Bia.Az

Qulu Ağsəslə 8 Mart SÖHBƏTİ: - "...Səni bütün kişilər sevib-aldadıb, Qadın..."

Cəmiyyət
 7-03-2024, 17:21     193

8 Mart təbrikləri başlayıb. Gül dəstələr ilə təbrik edilən xanımların paylaşımları bəzəyir sosial şəbəkələri. Kişilərimiz də ehtiram, sayğı duruşundadı. Çox yaxşı. Çox gözəl. Qadın ildə 1 dəfə də olsa, təbrik yağışına tutulmağı haqq edir. “Təbrik yağışını”n bir damlasına həsrət qalanlar da var axı. Mütəvazi bir şəkildə “bütün qadınları təbrik edirik”, deyənlərmiz çoxdur. Qulağına çatırmı bu təbrik indiyədək qulaqları təbrik eşitməmiş qadınların? Bir tərəfdən baxanda, 8 martın, kimlərinsə etirazlarına, tənqidlərinə, “sovetdənqalma bayram” deyib ağız büzənlərə rəğmən yaşadılması təqdir edilməlidir. Elə bir zəmanıdir ki sosial şəbəkədən, vatsap, Tiktok-dan xəbərsiz qadın tapmaq da çətin məsələdir. Təbrik edənləri bəlkə yoxdur, amma 8 Mart təbriklərini onlar da görür, şəxsən kiməsə ünvanlanmış olmasa da, bu təbriklərdən hamı payını alır. Azacıq da olsa dodağı “qaçır”, üzünə sevinc işartısı gəlir. Sevilən şairimiz Qulu Ağsəs dediyi kimi; Azərbaycan qadını ilin 365 günü cəfakeşdir, 8 Mart da daxil”. Cəfakeş qadınlarımızı təbrik etmək üçün yenə sevimli Qulu Ağsəsə üz tutduq. Ürəyəyatımlı nəsə söyləyəcək mütləq!..

- Qulu müəllim, sizcə Azərbaycan qadını 8 Martı necə bayram edir?.. Bilirəm, ümumi səslənir, amma əminəm, maraqlı yanaşmanız olacaq.

- Əvvəla, bütün qadınları təbrik edirəm. Bəzən elə bir an yaranır ki, sevdiklərinlə sevmədiklərin arasında fərq qoymursan. Bu, həyatda nadir hallarda və nadir günlərdə olur. 8 mart da o günlərdən biridir. Bu saat təkcə Azərbaycanda yox, bütün dünyada yaşayan qadınları təbrik etmək keçir ürəyimdən. Əsas təbriklərsə şəhid analarına düşür. Onları ayırmaq istəyirəm digər xanımlardan. Şəhid anaları, şəhid xanımları, şəhid qızlarını ayrıca təbrik edirəm. Biz bütün əvvəlki bayramlara görə də, bundan sonrakı bayramlara görə də onlara minnətdarıq olmalıyıq... Qadın haqqında indiyədək çox söz demişəm. Bəzən düzgün anlaşılmayıb. Amma bu düzgün anlaşılmamaq mənim onlara münasibətimi dəyişmir.

-Sizcə, qadınlarımız 8 Martı necə bayram edir?

-Necə?.. Axşamüstü yolunu “Bravo”dan, “OBA”dan, “Arazmarket”dən salır, bazarlıq edir, ağır torbaları evə daşıyır, gecə saat 3-ə qədər cürbəcür yeməklər bişirir. Səhəri gözləyir ki, həyat yoldaşı onu necə təbrik edəcək... Azərbaycan qadını ilin 365 günü cəfakeşdi, 8 Mart da o günlərdən biridir. İstisna hallarda kimsə onları restorana dəvət edir. Hətta son zamalar müşahidə edirəm ki, xanımlar özləri özlərini restorana dəvət edirlər. Kişilər, içi mən qarışıq, bu haqda fikirləşməliyik.

-Qadınların bayramı ildə bir dəfəmi olmalıdır?

-Qadınların bayramı ildə bir dəfəmi olmalıdırmı?.. Maraqlı sualdı... Mən burda hind fəlsəfəsindən yardım istəyəcəm. Hindlilər deyir ki ağıllı sualda cavabın yarısı gizlənir. Bu sualda cavabın 50 yox, 100 faizi gizlənib.

-Bəs, bayram edə bilməyən qadınlara necə bayram sevinci yaşatmaq olar? .

- Çox sadə üsulla. O qədər sadədir ki! Bunu hər kəs bacarar. Azca başlarını işlətsinlər. Deməyəcəm necə. Qoy kişiər bir az başlarının işlətsinlər, görəcəklər necə bayram yaşatmaq olar. Bir az fikirləşsinlər... Sonda qadınlara ithaf etdiyim şeri söyləyim:

Dünyanın o başında –
səni neçə şahlar satıb, Qadın.
Necə şairlər qələmə alıb,
səni bütün kişilər sevib-aldadıb, Qadın...
Dünyanın bu başında –
Mənə ancaq üzr istəmək qalır,
sənin qarşında.

Söhbətləşdi, Məlahət Rzayeva
sherg.az
скачать dle 12.1