Bia.Az

"Vəsiqə tələb edin, göstərməsə tələblərinə məhəl qoymayın"

Cəmiyyət
 8-07-2022, 12:31     281

““Azərsu” Səhmdar Cəmiyyətinin əməkdaşları sui-istifadə niyyətli şəxslərdən fərqlənmək üçün vəsiqələrlə təmin olunurlar. Vətəndaşlar özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən vəsiqə tələb etməlidirlər. Əgər həmin şəxs vəsiqə göstərmirsə, təqdim eləmirsə, artıq onun heç bir tələbinə məhəl qoyulmamalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı danışıb. O, bildirib ki, “Azərsu” uzun illərdir ki, həm sosial şəbəkədə, həm mətbuat vasitəsilə, maarifləndirici məlumatlar yayır və abonentlərə xəbərdarlıq edir ki, heç bir halda nağd şəkildə pul ödəməyin.
Anar Cəbrayıllı 
Anar Cəbrayıllı

““Azərsu” ASC sizdən heç bir halda nağd şəkildə pul tələb edə bilməz. Əgər belə bir hal baş verirsə, hökmən 955 saylı zəng mərkəmizə və ya azərsu.az saytı üzərindən “sədrə müraciət” bölməsindən elektron məktubla müraciət edə bilərlər.
Əməkdaşlarımız xüsusi möhürlə möhürlənmiş vəsiqələrlə və nömrəli vəsiqələrlə təmin olunurlar və vətəndaşa müraciət zamanı vətəndaş vəsiqə tələb etdikdə, vəsiqə təqdim edilmirsə, artıq onun heç bir tələblərinə əməl etməsinlər və həmin adama heç bir məlumat verməsinlər”,- deyə Anar Cəbrayıllı bildirib.
Qeyd edək ki, “Azərsu” ASC nin 19 növ elektron xidməti var. Bura texniki şərtlər, abonent məlumatlarının dəydirilməsi, elektron arayışların verilməsi, mexaniki sayğac göstəricilərinin elektron qaydada təqdim olunması və s. daxildir. Bu xidmətlərdən istifadə etməklə vətəndaşlar “Azərsu” ASC-nin əməkdaşları ilə təması minimuma endirmək mümkündür.
Debitor borc məsələsinə gəldikdə isə, Anar Cəbrayıllı qeyd edib ki, debitor borcları da hissə-hissə ödəyə bilmək məqsədilə vətəndaşlar üçün şərait yaradılıb.
“Bəzən vətəndaşlar bildirir ki, onlardan debitor borcların birdəfəlik ödənilməsi tələb edilir. Biz bununla bağlı sosial şəbəkədə çarx hazırlamışdıq. Əgər vətəndaşın 300 manat su borcu yığılıb qalıbsa, heç bir halda “Azərsu” ASC-nin əməkdaşı bu vəsaitin hamısını tələb edib, suyunu kəsə bilməz. Əgər vətəndaş borcun bir hissəsini ödəyirsə və razılaşma protokoluna imza atırsa, yəni deyək ki, 6 aya, 8 aya, 10 aya ödəməklə bağlı razılıq əldə olunursa, heç bir problem yaranmır. Tutaq ki, borc 300 manatdırsa, 100 manatını əvvəldən ödəyir və 200 manat isə, 10 aya bölünür. Bu zaman vətəndaş hər ay 20 manat ödəməklə borcunu bitirə bilir”,- deyə Anar Cəbrayıllı qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Abşeron rayonu Xırdalan şəhərində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb. Qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərovun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub.скачать dle 12.1