Bia.Az

Ermənistan üçün önəmli 5 hadisə - 2023-də nələr baş verib?

Dünya
 26-12-2023, 20:11     253

2023-cü ildə Ermənistanda Qarabağdakı ermənilərin “humanitar böhranla üzləşməsi” xəbərləri dominantlıq edib.


BBC News Azərbaycanca bu il Ermənistan üçün önəmli olan 5 hadisəni seçib.

1. Azərbaycan Laçın dəhlizində öz sərhəd-buraxılış məntəqəsini qurdu

2023-cü ilin ilk günü Ermənistan mediası Qarabağda “humanitar böhran başlanması” barədə xəbərlər yaymağa başladıRəsmi Bakı “humanitar böhran” iddialarını rədd edib.

Həmin vaxt 20 gün idi ki, bir qrup azərbaycanlı ictimai fəal Şuşa yaxınlığında fasiləsiz aksiya keçirirdi və buna görə Laçın dəhlizində Rusiya sülməramlıları və "Qızıl Xaç"ın maşınları istisna olmaqla gediş-gəliş dayanmışdı.

Azərbaycan aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında öz sərhəd-buraxılış məntəqəsini qurdu və bundan sonra Qarabağ erməniləri Ermənistana gedib-gəlmək üçün bu məntəqədən istifadə etməli oldu.

2. Azərbaycanla sülh sazişinin müzakirəsi başlandı

Bu il ərzində Ermənistan və Azərbaycan liderləri Rusiya, Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə bir neçə dəfə görüşüblər.

Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyilə keçirilən görüşlərdə tərəfər bir-birinin ərazi bütövlüyünü 1991-ci il Alma-Atada qəbul olunmuş bəyannaməyə əsasən tanıdıqlarını bildiriblər.

Onlar sülh sazişi üzərində işləməyə başladıqlarını elan ediblər.

Rusiya bildirib ki, sərhədlərin delimitasiyası Moskvada olan keçmiş sovet xəritələrinə əsasən həyata keçirilə bilər.

3. Paşinyandan Qarabağın Azərbaycan ərazisi olması bəyanatı

Ermənistan Baş naziri Nikol Paşinyan öz çıxışlarında Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayıb.

Paşinyan deyib ki, Ermənistan Azərbaycanın 86, 6 min kvadrat kilometr, Azərbaycan Ermənistanın 29,8 kvadrat kilometr ərazi bütövlüklərini tanıyırlar.

Onun bu bəyanatı Ermənistanda müxalif qüvvələr və əhalinin bir qismi tərəfindən tənqidlərə məruz qalırdı. Hətta buna görə Yerevanda etiraz aksiyaları da keçirildi.

4. Qarabağda son hərbi əməliyyat

Bu ilin sentyabrında Azərbaycanın Qarabağda apardığı və “lokal xarakterli antiterror əməliyyatı” adlandırdığı hərbi əməliyyatlar nəticəsində separatçı Dağlıq Qarabağ Respublikası özünü buraxdığını bəyan etdi.

Bir gün çəkən hərbi əməliyyatlar zamanı Nikol Paşinyan bəyan etdi ki, Ermənistan Azərbaycanla hərbi əməliyyatlara cəlb olunmayacaq, çünki “Qarabağda Ermənistan ordusu” yoxdur.

Hərbi əməliyyat zamanı Azərbaycanın 192 hərbçisini itirdi. Erməni tərəfi birgünlük əməliyyat zamanı Qarabağın ermənilər yaşayan ərazilərində “10-u dinc sakin olmaqla, azı 200 nəfərin" öldüyünü bildirib.

5. Ermənilər Qarabağı kütləvi şəkildə tərk etdi

19-20 sentyabr hərbi əməliyyatından sonra Qarabağda yaşayan erməni sakinlər oranı tərk etməyə başladı.

Ermənistan 100 mindən çox erməninin Qarabağdan çıxdığını bildirib. Azərbaycan rəqəm açıqlamayıb.

Rəsmi Bakı bildirib ki, ermənilər Qarabağı könüllü tərk edib və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün planını açıqlayıb.

Qarabağdan gedənlərin bir çoxu bölgələrdəki uşaq bağçası, keçmiş mədəniyyət evləri, idman zalları və yataqxanalarda yerləşdiriliblər.

Hökumət hələlik onlara 100 min dram (təxminən 419 manat) birdəfəlik yardımdan əlavə, kommunal xərclər üçün 10 min dram (təxminən 42 manat) verir.


İlkin olaraq 5,5 milyon avro yardım edən Fransa vəsaitin 15 milyon avroya çatdırılacağını bəyan edib, onun 5,5 milyon avrosunu artıq ödəyib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təxminən 70 min qaçqının ərzaqla, humanitar müdafiəsi və sığınacaqla təmin olunması üçün 4 milyon dollar, Avropa İttifaqı 5,2 milyon avro ayırdığını elan edib.

скачать dle 12.1