Bia.Az

İran Pakistanın neytrallıq siyasətinə son qoyur...

Dünya
 18-01-2024, 17:24     242

İsrailin Qəzzada vəhşicəsinə qətliamının 3-cü ilini tamamlasa da, İranın ötən həftə İraq və Suriyadan sonra çərşənbə axşamı Pakistan ərazisinə hücumları gərginliyin daha geniş coğrafiyaya daşınması baxımından çox əhəmiyyətlidir.

Bizimyol.info xəbər verir ki, Mardin Artuklu Universiteti İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi Siyasi Elm və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Dr. Necmettin Acar Türkiyə mətbuatı üçün İranın Pakistana hücumu ilə bağlı nalitik məqalə yazıb.
İran bu hücumların Pakistan ərazisində yerləşən və İrana qarşı hücumlar həyata keçirən “Ceyşul Ədl” adlı təşkilata qarşı olduğunu açıqlayıb. Hücumdan sonra Pakistan bu hücumları suverenliyin pozulması kimi qiymətləndirərək, İranla diplomatik əlaqələri dayandırıb və hücumlardan qısa müddət sonra İrana qarşılıq verib, iki ölkə arasında gərginliyi artıb.
Ənənəvi olaraq Hindistanla geosiyasi rəqabətə əsaslanan, Yaxın Şərq və İslam ölkələri arasındakı düşmənçilik, həmçinin, rəqabətdə neytral qalmağa diqqət yetirən Pakistanı hədəf alan hücumların regional səviyyədə mühüm nəticələri olacaq. Hər iki ölkənin sərhəd təhlükəsizliyi problemləri uzun müddətdir ki, az intensiv olsa da, onlar arasında gərginlik yaradır. Bununla belə, Pakistanın Çin və Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlığının, İranın isə Hindistanla sıx əməkdaşlığının bugünkü gərginliyin arxasında mühüm rol oynadığı anlaşılır. Diqqətlərin Qəzzada İsrailin həkətlərinə yönəldiyi bir vaxtda İranın Pakistanın suverenliyini pozan gözlənilməz hücumları Pakistanın xarici siyasətində mühüm dəyişikliklərə səbəb olacaq.
İki ölkə arasında etimadsızlığa səbəb olan əsas amil İran və Pakistanın bölgədəki rəqib aktorlarla inkişaf etdirdiyi əlaqələrdir. Pakistan üçün onun əsas milli düşməni olan Hindistanla geosiyasi rəqabəti ən mühüm milli təhlükəsizlik məsələsidir. Hindistanla bu geosiyasi rəqabətdə İslam dünyasını ağırlıq mərkəzi kimi görən İslamabad administrasiyası Yaxın Şərq və İslam ölkələri arasındakı münaqişələrdə bitərəf qalmağa diqqət yetirir. Hindistanla sıx əməkdaşlığı inkişaf etdirən İran Səudiyyə Ərəbistanı ilə rəqabətə böyük əhəmiyyət verir. Effektiv hərbi potensiala malik və eyni zamanda nüvə dövləti olan Pakistanın vaxtaşırı Səudiyyə Ərəbistanına yaxınlaşması İranı şərqdən mühasirəyə almaqdan narahat edir.
İslam İnqilabından əvvəl sıx əməkdaşlıq quran iki aktor İranın inqilabı ixrac etmək siyasətini qəbul etməsi ilə münasibətlərin gərgin dövrünə qədəm qoydular. 1990-cı illərdə Pakistan ərazisi İran və Səudiyyə Ərəbistanı arasında "proxy" müharibələrinin mövzusu olub. Bu dövrdə ölkənin təxminən 30 faizini təşkil edən şiələr və sünnilər arasında şiddətli qarşıdurma yaşanıb. İraqın Küveyti işğalı ilə başlayan prosesdə İran-Səudiyyə rəqabəti səngiməyə başladığı üçün Pakistanın daxili siyasətindəki bu gərginlik də xeyli azalıb.
2010-cu illərdən etibarən iki ölkənin ərazisində yaşayan sünni xalq olan bəluclar arasında yayıldığı iddia edilən “separatçılıq meylləri” iki ölkəni yenidən üz-üzə gətirən mühüm amilə çevrilib.
Çünki 2010-cu ildən sonrakı dövrdə İranın Sistan-Bəlucistan və Pakistanın Bəlucistan bölgələrində İran və Pakistan təhlükəsizlik qüvvələrini hədəf alan çoxlu naməlum hücumlar olub. Hər iki ölkə bu hücumlarda bir-birini ittiham etməyə davam etdi. İran tərəfi Pakistan hökumətinin İran ərazisində terror aktları törədən "Ceyşul Ədl" və "Cundullah" kimi terror təşkilatları üçün təhlükəsiz məkan təmin etdiyini iddia edərkən, Pakistan tərəfi İranın Bəlucistan Azadlıq Ordusu adlı separatçı terror təşkilatını dəstəklədiyini iddia edir. Pakistan iddia edir ki, Hindistan bu hücumları İran ərazisindən baza kimi istifadə edərək öz ərazisində həyata keçirib.
