Bia.Az

"Pərəstişkarı olduğum sənətkar" - Bəhram Mansurovu xatırlayarkən

Cəmiyyət
 12-02-2021, 10:58     543

12 fevral Bəhram Mansurovun doğum günüdür.

İfaçılıq sənəti tarixən inkişaf etmiş və günümüzdə daha da təkmilləşmişdir. Şamaxı, Gəncə və Qarabağla yanaşı Bakıda keçirilən musiqi məclisləri xanəndəliklə bərabər, XIX əsrin ikinci yarısından sonra yeni inkişaf mərhələsinə çatmaqla bir çox məşhur ifaçıların yetişməsinə səbəb olmuşdur. Bunlardan XIX-XX əsrlərdə fəaliyyət göstərmiş Azərbaycan tarının “atası” sayılan Sadıqcan, Məşədi Cəmil Əmirov, Salyanlı Şirin, Mirzə Fərəc, Qurban Primov, Bəhram Mansurov, Əhməd Bakıxanov kimi ifaçılıq sənətinin parlaq nümayəndələri ilə birgə bir çox başqa sənətkarları da göstərmək olar.
Klassik muğam ifası və təbliği sahəsində xüsusi xidmətləri olan Bəhram Mansurovdur.
Bəhram, ifası sözün əsl mənasında keçmişin ənginliklərindən gələn ecazkar səs idi. O, ulularının ənənəsini saxlamış virtioz sənətkar olmaqla yanaşı, muğamı boş və mənasız imporvizə etməkdən qoruyurdu. Bəhram müəllim ulularının ənənəsinə sadiq qalaraq, ecazkar tarında əsl muğam, dərin emosional musiqi fəlsəfəsi, böyük bir dastan ifa edirdi. O, tarı çalmırdı, barmaqları ilə onu danışdırırdı, dərdini, kədərini onunla bölüşürdü. Onun çalğısında böyük bir orkestrin səsi var idi. Bununla da Bəhram müəllimin ecazkar barmaqları onun bütün imkanlarını üzə çıxarırdı. 
Fevral ayının 12-də bu görkəmli sənətkarın anadan olmasının 110 illiyidir. Bəhram müəllimin Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan qiymətli sənədləri arasında bu böyük sənətkarın ustadı sandığı məşhur tarzən Qurban Primov haqqında söylədiyi xatirə də yer almışdır. Nəinki musiqisevərlərin, geniş oxucuların da marağına səbəb olacağını nəzərə alıb, xatirə yazını oxuculara təqdim etməyi özümüzə borc bilirik.
Pərəstişkarı olduğum sənətkar

