Bia.Az

Qanlı klounlar akademiyası (Solovyov və rus şovinizminin maskalarına həsr olunur)

Redaktorun seçimi
 Dünən, 16:15     112

Qanlı klounlar akademiyası

(Solovyov və rus şovinizminin maskalarına həsr olunur)

Solovyov danışır...
və sanki səsi ilə
Qroznı yenidən bombalanır.
Bir cümləsində Mariupol yanır,
bir “analitika”sında uşaq xəstəxanası çökür.
Onun efiri —
dumanlı Moskva bulvarlarında
imperiya qəbzəsi yazan
gecə notariusudur.
Yazır:
“Krım bizimdir”,
“Donbas, Azov — ata mülkümüz”,
“Suriya — raket poliqonumuz”.
Guya harada rus dilində salam verən varsa,
ora tankla girmək borcdur.
Solovyovun ağzından
Putinin qəzəbi tökülür —
sanki Vətən anlayışı yalnız
düşmənçiliyin maskalanmış formasıdır.
Yanında oturanlar –
Dugin: mistik faşist,
Kiselov: “Rusiya külü ilə Avropanı isidək” deyən pirotexnik.
Şoyqu: tabut siyahılarını müdafiə strategiyası sayır.
Prilepin: “Donetskdə uşaq öldürmək şərəfdir” deyə yazıb.
Qirkin: Holland təyyarəsini vurub,
indi Kremldən “vətənpərvərlik medalı” istəyir.
Bəli, Solovyov danışır...
Və səsi ilə
MH17-nin 298 sərnişini
göydə ikinci dəfə ölür.
Amma ekran qarşısında o,
sadəcə gözlərini qıyır,
bir “ironik zarafat” edib
tema dəyişir:
“İtaliyadakı villamı Qərb oğurladı!”
Sanki bəşəriyyətin qisası,
sənin verandandakı masanın üstündə hazırlanmalıymış!
Niyə?
Çünki sən artıq özünü Tanrı sayırsan,
bəlkə də, atom bombası sandığın o “deyimlərinlə”
cənnətdə oturmaq üçün cəhənnəm tikirsən!
Yaxşı, deyək ki,
Berlin kül oldu,
Varşava əriyib,
London bataq içində.
Bəs sən Moskvada
harada gizlənəcəksən?
Yoxsa Polkovnik Putinin “sığınacaq siyahısına”
adını yazdırmısan?
Unutmusan,
həmin “sevimli” repressiya illərində
özün birinci Solovetskiyə sürgün edilərdin.
Çünki bu dəfə "yəhudi" damğası
səni nə səndən, nə də Stalin sevgindən qurtarmazdı.
Onda “Rusiya üçün ölürəm” deməzdin,
“Qulaq üçün nəfəs alıram” deyə yalvarardın.
Əslində, sən nə Rusiya sevərsən,
nə Ermənistan, nə də Ukrayna.
Sən yalnız müharibə sevərsən.
Qarabağda qığılcım axtarırsan —
çünki sülh sənə oxşamır,
onun siması yoxdur,
o, teatr üçün darıxdırıcıdır.
Azərbaycanı hədələyirsən
Kreml tribunasından.
Halbuki sən Bakını tanımazsan —
orada küçə adları
sülh içində yazılıb.
Rus məktəbləri, pravoslav kilsəsi,
rəsmi qəzetlər — rus dilində.
Bunları İrəvanda axtar — tapmazsan.
Sən "Artsax" deyirsən —
elə bil bu söz
avtoritar nağıllar kitabından qopub gəlib.
Sən demək istəyirsən ki,
1992-ci ildə Xocalını yandıran
dağlardan enmiş dəstə
qurban yox, qurtarıcıymış?
Bəs o zaman
bir milyon köçkün azərbaycanlı
harada sığınacaq axtarırdı?
Sənin ekranında onlara yer tapılmadı,
çünki onların "reytingi" yox idi.
İndi sülh yolu görünür.
Ermənistan gerçəyi dərk edir:
Qonşularla dostluq
ölkənin yaşaması üçün son ümiddir.
Amma sən —
sülhə nifrət edən bir fişəng kimi
yenidən fitnə səpməyə başlayırsan.
Çünki bilirəm —
müharibə olmasa,
sənin efirin susacaq.
Sən yalan danışmasan,
Kreml sənin pul kisəni bağlayacaq.
Sən qorxursan.
Sülh — sənin işsiz qalmağın deməkdir.
Tarix səni yazacaq.
Amma "qəhrəman" kimi yox,
Qanlı Klounlar Akademiyasının
fərqlənmiş tələbəsi kimi.

Ədalət Qarabulud.
скачать dle 12.1