər.