Bia.Az

Amerikalı analitik: “Zəngəzurda kiçik toqquşmalar böyük müharibəyə səbəb ola bilər”

Dünya
 15-02-2024, 02:17     425

“Qədəm qoyduğumuz 2024-cü il həm Ukraynada, həm də Cənubi Qafqazda kritik bir il olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-da fəaliyyət göstərən Karnegi Fondunun aparıcı analitiki Tomas de Vall deyib.

O, 2024-cü ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası ehtimalına da toxunub:

“Müharibədən sonra iki ölkə arasında münasibətləri normallaşdıracaq ikitərəfli sülh sazişinin imzalanması istiqamətində danışıqlar davam etdirilir. Lakin tarixən Zəngəzur kimi tanınan bölgədə hələ də münaqişə təhlükəsi qalmaqdadır. Hazırda kozırların çoxu Azərbaycanın əlindədir. Rəsmi Bakı iki böyük qonşusu ilə uğurlu siyasət həyata keçirir. Türkiyə ilə sıx ittifaq və Rusiya ilə qarşılıqlı faydalı tərəfdaşlıq Azərbaycanı daha da gücləndirir. Buna rəğmən Brüssel və Vaşinqtonda Qərbin vasitəçiliyi ilə aparılan danışıqlar ötən ilin yayından dayandırılıb. Vasitəçilərin olmadığı ikitərəfli sülh prosesinin üstünlüyü var. Çünki xarici müdaxilə və eqoizm razılaşmaya mane ola bilər. Hərçənd erməni tərəfi Bakının güc tətbiqindən və öz tələblərini diqtə edəcəyindən qorxur”.

Analitikin sözlərinə görə, sülh sazişinin imzalanmasını əngəlləyən üç əsas maneə mövcuddur:

“Bunlardan biri Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi məsələsidir. Belə ki, Sovet dövrünün müxtəlif dövrlərinə aid çoxsaylı xəritələr var və orada sərhədin haradan çəkilməli olduğu barədə müxtəlif versiyalar irəli sürülüb. İkincisi, sazişin davamlılığını təmin etmək üçün hansı beynəlxalq təminata ehtiyac duyulmasıdır. Ermənilər mümkün qədər çox beynəlxalq dəstək, azərbaycanlılar isə minimal iştirak istəyirlər. Üçüncüsü, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan Zəngəzur dəhlizinin açılması məsələsidir. Burada da tərəflər arasında fikir ayrılıqları mövcuddur. Belə ki, Ermənistan strateji əhəmiyyətli cənub sərhəd ərazisinin təhlükəsizliyini əldən vermək istəmir”.

Tomas de Vall hesab edir ki, Azərbaycan istədiyini almayana qədər sülh sazişi imzalanmayacaq:

“Yəni 2024-cü ildə Ermənistan çox güman ki, Bakı və Moskvanın güclü təzyiqi altında qalacaq. Onlar müxtəlif üsullardan istifadə edərək Zəngəzur dəhlizi planını həyata keçirməyə çalışacaqlar. Buna görə də, şərti sərhəddə baş verən insidentlər çox diqqətlə izlənilməlidir. Bu kimi kiçik toqquşmalar yeni münaqişəyə gətirib çıxara bilər”.скачать dle 12.1