Bia.Az

Əvvəl bələdiyyə, sonra icra hakimiyyətləri... - Say azaldıqca, nəticə artacaq?

Cəmiyyət
 27-02-2024, 01:13     222

Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir.

Məlumata görə, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.

Bəzi ekspertlər hesab edirlər ki, bu qərarın müsbət tərəfi ilə yanaşı, mənfi tərəfləri də olacaq. Digər qrup ekspert isə bununla razılaşmır.

İqtisadçı Fuad İbrahimov “Cebhe.info”-ya bildirib ki, bu məsələlərə diferensial yanaşmaq lazımdır:

“Alternativ bələdiyyə formalaşana və birləşənə qədər vətəndaşlar problemlərlə üzləşəcək. Çünki vətəndaşlar öz dərdləri demək üçün bir sıra məhdud imkanlara malikdirlər. Əvvəla, yol infrastrukturu problemi var. Ən azından həmin yerlərdə bir bələdiyyə nümayəndəsi olmalıdır. Bilirsiniz ki, biz belə məsələrə tam hazır deyilik. Bələdiyyələr birləşəcəksə, növbə problemləri də çoxalacaq. Bu isə böyük bir xaos demək olar”.

Ekspert bildirib ki, vətəndaşın məmurla görüşməsinə ehtiyac olmamalıdır:

“Vətəndaşlar gərək qərar dəyişikliyindən fayda götürsünlər. Bura da söhbət maddiyyatdan yox, işinin rahatlığından və tezliyindən gedir. Biz bürokratik əngəllər tərəfindən bu qərarı qəbul edəcəyiksə, vətəndaşın işi yüngülləşmək əvəzinə çətinləşəcək”.

Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Oruc mövzu ilə bağlı bildirib ki, dağnıq və pərəkəndə fəaliyyət heç bir qurumda gözlənilən nəticəni vermir:

“Mərkəzləşdirilmiş idarə üsülü baxımından bu qərarın müsbət təsiri olacaq. İdarəetmə daha sədələşdirilmiş hal alacaq. Eyni funksiyaları daşıyan qurumların birləşdirilməsi işin effektivliyini artıra bilər. Eyni zamanda, idarəetməni sadələşdirəcək”.

Ekspertin fikrincə, bələdiyyələrin sayı o qədər çoxdur ki, vətəndaşlar heç bələdiyyə sədrinin adını bilmirlər:

“Paralel strukturlar nə qədər çox olursa, onları idarə etmək bir o qədər də çətin olur. Bu səbəbdən konkret bir bələdiyyə sədri olarsa, o zaman bələdiyyələrin işinin keyfiyyəti də artacaq”.

Ekspert qeyd edib ki, tək bələdiyyələrdə yox, digər icra orqanı strukturunda da bunabənzər qərar qəbul ediləcək:

“Ölkəmizdə idarəetmə qurumlarının sayı kifayət qədər artıqdır. Bir bölgədə 5- 6 rayonun fəaliyyətini bir qurumda toplayıb optimallaşdırmaq olar. Belə olan halda işin keyfiyyəti də artacaq”.
скачать dle 12.1