Bia.Az

İrandakı terrorun izi ilə: Tehran ABŞ və İsraili şübhəli görür, amma...

Dünya
 5-01-2024, 10:46     267

Mərkəz rəhbəri: “İran müharibəni sərhədləri daxilindən uzaq tutmağa çalışır, lakin son partlayış göstərdi ki, müharibə İranın içərisinə də sıçraya bilər”
Yanvarın 3-də İranın Kirman əyalətində iki partlayış baş verib, nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Partlayış İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin məzarı yaxınlığında törədilib. Hadisə ilə əlaqədar İranda bir günlük matəm elan edilib.
Qeyd edək ki, 2020-ci il yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın təşkil etdiyi hücumda həlak olan Süleymaninin öldürülməsinin 4-cü ildönümü ilə əlaqədar İranda anım mərasimi təşkil edilmişdi.
Hadisəni İran Prezidenti İbrahim Rəisi terror aktları adlandırıb və bunu törədənlərin ən qısa zamanda cəzalandırılacağını bildirib: "Şübhəsiz ki, bunu törədənər və rəhbərləri təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən tez bir zamanda aşkar edilərək lazımi cəzalarını alacaqlar. Düşmənlər bilməlidirlər ki, bu cür əməllər heç vaxt dövlətin əzmini poza bilməz. İran xalqı öz İslam ideallarını müdafiə edəcək. İran döyüş meydanında terror və şiddətin kökünü kəsmək üçün hər zamankındən daha qətiyyətlidir".

Ölkənin dini lideri Seyid Əli Xamenei də hücumları törədənlərə sərt cavab veriləcəyini bildirib. Dini liderin rəsmi internet saytındakı yazılı açıqlamada bu ifadələrə yer verilib: “Əlləri günahsızların qanına bulanmış insanlar və onları bu səhvə sövq edənlər ədalətli cəzanın mütləq hədəfinə çevriləcək. Onlar bilməlidirlər ki, buna sərt reaksiya veriləcək''.
Ölkənin daxili işlər naziri Əhməd Vahidi isə təhlükəsizlik qüvvələrinin terror aktlarını təşkil edənlərə ən qısa zamanda sarsıdıcı və qəti cavab verəcəyini bildirib.
İranlı deputatlar, rəsmilər terror aktında əzəli düşmən bildiyi ölkələri - ABŞ və İsraili şübhəli bilirlər.
Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurası (TŞ) Kirman əyalətində törədilən terror aktını pisləyib. Təşkilatın bəyanatında deyilir ki, hadisənin səbəbkarları, təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır.
Təhlükəsizlik Şurası həlak olanların ailələrinə və İran hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb. Təşkilat əlavə edib ki, terrorizmin bütün forma və təzahürləri beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

