TOY QADAĞASI: NƏ QƏDƏR DAVAM EDƏCƏK?... - "Karantin qaydalarına yenidən baxılmalıdır..."
Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağadan 1 ildən çox vaxt ötüb. Ötən il martın 25-dən etibarən şadlıq sarayları, restoranlar bağlıdır. Bu qadağaya əməl etməyənləri ağır cərimələr, hətta həbs cəzası gözləyir. Bu məqsədlə cinayət qanunverciliyinin müvafiq maddələri sərtləşdirilib və ona əlavələr edilib.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci - maddəsində müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə nəzrdə tutulur.
Ötən ilin dekabr ayında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11000 min manatadək məbləğdə cərimə edilir.
Bu qədər ağır cərimə sanksiyalarına baxmayaraq, ölkədə toy, nişan mərasimləri edən şəxslərin sayı artıb. Daxili İşlər Nazirliyi (DİN) paytaxtada və ölkənin müxtəlif şəhər və rayonlarında bu qadağanın pozulması halları ilə bağlı fasiləsiz məlumat yayır, toyxanalarda keçirilən əməliyyatlardan videogörüntülər paylaşır.
Məsələn, aprelin 12-də DİN-in yaydığı məlumatda paytaxtın Nərimanov rayonunda yerləşən "Şuşa" restoranında keçirilən toy mərasimindən bəhs olunur. Bildirilir ki, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə polis şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış material isə rayon məhkəməsinə göndəriləcəkdir...
Maraqlıdır, vətəndaşlar nədən cərimə riskini gözardı edərək, toy edirlər? Üstəlik toy məclislərinin dağdılmasını göstərən kadrların mediada və sosial şəbəklərdə yayılması kimi xoşağləməz situasiya yaranırsa...
Hər halda qadağan edildiyi halda toy etmək heç də həmişə əyləncə həvəsindən qaynaqlanmır. Ölkədə pandemiyadan dolayı ağır sosial-iqtisadi vəziyyət insanın həyatına mənfi təsir göstərib. Virusdan dolayı ölümlər kəskin artıb, iş yerlə bağlanıb, dava-dərman bahalaşıb və s. İnsanların həm maddi, həm də mənəvi-psixoloji durumu bu və ya ona bağlı başqa səbəbələrdən ağırdır.
Toy milli adət-ənənənin bir hissəsi olmaqla bərabər cəmiyyətin və insanların şəxsi həyatında ən önəmli hadislərdən biridir. 2020-ci ilə qədər Azərbaycanda hər il 70 minə qədər nikah bağlanıb, 100 mindən artıq toy mərasimi keçirilib.
Qadağanın qüvvədə olduğu bir il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35348 nikah və 14628 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib. Bu ilin mart ayında isə 8624 nəfər nikaha girib.
2020-ci ildə ölkədə həm doğum, həm də ölüm göstəricilərində dəyişikliklər gözə çarpır. Ötən il ölkədə 126 min 571 uşaq dünyaya gəlib. Bu göstərici 2019-cu illə müqayisədə 10 faiz az olmaqla yanaşı, həm də 2003-cü ildən bəri ən aşağı doğum göstəricisidir. Sərtləşdirilmiş karantin rejiminin tətbiqindən 9 ay sonra, 2021-ci ilin yanvarında 10 min 840 uşaq doğulub. Bu rəqəm 2020-ci ilin eyni ayı ilə müqayisədə (11 min 687) 7.2 faiz daha aşağıdır.
Digər tərəfdən, 2020-ci ildə Azərbaycanda qeydə alınan ölüm hallarının sayı 2019-cu ilə baxanda, 19 min 731 nəfər və ya 35 faiz artaraq 75 min 647 nəfərə çatıb.
Ötən il doğum sayının azalması və ölüm hallarının artması nəticəsində təbii artım göstəricisində də ciddi azalma müşahidə olunub. 2019-cu ildə ölkədə təbii artım 85 min 263 nəfərdisə, ötən il bu rəqəm 40 faiz azalaraq 50 min 924-ə enib.