İki ölkə arasında gərginliyi artıran digər amil geoiqtisadi rəqabətdir. İranın dəniz ticarətinin 80 faizini həyata keçirən Bəndər Abbas limanı dərin su limanı deyil, son illərdə Hörmüz boğazı daxilində yerləşdiyi üçün sərhədlərinin Hind okeanına baxan hissəsində Çabaharda dərin su limanının tikintisinə başlayıb. Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiya siyahısından çıxarılan Çabahar limanı da İran-Hindistan əməkdaşlığının mühüm simvoludur. Hindistan Çinin “Bir Kəmər və Yol” təşəbbüsünü balanslaşdırmaq və İran və Əfqanıstan vasitəsilə Xəzər hövzəsinə və Avropaya təhlükəsiz çıxış əldə etmək üçün limana və onun hinterland ilə əlaqəsinə böyük sərmayə qoyub. Çin isə uzun illərdir ki, 60 milyard dollardan çox sərmayə qoyaraq Çin-Pakistan iqtisadi dəhlizini qurur. Şimalda Şərqi Türküstan torpaqlarından başlayan bu iqtisadi dəhlizin cənub ucunda Pakistanın Hind okeanında yerləşən və dünyanın ən dərin su limanı olan Qvadardır.
Həm Qvadar, həm də Çabahar limanları bəlucların yaşadığı bölgədə yerləşir. İran və Pakistan arasında bölünmüş və hər iki ölkənin iqtisadi cəhətdən ən az inkişaf etmiş bölgələri olan Bəluc torpaqları geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə son illərdə Hindistan və Çin investisiyalarının ən mühüm ünvanlarından birinə çevrilib. Bəluc bölgəsinə strateji sərmayələr qoyan Hindistan və Çin arasındakı gərginlik İran və Pakistanı bir-birinə qarşı qoyan mühüm faktor sayıla bilər.
Hindistanla geosiyasi rəqabətinə diqqət çəkən və bu rəqabətdə İslam dünyasını ağırlıq mərkəzi kimi görən Pakistan regional məsələlərdə, xüsusilə də İran-Səudiyyə rəqabətində balanslı və qərəzsiz siyasət yürütməyə çalışır. Məsələn, səudiyyəlilər 2015-ci ildə Yəmənə qarşı əməliyyata başlayanda Pakistanın quru qoşunlarına arxalanmışdılar. Lakin Pakistan Yəmən müharibəsinə qoşun göndərməyə razılıq verməməklə səudiyyəliləri təəccübləndirdi. Həmçinin həmin il Pakistan Baş Qərargah rəisinin müavini Rahel Şərifin səudiyyəlilərin rəhbərliyi ilə qurulan və adı olmasa da pan-sünni xarakter daşıyan “İslam Ordusu” koalisiyasına komandan təyin edilməsi İranda da narahatlıqla qarşılandı. 2019-cu ildə Malayziyada keçirilən Türkiyə və İranın ən yüksək səviyyədə iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatına alternativ kimi müəyyən edilən Kuala Lumpur Sammitində Pakistanın dövlət başçısı səviyyəsində iştirak cəhdi Səudiyyə Ərəbistanını da qəzəbləndirib. Ər-Riyadın sərt reaksiyasından sonra görüşdə İmran Xanın yerinə Pakistanın xarici işlər naziri iştirak edib.
Həftənin əvvəlində İranın həyata keçirdiyi hücumlar Pakistanın regional məsələlərdə neytral və balanslı siyasətinə son qoyacaq. Bu hücumlar Pakistanın Qərblə sıx əməkdaşlığa əsaslanaraq regional məsələlərdə təsirini sürətlə artıran Hindistana qarşı inamsızlığı artdığından yeni ittifaqlar axtarışına səbəb olacaq. Rahatlıqla deyə bilərik ki, İranın regiondakı ən mühüm rəqibi olan Səudiyyə Ərəbistanı ilə Pakistan arasındakı münasibətlər daha da dərinləşəcək və Pakistan İran-Səudiyyə rəqabətində neytrallığını itirəcək. İran və Pakistan arasındakı bu gərginlik 1990-cı illərdə olduğu kimi Pakistan daxilində şiə-sünni münaqişələrini, yəni İran-Səudiyyə vəkil müharibələrini gücləndirə bilər. İranı tarazlaşdırmaq və mühasirəyə almaq istəyən səudiyyəlilərin İslamabada ehtiyac duyması iki ölkə arasında münasibətlərdə sürətli irəliləyişlərə səbəb olacaq.
İraq və Suriyadan sonra İranın Pakistana hücumu ABŞ-da ciddi narahatlıq yaradıb. Aydındır ki, uzun illərdir kritik su yollarının təhlükəsizliyini təmin etmək üçün intensiv səylər göstərən ABŞ Qırmızı dəniz və Hörmüzdən sonra Hind okeanında yeni gərginliyin olmasını istəmir. Bu hücumlardan sonra uzun müddət gərginlik içində olan ABŞ-Pakistan münasibətlərində gərginliyin azalacağını proqnozlaşdırmaq olar.
İran və Pakistan arasında mühüm ziddiyyət mənbələri olsa da, bu gərginliyin qaynar müharibəyə çevrilib-çevrilməməsi Çinin münasibətindən asılıdır. Çinin bölgədəki maraqlarını və hər iki ölkənin Çinlə yaxın münasibətlərini nəzərə alsaq, deyə bilərik ki, Çinin qaynar münaqişəni bəyənməsi çətindir. Pakistan İrana qarşı qisas alsa da, münaqişənin gərgin müharibəyə çevrilməsi ehtimalı azdır.скачать dle 12.1