Bia.Az

Azadlıq və təhlükəsizlik: jurnalistika hansını seçsin?..

Cəmiyyət
 12-02-2021, 10:42     322

Bəli, təcrübə göstərir ki, ən müxtəlif anlayış və kateqoriyaları daim qarşı-qarşıya qoymaq heç də ən yararlı və uğurlu intellektual – idraki metod deyil və o, heç də həmişə tədqiq olunan predmetlərin mahiyyətinin açılmasına gətirib çıxarmır.
Belə anlayışlara azadlıqla təhlükəsizliyi də aid etmək olar, hansılar ki, hər ikisi insan üçün mühümdür və onun, necə deyər, təbii azadlıqlarının nüvəsini təşkil edirlər.


Amma təkcə adi insanlar deyil, hətta mütəxəssislər belə, bu anlayışları müzakirə edərkən, bir qayda olaraq, "təhlükəsizlik və azadlıq” yox, daha çox "təhlükəsizlik, ya azadlıq” deyirlər və bununla da onları ziddiyyətli, hətta biri-birini tamamilə inkar edən predmetlər kimi təqdim edirlər.

Üstəgəl, vəziyyət xüsusən də o vaxt qəlizləşir ki, söhbət azadlığın institusional təcəssümü – geniş mənada söz azadlığı haqqında və xüsusən də azad media, onun ayrı-ayrı növləri haqqında gedir.

Nə gizlədək, bu yaxınlarda, İkinci Qarabağ Savaşı zamanı bizim hökumət insanların internetə girişini məhdudlaşdırmaq məcburiyyətində qalmışdı, çünki insanlar bəzən sosial şəbəkələrdə özləri də bilmədən təhlükəsizliyin ən elementar tələblərini belə gözləmirdilər.

Amma düşünmək ki, müharibə ilə bu problem də bitdi, bu, qətiyyən düzgün olmazdı – yox, hazırda jurnalistika və jurnalist fəaliyyəti haqqında yeni qanun layihəsi hazırlanır və belə müzakirələr indi heç vaxt olmadığı qədər faydalıdır.

Üstəgəl, qeyd olunan anlayışların qarşı-qarşıya qoyulması da təkcə hərb dövrü ilə məhdudlaşmır və səbəb tək onda da deyil ki, bu iki anlayış arasındakı fərq həm də fəlsəfi məzmun kəsb edir, çünki onlardan biri (təhlükəsizlik) dövlətin funksional təsir sferasının genişlənməsinə, digəri isə (azadlıq), əksinə onun daralmasına xidmət edir.

Məsələ həm də onadır ki, bu anlayışların sərhədləri tam müəyyən olunmayıb və yəqin heç vaxt da müəyyən olunmayacaq. Əgər nəsə dəqiq müəyyən olunmayıbsa, spekulyasiya üçün həmişə predmet qalacaq və belə cəhdlərə təkcə cəmiyyətin və dövlətin həyatının çətin dövrlərində təsadüf olunmayacaq, əksinə, bu dövrlərdə hər şey daha ayıdn olur, belə ki, müharibə, təbii fəlakətlər və fövqəladə hallarda insan haqlarını və ya azadlıqlarını məhdudlaşdırmaq olur - əlbəttə ki, müvəqqəti müddətə...

Amma insan haqlarını və azadlıqlarını məhdudlaşdırmağa yönəlik cəhdlər təkcə bununla tükənmir, çünki hakimiyyətin özü təhlükəsizlik anlayışının üstündə bərqəqar olubdu və əgər təhlükə olmasaydı, bəlkə də hakimiyyətə heç ehtiyac olmazdı.

Məsələn, Rusiyada cərəyan edən ən son hadisələr, Aleksey Havalnıyla bağlı olaylar hamıya məlumdur. Prezident V.Putin və ətrafı açıq şəkildə deyir ki, Navalnı kimilərinin böyük siyasətə gəlişi özündə Rusiya üçün böyük təhlükələr ehtiva edir.

Bu hipotezi müzakirə etmək olardı, amma dərhal bir sıra suallar yaranır. 

Birincisi, müxalifətçi Aleksey Navalnının Rusiya üçün təhlükəsi nədədir? İkincisi, niyə görə bu təhlükə cəmiyyətin özü tərəfindən yox, bir qrup hakimiyyət mənsubları tərəfindən müəyyən olunur? Üçüncüsü, Rusiyanın hakimiyyət mənsubları burada səhv etmirlərmi, onlar özlərinə qarşı olan təhlükəni bütün cəmiyyətə qarşı təhlükə kimi qələmə vermirlərmi?..

Bəli, hətta bu qısa analizdən də görünür ki, məsələ heç də sadə deyil, hətta nisbi adlandırıla biləcək qədər qəlizdi: daha yaxşı olardı ki, azadlıq və təhlükəsizlik haqqında ayrılıqda yox, birlikdə danışılsın.

Amma burada da iki ideoloji düşərgə yaranır: bir qrup "təhlükəsizlik çərçivəsində azadlıq”dan, digərləri isə "azadlıq çərçivəsində təhlükəsizlik”dən danışmağı təklif edir. Əlbəttə, burada da birmənalı və dəqiq əsaslandırma yoxdur, məsələ daha çox seçim məsələsidi. İki seçim və iki alternativ var. Amma məşhur bir deyim də var: bəli, öz azadlıqları haqqında düşünməyən cəmiyyətlər, yalnız "təhlükəsiz həyat” formulu axtarışında bulunan insanlar, azadlıqları haqqında qayğılanmayanlar, son nəticədə təhlükəsiz həyatdan da məhrum olurlar...

Hüseynbala Səlimovскачать dle 12.1