1923-cü ildə Tağıyevanın teatrında "Leyli və Məcnun" operası göstərildi. Bir gecə bibim uşaqları teatra baxmağa gedərkən xahiş etdim ki, məni də özləri ilə aparsınlar. Tamaşanı məşhur tarzən Qurban Primov müşayiət edirdi. İlk dəfə Q.Primovu orada gördüm. Açıq deyim ki, elə həmin axşam nə isə məndə teatrda müşayiətçi-tarzən olmaq arzusu baş qaldırmağa başladı. O vaxtlar mən həm aktyorluq, həm də tar çalmaq sənətini öyrənirdim. Sonralar bizim ailə ilə dostluq etməsi və evimizə tez-tez gəlib-getməsi sayəsində Qurbanın ifaçılığı ilə daha yaxından tanış oldum. Bu gün fəxrlə deyə bilərəm ki, bir tarzən kimi Q.Primovun ifaçılıq üslubundan çox şey öyrənmişəm.
35 ilə yaxın bir müddətdə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mənə onunla birlikdə işləmək nəsib olub. Onu da deyim ki, ilk Azərbaycan operalarında Q.Primovun müşayiətçi ifaçı kimi məharəti onun yaradıcılıq bioqrafiyasının ən parlaq səhifələrindəndir. Ustad tarzənin zəngin ifaçılıq təcrübəsindən mən də bəhrələnmişəm. Uzun illər muğam operalarında bir müşayiətçi kimi əldə etdiyim təcrübəyə görə deyə bilərəm ki, burada müşayiətçi sifəti ilə çıxış etmək heç də asan deyildir. Muğam operalarındakı müşayiət adi konsertlərdə tələb olunan müşayiətçilikdən fərqlənir. Məhz Qurbanın bu işi yaxşı və dərindən bilməsi, hiss etməsi, xüsusilə güclü biləyi, samballı mizrabları bütün çalğısını tamaşaya uyğunlaşdırması maraqla diqqəti cəlb edirdi. 1938-ci ildə Moskvada keçirilən birinci Azərbaycan incəsənəti dekadasının iştirakçıları arasında Q.Primov da var idi. Həmin dekadada mən də iştirak edirdim.
O dekada günlərində Malıy teatrda, Bolşoy teatrda R.Qliyerin "Şahsənəm", M.Maqomayevin "Nərgiz" operalarında simfonik orkestrlə birlikdə çıxışlar edirdik. Dekadanın yekun gecəsində Q.Primov Bolşoy teatrda Hüseynağa Hacıbababəyovun oxuduğu "Yaxan düymələ", sonra Həqiqət Rzayevanın ifasında "Yaylığım" xalq mahnılarını müvəffəqiyyətlə müşayiət etdik. Dekadanın axırında partiya və hökumət nümayəndələri ilə görüşdə Q.Primovun da çıxışı unudulmaz təəssürat yaratmışdır.
Opera teatrında Q.Primovun artistlərdən H.A Hacıbababəyov, H.Rzayeva, Sürəyya Qacar, Ə.Sadıqov, X.Haqverdiyev, tar çalanlardan Ə.Quliyev, Ə.Məmmədbəyliyə və başqalarına göstərdiyi yaradıcılıq köməyinin şəxsən şahidi olmuşam.
Q.Primov həm də aşıq musiqisinə aid olan havaları bacarıqlı ifa edirdi. Bunlardan "Misri qılınc", "Yerevan çuxuru", "Mirzəcanın şikəstəsi", "Osmanı divanısı" və s. nümünələri deyə bilərəm.
Q.Primov Azərbaycan xalq musiqiçiləri arasında Əməkdar və Xalq artisti adlarına layiq görülmüş ilk sənətkarlardandır.
Q.Primov haqqında danışarkən bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Q.Primovun sənətinin böyüklüyündən və qüdrətindən nə qədər danışsaq belə onun çalğısını əks edən lent yazılarının, qrammofon vallarının az olması bizi təəssüfləndirir. Görünür, vaxtı ilə əlaqədar təşkilatlar bu vacib işə yaxşı maraq və diqqət göstərməmişlər.
1955-ci ilin yayında Qurban bərk xəstələnmişdi. Mən onu görməyə getmişdim. Bu vaxt ona bir neçə muğam nömrəsini radio lentinə yazdırmağı xahiş etdim. Onu da deyim ki, bu vaxta qədər Radionun fonotekasında Q.Primovun solo lent yazıları yox dərəcəsində idi. O, qocalıqdan və xəstəlikdən gileylənsə də, çalmağa söz verdi. Biz bir neçə gündən sonra o zaman radio verilişləri komitəsinin sədri işləyən jurnalist İ.Nəzərovun yanına getdik. O, məmnuniyyətlə razılıq verdi. Q.Primovun radionun fonotekasında olan lent yazılarının əksəriyyəti həmin ilin yadigarıdır.
Etiraf edim ki, Qurban nə qədər qocalsa, xəstələnsə belə bu qiymətli lent yazıları onun sənətinin böyüklüyü haqda çox şey deyir.
Q.Primovun ifaçılığının ən yaxşı cəhəti onun klassik irsə dərindən bələdliyi, yeni tar məktəbinin yaradıcısı olan müəllimi Əsəd oğlu Mirzə Sadığın (Sadıqcanın) çalğı xüsusiyyətlərinə gözəl yiyələnməsi və bunları özünəməxsus ustalıqda yaşada bilməsidir. O, müəllimlərindən öyrəndiklərini daha da təkmilləşdirər, ustadının yadigarını qayğı ilə əzizləyərdi. Sadıqcandan danışarkən onun "Şur" muğamında sual - cavab formasında çaldığı guşələri, cingənə simlərə "Sadıq Mizrabı" deyə adlandırdığı priyomları (ələlxüsus "Mahur-hindi" muğamının "Əraq" şöbəsində) sevə-sevə səsləndirir, novator tarzənin tələbəsi olması ilə fəxr edərdi. Mirzə Sadığın yaratdığı rəngləri də "Zabul segah" və "Bayatı şiraz" rənglərini, özünün daimi repertuarına salar, bunları ondan öyrəndiyini deyərdi.
Tar çalanların bütöv bir nəsli Qurbanın ifaçılığından bəhrələnmişlər. Mirzə Sadıq məktəbi ənənələrini davam etdirən Qurban Primov tar ifaçılığı sənətinin həqiqətən ən yüksək zirvəyə qaldırmış ilk tarzəndir.
Məni haqlı olaraq Q.Primovun ardıcılı hesab edirlər. Mən bununla ancaq fəxr edirəm. Q.Primov mənim pərəstişkarı olduğum sənətkarlardandır.
Q.Primovun sənəti kimi həyatda yumorlu və müdrik sözləri unudulmur. Qurban sənətdən söz düşəndə deyirdi: "Əşşi sənətini yaxşı elə səni istəyən tamaşaçılar harada olsa tapılacaqlar."
Necə ki, Q.Primov sənətini istəyən milyonlarla tamaşaçı tapılır.
Bəhram Mansurovскачать dle 12.1