Pandemiyanın başa çatmasından niyə qorxuruq? – “Usa Today”
Novator.az saytı ABŞ-ın “Usa Today” qəzetində dərc olunmuş “Pandemiyanın başa çatmasından niyə qorxuruq?” başlıqlı məqələni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi Aliyə Dəstəgirdir.
Yenidən birgə həyata qayıtmaq ideyası qəribə səslənir.
İctimai nəqliyyat bizi tərləməyə məcbur edir. Adamla dolu barlar və restoranlar bizim üçün cəlbedici, ancaq indi bir az yadırğadığımız mənzərədir.
Bir vaxtlar gündə bir-biriylə görüşməyə can atan insanlar indi bunun həmişəki kimi adi, qorxusuz bir iş olduğunu düşünmürlər. Neçə vaxtdır biz deyib-güldüyümüz, hay-küylə söhbət etdiyimiz insanların bir yerə toplaşacağı dünyanın həsrətini çəkirik. Və vaxt uzandıqca daha çox narahat oluruq.
ABŞ-ın Psixoloqlar Assosiasiyasının təcrübə mübadiləsi və keyfiyyəti üzrə baş direktoru Linn Bufka deyir: “Koronavirus həqiqətən də həyat təcrübəmizi və normal düşüncəmizi dəyişib. Bir müddət ətrafla davranışımızda müxtəlif çaşqınlıqlarımız ola bilər və qəribə hisslər yaşaya bilərik. Amma hər kəsin eyni durumla qarşılaşdığını qəbul etməli, rahat olmalıyıq. İndi biz normal həyat deyilən şeyin nə demək olduğunu yenidən müəyyən etməyə çalışırıq”.
Pandemiya bizi geniş sosial eksperiment aparmağa vadar edir. Çünki biz heç vaxt bir-birimizdən bu qədər ayrı düşməmişik.
Görəsən COVİD-19 bizim həyatımızı kökündən dəyişib, yoxsa bu, müvəqqətidir?
Psixoloqlar Assosiasiyasının “2021-ci ildə Amerikada stress” adlı tədqiqatı göstərir ki, ABŞ əhalisinin yarıya qədəri pandemiya bitdikdən sonra kiminlə görüşüb-görüşməmək sarıdan narahatdır. Həm də koronavirusa qarşı peyvənd olunanlar və peyvənd olunmayalar eyni dərəcədə narahatlıq keçirirlər.
Assosiasiyanın səhiyyənin inkişafı üzrə baş direktoru Veyl Rayt belə hisslərin normal olduğunu deyir: “Bunlar normaldır. Hesab edirəm ki, hər birimizin daxilində belə hisslər yer alır. Düşünürük ki, bir ildir bu günləri gözləyirdik, indi o an gəlib çatıb, amma necə davranacağımızı bilmirik”.
Mütəxəssislər hesab edirlər ki, kollektiv uyğunlaşma bir müddət davam edəcək və gələn aylarda biz davranışımızda, münasibətlərimizdə xeyli dəyişikliyin şahidi olacağıq.
Kanadanın Toronto şəhərində yerləşən Rayerson Universitetinin psixologiya üzrə professoru, “Həyəcanla mübarizə proqramı” kitabının müəlliflərindən biri Martin Entoni pandemiyanın insanlara fərqli şəkildə təsir etdiyini vurğulayır: “Amma bu, hamının sosial baxımdan narahatlıq keçirəcəyi anlamına gəlmir. Bəziləri problem yaşaya, digərləri isə yaşamaya bilər”.
Ehtiyatlanmaq normaldır, qaçmaq yox
Ekspertlər deyirlər ki, keçid dönəmində stresi dərk etmək önəmlidir. Narahat olmaq normal haldır. Heç kim özünü yaşadığı təşvişə görə mühakimə etməməlidir. İnsanlar bunu qəbul etsələr inteqrasiya yolunda irəliləmiş olacaqlar.
Veyl Rayt hesab edir ki, insana narahatlıq yaşadan hadisələri vecinə almamaq ən yanlış addımdır: “Baş verənlərdən qaçmağa çalışmaq qısa perspekivdə kömək edə bilər. Ancaq vaxt keçdikcə bu meyl daha pis vəziyyətə gətirə bilər. Mahiyyət etibarilə baş verənlərdən qaçmaq təhlükə hissini daha da artırır”.
Əgər hansısa problem insanda narahatlıq yaradırsa, həmin problemdən qaçmaq yox, onunla məşğul olmaq daha effektiv yoldur.
ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin təhlükəsiz hesab etdiyi qorxular var. Amma bu qorxular sizin yaşamağınıza, fəaliyyət göstərməyinizə mane olursa, o zaman problemə yanaşma tərzinizi dəyişməlisiniz.
Martin Entoninin narahatlıq keçirənlərə tövsiyəsi belədir: “Səni narahat edən hər problemin üstünə get, o zaman təhlükəni adlamış olacaqsan”.
