İmamoğlunun atası SÜKUTU POZDU

İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun atası Həsən İmamoğlu Türkiyə mediasına açqlama verib.
Medianews.az -ın məlumatına görə, Həsən İmamoğlu deyib ki, oğlunun qatı cinayətkar kimi saxlanılması və əsassız ittihamlarla üz-üzə qalması onu çox üzür. O bildirib ki, Əkrəm belə bir münasibətə layiq deyil. Oğluna qarşı irəli sürülən böhtanlara çox təəssüfləndiyini vurğulayan ata əlavə edib: “Amma nə etmək olar, bunlara səbirlə dözür və gözləyirik”.

Türkiyə Cümhuriyyətinin çox ağır itkilər, qan-qadalar bahasına qurulduğunu, babasının, babasının iki qardaşının Cümhuriyyət yolunda şəhid olduğunu xatırldan Həsən İmamoğlu deyib: “Mənim üçün Türkiyə övladımdan da irəlidir. Əsas odur Türkiyəyə xeyrimiz dəysin”.

Əkrəm İmamoğluna açılan cinayət işləri çərçivəsində ailə şirkətlərinin də müsadirə olunma ehtimalı ilə üzləşməsi məsələsinə toxunarkən Həsən İmamoğlu vurğulayıb: “1968-ci ildən ticarətlə məşğulam. İndiyədək dövlətdən, bələdiyyədən bir qəpik də almamışam – nə mal, nə də tender şəklində. İlk şirkətimi 1968-ci ildə lisey tələbəsi olanda qurmuşam və indiyədək heç vaxt şirkətimizlə bağlı müsadirə təhlükəsi ilə qarşılaşmamışam. İlk dəfədir belə halla üz-üzəyəm. İftira atanlara müsəlman deməyə də dilim gəlmir. Çünki müsəlman yalan danışmamalıdır. Mənim əcnəbilərlə heç vaxt ortaqlığım olmayıb. Ailə biznesimiz mənə və oğluma məxsusdur. Elə bir məsələ yoxdur ki, onun hesabını verə bilməyim. Bizim Allahdan başqa kimsədən qorxumuz yoxdur. Allaha şükür, bu mərtəbəyə tarlalardan çıxıb gəlmişik. Əkər, biçər, yeyərik. İndən belə də bir sıxıntımız ola bilməz. Bu günlər də xeyirliklə keçib gedər”.
Həsən İmamoğlu oğlunun səhhəti, durumu ilə bağlı məlumatları vəkillərdən almağa çalışdığını söyləyib.

Əkrəm İmamoğlu 1970-ci ildə Trabzon bölgəsində doğulub. İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 1992-ci ildən inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub. 2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub. 2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib.
2025-ci il martın 18-də İstanbul Universiteti qanunsuz keçid səbəbi ilə Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun geri alınmasına qərar verib. Universitetin bununla bağlı açıqlamasında bildirilib ki, qərar aparılan istintaqın nəticələri əsasında qəbul edilib. Martın 19-u səhər isə İstanbul Prokurorluğu Əkrəm İmamoğlu da daxil olmaqla, 100-dək şübhəli barəsində müxtəlif cinayətlərə görə həbs qərarı verildiyini açıqlayıb. Hazırda Əkrəm İmamoğlu və 100-dən çox şəxsə qarşı “cinayətkar dəstənin lideri olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “tenderlərin saxtalaşdırılması” və “terror təşkilatına yardım” ittihamları ilə istintaq aparılır.
Əkrəm İmamoğlu ibtidai istintaqa ilk ifadəsini martın 21-də verib. Həmin gün o, saxlandığı polis idarəsində beş saat yarım dindirilib. İstanbul böyük şəhər bələdiyyəsinin sədri bu beş saat yarımda istintaqa 121 səhifəlik ifadə verib. İstintaqın iddialarını rədd edən İmamoğlu özünü heç bir epizod üzrə təqsirli saymayıb, ittihamların siyasi xarakterli olduğunu vurğulayıb.
BİA.az