Bia.Az

Əsgərlik: çağırış və tərxis sərəncamı imzalandı

Cəmiyyət
 17-06-2021, 14:34     43

İyunun 17-də prezident İlham Əliyev çağırış və tərxis sərəncamı imzalayıb. Novator.az bildirir ki, sərəncam 18 yaşı tamamlanan, habelə yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçməmiş şəxslərin iyulun 1-dən 30-dək əsgərliyə çağırılmasını nəzərdə tutur. Xidmət müddəti bitənlər isə iyulun 1-dən 30-dək ehtiyata buraxılacaq.

Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa əsasən, müddətli həqiqi hərbi xidmət ali təhsillilər üçün 1 il, qalan şəxslər üçün 1 il 6 aydır. Ancaq son vaxtlar ölkədə həqiqi hərbi xidmətin faktiki müddəti artıb.

Prezidentin 2020-ci il dekabrın 22-də imzaladığı sərəncamla vətəndaşların 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması rəsmiləşib, ancaq ehtiyata buraxılma qərarı verilməyib.

Dövlət başçısının 2 mart 2021-ci il sərəncamına əsasən, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş hərbi qulluqçular aprelin 1-dən 30-dək tərxis olunub. Yəni ehtiyata buraxılma 1 il və 1 il 6 aylıq xidməti 2020-ci il oktyabrın 30-dək başa vurmuş şəxslərə aid edilib.

Rəsmən bəyan olunmasa da, bəzi şəxslərin qanunda nəzərdə tutulan həqiqi hərbi xidmət müddətindən çox qulluq etməsi 2020-ci ilin payızında aparılmış Vətən müharibəsinin nəticələri ilə bağlıdır. Müharibə nəticəsində işğal altındakı ərazilərin böyük qismi azad olunub, bu isə yeni dislokasiya məntəqələri üçün əlavə canlı qüvvəyə ehtiyac doğurub.скачать dle 12.1