Qapalı adamlar yığıncaqlara, qonaqlıqlara getməkdən çəkindiklərinə görə yəqin ki, pandemiyanın öhdəsindən daha yaxşı gəlirlər. Amma vaxt ötdükcə ünsiyyətcil insanlar özlərini onlardan daha yaxşı hiss etməyə başlayacaqlar.
Martin Entoninin sözlərinə görə, sosial həyəcan – sosial durumlarda yaşanan narahatlıqdır. Hər kəsin vaxtaşırı bu narahatlığı yaşaması mümkündür. Pandemiyadan sonra isə insanların bir qismi özlərini daha pis hiss edə bilərlər. Sosial həyəcan fonunda bəzi insanlar daha çox narahatlıq keçirə və bu durum onların gündəlik fəaliyyətinə mane ola bilər.
Veyl Rayt bildirir ki, kliniki baxımdan sosial həyəcan – insanın sosial situasiyalar zamanı müşahidə və mühakimə olunmaq qorxusudur: “COVİD-19 pandemiyası ilə bağlı narahatlıq yaşayanların sayının artacağı ehtimalı azdır. Çox güman ki, insanlar normal həyata qayıtdıqda bir az çəkingən olacaqlar.
İnsanlar arasında sosial təşviş dedikdə, burada söhbət sadəcə diskomfortdan gedir. Yəni bir ildə görə bilmədiyimiz işləri yenidən yerinə yetirəndə narahatlıqların baş qaldırması mümkündür”.
İnsanların bir qismi sosial bacarıqlarını itirdiklərini və onları bərpa etmək üçün xeyli vaxt lazım olduğunu düşünə bilər.
Bəzi qruplar üçün normal həyata qayıtmaq daha çətindir
Ekspertlər insanların bir qisminin pandemiyadan sonrakı həyata rahat uyğunlaşacağını ehtimal edirlər. Ancaq mütəxəssislər hesab edirlər ki, əvvəlcədən psixoloji problemləri olan insanlar pandemiya dövründə əlavə travma aldıqları üçün onların cəmiyyətə qaynayıb-qarışması bir az çətin olacaq.
Linn Bufka əhalinin bir qisminin həqiqətən də çətinlik çəkəcəyini güman edir. Bura COVİD-19 infeksiyasının təsirlərinə məruz qalan etnik və milli azlıqlar, habelə depressiv və posttravmatik stress pozuntusu kimi ciddi psixoloji xəstəliklər riskinə daxil olan insanlar aiddir. Onların arasında yaxınlarını itirənlər, xəstələrə xidmət edən həkimlər və heç bir yerdən maddi yardım almayan insanlar var. Bu insanların problemlərini bir gündə həll etmək mümkün deyil.
Tədqiqatlar göstərir ki, pandemiya bitəndən sonra aqorafobiyadan əziyyət çəkənlərin sayında artım ola bilər. Aqorafobiya – açıq məkanlarda, izdihamlı və ya tanış olmayan yerlərdə vahimələnmə deməkdir. Vahimə gələndə aqorafobiyalı insan ictimai yerlərdən qaça bilər və bu, həmin adamda obsessiv-kompulsiv pozuntu (təşviş yaradan fikirlərin fasilə vermədən beyində dolaşması) yarada bilər.
Veyl Rayt deyir ki, keçmiş epidemiyalardan bəlli olduğu kimi, bir müddət özünü təcrid etdikdən sonra bəzi insanlarda aqorafobiya yaranır.
Pandemiyaya uyğunlaşmaq hamımıza çətin oldu. Onun bitməsini həsrətlə gözləsək də, pandemiyadan sonrakı dünya bizim üçün elə də rahat olmayacaq. Hansı dəyişikliklərin qüvvədə qalacağını demək çətindir. Əllə görüşmək ənənəsi bərpa olunacaqmı? Köhnə iş rejiminə qayıda biləcəyikmi?
Mütəxəssislər deyirlər ki, itirdiklərimizi və qazandıqlarımızı gözdən keçirməyin vaxtı çatıb. Onlar yeni vərdişlərə, ənənələrə, iş rejiminə, ünsiyyət üsullarına sadiq qalmağı tövsiyə edirlər.
Veyl Rayt pandemiyadan əvvəlki həyat tərzinə tam qayıdacağımıza inanmır: “Bəzi insanlar sosial həyata daha seçici yanaşa, arzularına, dəyərlərinə uyğun, onları sosial cəhətdən daha xoşbəxt edəcək bir dünya ilə təmas qurmağın yolunu tapa bilərlər”.
Linn Bufka isə deyir: “Son bir ildə neçə dəfə 1901-ci il təvəlldlü nənəmin həyatını və onun yaşadığı ömür yolunda baş verən dəyişiklikləri düşünmüşəm. Əlimdə nənəmin yaşadıqlarının yığcam tarixçəsi var. Tarixə baxdıqca inanıram ki, biz hər şeyin öhdəsindən gələ bilərik. Biz yeni və çox mühüm kəşflər edə bilərik”.