Baş verən terror aktı və bundan sonra Tehranın atacağı addımlarla bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, İran rəsmilərinin qənaəticdə partlayışı ya ABŞ, ya da İsrail törədib:
- Etiraf etmək lazımdır ki, İsrailin İranda güclü xəfiyyəsi var. Məsələn, İranda son 10 ildə xeyli nüvə üzrə alimlər öldürüldü. Bu qətllərin arxasında Mossadın olması barədə çoxlu versiyalar var. Bununla Təl-Əvivin İrana iki mesajının olduğu iddia edilir: birincisi, İsrail demək istəyir ki, nüvə silahı əldə edilməsinə imkan verməyəcək, ikincisi, kəşfiyyatının İran ərazisində güclü olduğu mesajıdır. Bu illər ərzində İranda İsrailə xidmət edən xeyli xəfiyyə tutuldu, edam edildi. Elə bu yaxınlarda Şərqi Azərbaycan əyalətində 4 nəfər İsrailə “işləmək” ittihamı ilə ölüm hökmünə məhkum edildi. Ona görə də terrorda əsas şübhəli dövlət kimi İran hakimiyyəti İsraili göstərir. Amma artıq ABŞ da, İsrail də rəsmi şəkildə bu əməliyyatda iştiraklarının olmadığını bəyan ediblər. Bu dövlətlər İranda hərbi obyektləri vururlar, nüvə sahəsində çalışan alimlərə sui-qəsdlər həyata keçirirlər. Amma mülki insanlara qarşı terror törətmələri suallar doğurur. Düzdür, demək olmaz ki, bu ölkələr mülki insanlara qarşı əməliyyatlar keçirməyiblər. İraqın özündə minlərlə mülki insan ABŞ hücumları nəticəsində həyatlarını itiriblər. İsrailin Qəzzada törətdikləri də göz qabağındadır. HƏMAS-la mübarizə adı altında 20 mindən çox fələstinli öldürülüb. Amma fakt bundan ibarətdir ki, İranda baş verən bu hadisə Yaxın Şərqdəki hadisələrlə birbaşa əlaqəlidir.
İndi İranın hakim dairələri və güc strukturları qətliama cavab aksiyasının miqyası və ünvanı barədə düşünürlər. Ancaq bundan əvvəl terror aksiyasının hansı qüvvəyə və ölkəyə bağlılığı aşkar edilməlidir. ABŞ və İsrailin adını hallandırmadan əvvəl partlayıcı maddənin harada hazırlandığı və İran ərazisinə neçə keçirildiyi müəyyənləşdirilməlidir.
- Necə hesab edirsiniz, bununla İrana hansı mesaj verildi?
- Mesaj bu ola bilər ki, İranın özünü də qarışdıra bilərlər. Xəbərdarlıq edilir ki, Tehran Yaxın Şərqi qarışdırırsa, husilər vasitəsilə ticarət gəmilərinə raket zərbələri endirirsə, bunun cavabı veriləcək. Amma terror aktının arxasında fərqli qüvvələr ola bilər və mesajları da fərqli olar. Məsələn, İŞİD terror təşkilatı bunu həyata keçirə bilər. Çünki İŞİD-in də İran daxilində müəyyən mövqeləri var. Bir neçə il əvvəl ərəb əsilli İran vətəndaşları Tehranın mərkəzində müxtəlif hücumlar təşkil etmişdilər. Hansılar ki, onlar İŞİD üzvləri idilər. İŞİD qəsdlə vəziyyəti gərginləşdirmək istəyə bilər ki, İsraildən, ABŞ-dan şübhələnilsin və İranla bu dövlətlər arasında münasibətlər daha da gərginləşsin. Araşdırılma aparılacaq və sonda böyük ehtimalla, İran bu terror aktının arxasında İsrailin olduğunu bəyan edəcək.
- Bununla İranın müharibəyə çəkildiyi barədə ehtimallar irəli sürülür. Sizcə, İran Yaxın Şərqdə müharibəyə daxil ola bilərmi?
- İran müharibəni sərhədlərindən kənarda tutmağa çalışır. İraqla müharibə İrana, bu ölkənin iqtisadiyyatına elə zərbə vurub ki, 35 ildir özünə gələ bilmir. Üstəlik, İran sanksiyalar altında olan ölkədir. Ona görə də, İran müharibə istəmir və hansısa bir dövlətlə müharibə aparacaq potensiala malik deyil. Amma Tehran özünə bağlı qruplaşmalar vasitəsilə müharibə aparır. Həmin qruplar ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə zərbələr endirirlər, İsraili vururlar. İran bu yolla müharibəni sərhədləri daxilindən uzaq tutmağa çalışır. Lakin son partlayış göstərdi ki, müharibə İranın içərisinə də sıçraya bilər. Bununla yanaşı, İran yəqin ki, ona bağlı olan qruplaşmaları daha da aktivləşdirəcək və bu qruplaşmaların ABŞ və israil mövqelərinə zərbələrinin sayı artacaq.
Müəllif: Anar Bayramoğluскачать dle 12.1