Rəqəmlərdən göründüyü kimi nikahların sayında az qala 2 dəfə azalma var. Doğum da azalıb, ölümlər isə artıb. Bunlar isə cəmiyyətin həyatına olduqca neqativ təsir göstərir.
Koronavirusla mübarizə şəraitində keçən bir il ərzində Azərbaycanda çox şey dəyişib. Xüsusən, virus və ona qarşı mübarizə məsələsində həm dövlət qurumlarının, həm də vətəndaşların bilik və təcrübələri kəskin artıb. Aylar öncə virusla bağlı qeyri-müəyyənlik vardısa, yanvar ayından etibarən kütləvi vaksinasiya aparılır. Səhiyyə qurumlarının məlumatına görə, vətəndaşlara 1.2 milyon doza qədər vaksin vurulub.
Ötən bir ildə pandemiyanın birinci və ikinci dalğası yaşanıb. Dekabr ayına təsadüf edən ikinci dalğada kütləvi yoluxma və ölüm halları artıb. Yanvar ayında səngiyən epidemiya martın ortaların etibarən vüsət götürüb. Mütəxəsisslər günlük 2000-2500 aralığında cərəyan edən yoluxma rəqəmlərinin üçüncü dalğdan xəbər verdiyini bildirirlər. Proqnozlara görə, aprelin 20-dən sonra yoluxma azalmağa başlayacaq.
Beləliklə, ölkədə çox şey dəyişsə də bir il əvvəl qoyulan bəzi qadağalar dəyişməz olaraq qalır. Toy və yas mərasimləri ilə bağlı yasaq onların başında gəlir.
DİN-in yaydığı videogörüntülərdən məlum olur ki, əslində toylar restoran və kafelərdə günlük yaşanan qələbəlikdən kifayət qədər az saylı adamların iştirakı ilə, sosial məsafənin qorunması şərti ilə keçirilir. Məsələn, paytaxt restranlarında bir zalda 150, bəzən 200 şəxs eyni vaxtda yeyib-içir. Buna qanunla icazə var, amma bir zalda 50-70 adamın karantin qaydalarını gözləməklə toy etməsi yasaqdır. Bunu edən şəxsi, restoranı və qonaqları cərimə gözləyir.
Toy qadağasına səbəb göstərilir ki, insanlar sıx şəkildə bir yerdə toplaşırlar, bu da virusun yayılmasına səbəb olur. Bəs restoranlarda, marketlərdə, ictimai nəqliyyatda yaşanan basabas virus üçün münbit şərait deyil?
Vətəndaşların ağır cərimələri gözə alıb toy etməsi, sahibkarların buna aşkar-gizlin şərait yaratması məcburiyyətdən irəli gəlir. Hökumət vətəndaşının bu istəyinə anlayışla yanaşıb, ona kömək etmək mövqeyində durmalıdır.
Halbuki bu müddət ərzində cəmiyyətin həyatının normal tənzimlənməsini nəzərə alaraq, bu mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsini təmin etmək olardı.
Yeri gəlmişkən, bu qadağalar bir çox hallarda sui-istifadələrə yol açır, sahibkarlığa, biznesə və vətəndaşlara zərbə vurur. Söhbət nədən gedir? Məsələn, əksər rayonlarda karantin qadalarına əməl edilmir. Maska, sosial məsafə və s. tədbirlərə məhəl qoyan yoxdur. Əlbəttə, bu, vətəndaşın məsuliyyətsizliyidir. Amma dövlət qurumlarını da kənarda tutmaq olmaz, yetərli maarifləndirmə aparılmayıb...
Vəziyyətə nəzarət edən hüquq-mühafizə orqanlarının əməkdaşları da artıq buna alışıblar. Küçədə nadir hallarda maskasız adamı saxlayıb cərimələyirlər. Yalnız kafe-restoranlara, iaşə obyektələrinə, mağazalara qarşı mütəmadi olaraq reydlər keçiririlir və cəzalar yağdırılır. Ancaq bu cərimələr də problemi həll etmir...
Toy qadağasının uzun müddət davam etdirilməsi insanların səbrini tükədib. Ancaq pandemiyanın tüğyan etdiyi şəraitdə təbii ki, əvvəlki kimi dəbdəbəli toylara da yol vermək mümkün deyil. Heç buna ehtiyac da yoxdur. Ənənəvi qaydada toylar əsasən şadlıq evlərinin sahiblərinə və bir qrup müğənninin varlanmasına xidmət edir.
Odur ki, problemin optimal həlli yolu tapılmalıdır. Fikrimizcə, müəyyən say və vaxt limiti, məhdud menyu ilə, sosial məsafənin gözlənilməsi, xidmət pesonalının qaydalara riayət etməsi şərtiylə, dəbdəbədən uzaq toy mərasimərinin təşkili mümkündür. Bu cəmiyyət həyatının normallaşdırılması ilə yanaşı həm də sosial rifahın yaxşılaşmasına müsbət təsir edən amildir.
Professor Adil Qeybulla hesab edir ki, ölkədə anlaşılmaz vəziyyət yaranıb: "Bir tərəfdən qapalı yerlərdə, restoranlarda, kafelərdə və digər iaşə obyektlərində insanlar saatlarla maskasız oturur və buna icazə var, digər tərəfdən isə açıq havada maska taxmaq məcburiyyətindədir. Bu necə olur? Bunun bir yolla tənzimləməsinə ehtiyac var və karantin qaydalarına yenidən baxılmalıdır».
Millət vəkili Fazil Mustafa da "Yenisabah.az"-a açıqlamasında toylara icazə verilməsini təklif edib: “İaşə məkanlarına kütləvi axın olduğu halda toylara qoyulan qadağa anlaşılan deyil. Vaxtilə keçmiş SSRİ-də Cinayət Məcəlləsində möhtəkirlik adlanan bir maddə var idi. Bu maddə hər hansı şəkildə gizli alver edən, ticarətlə məşğul olan insanlara şamil olunurdu. Amma faktiki olaraq cəmiyyətdə bu var idi, alver gedirdi. Cinayət Məcəlləsində bu maddənin olduğu, cərimələr tətbiq olunduğu hər kəsə məlum idi, buna baxmayaraq hamı bilirdi ki, ticarət davam edir. İndi toy məsələsi də onun kimidir. Toy məsələsi var, bu, reallıqdır və qaçılmazdır. İnsanlar bunu etməlidir”.
Fazil Mustafa qeyd edib ki, vaxtında bu məsələni tənzimləməmək insanların günahı deyil. Onun sözlərinə görə, müvafiq qurumlar vaxtında məsələni tənzimləməli idi ki, sonralar “gizli toy” problemi yaranmasın: “Çox təəssüf ki, qadağa ilə bunu ötüşdürdülər və əhali də öz addımını atdı. Məncə, doğru etdilər. Vətəndaşların qaydalara əməl etmək və müəyyən dərəcədə özlərini qorumaqla gizli şəkildə də olsa, toy keçirməklərini normal qəbul etmək lazımdır. Çünki bu bir reallıqdır, insan həyatıdır. İnsanların həyatının elə bir mərhələsi ola bilər ki, toyu indi keçirməsə, gələcəkdə həyatı alt-üst ola bilər, münasibətləri pozular və s. Ona görə də mən buna normal yanaşıram, hər hansı şəkildə əndazəni aşarlarsa, bu zaman cəzalandırma ola bilər, amma normal şəkildə, həyətində, sosial məsafəni qorumaq və az adam dəvət etməklə bunu edirlərsə, mane olmağı doğru hesab etmirəm. Qanun müəyyən dərəcədə bunu tələb etsə belə, toy insanların həyatında ən vacib məsələlərdəın biridir. Bu məsələdə vətəndaşların üzərinə bu dərəcədə gedilməsi doğru deyil. Sadəcə, tənzimləmək lazımdır ki, məsələn, filan sayda adamla etmək olar. Sayı aşarlarsa, cəzalandırılsınlar. Amma ümumiyyətlə qadağa qoyanda insanlar təbii ki, bunu gizli şəkildə edəcəklər. Bu məsələdə kimisə qınamağın adı yoxdur”.