Bia.Az

"İndi Ayna Sultanovanın heykəli ilə şəkil çəkən görmüsünüz?"

Cəmiyyət
 23-02-2024, 01:10     238

Son günlər efirdə səsləndirdiyi fikirlərlə qalmaqala səbəb olan filologiya və fəlsəfə üzrə elmlər doktoru, şair, jurnalist Anar Vəziroğlu "Cebhe.info"-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Anar bəy, sosisal şəbəkə profilinizdə Leninin heykəli ilə şəkliniz var. Özünüzü leninçi kimi görürsünüz?

- Sovet dağılandan sonra Kislovodskiyə gedəndə orada həmin heykəli gördüm, çəkdirdim. Mən hər zaman axına qarşı olmuşam. Məsələn, yenidənqurma dövründə hamı məscidə getməyə başlayanda mən artıq məsciddən çıxırdım. Həmin şəkil də mənə maraqlı gəldi, dedim ki, qoy belə olsun. İnsanlar o qədət abırsız-abırsız heykəllərlə şəkil çəkdiriblər, sonra görüblər ki, bunların hamısı fırıldaq imiş.

İndi Ayna Sultanovanın heykəli ilə şəkil çəkən görmüsünüz? Yox.

Ümumi olaraq mən nə kommunist olmuşam, nə də sosialist, mən ömrüm boyunca heç bir partiyanın üzvü olmamışam.

- Azərbaycanda qadın və kişi bərabərliyinin təmin olunmasına münasibətiniz necədir?

- İşlənmiş sözün bir müddəti var, amma həddindən artıq deyilir ki, qadın istismar olunur. Bəs bu kişi neyləsin? Bəs arvadlar deyil ərə gedib 2 uşağı olandan sonra boşanan? Qadın istismar olunur, yoxsa kişi? Kişi olunur da. 2 uşağa baxmalıdır, aliment ödəməlidir. Maşallah, bir uşaq üçün alimentin məbləği 235 manata qaldırılıb. Buna görə də istismara məruz qalan kişilərdir.

- Bir müsahibənizdə "Söz musiqini öldürür. Amma musiqi sözü dirildir" demisiniz...

-Xalq bayatılarından istifadə olunur. İnsanlar belə fikirləşir ki, xalq bayatısı adı güclüdür. Əslində, elə deyil. Mən İsmayıllının Mollaisaqlı kəndindənəm, orada 200 ev var. Sakinlər birləşib birlikdə xalq musiqisini yarada, sözünü deyə bilməzlər. Çünki onların içində savadlısı da, avamı da var. Söz savadlı əlinə düşübsə, onu savadlı şəkildə, savadsız əlinə düşübsə, savadsız şəkildə çatdırılacaq.

Xalq musiqilərinin əksəriyyəti savadsız adamların əlinə düşüb. Xalq musiqilərindən istifadə etmək müğənnilərin bicliyidir. Amma xalq musiqisini oxuyarsansa, xalq adamı olaraq nə oxuduğuna fikir verməlisən. Onlar fikirləşirlər ki, bizi aldadırlar, amma özlərini aldadırlar. Oxuyanın, bəstəkarın və şairin vəhdəti olmalıdır. Şair yazır, bəstəkar bəstələyir, axı oxuyanın da bir sözü olmalıdır. Bu üçü olmayanda boğazdan keçmir.

- Şifahi xalq ədəbiyyatına, “Koroğlu” dastanına da irad bildirmisiniz. Buna səbəb nədir?

- İradım nəyədir? Koroğlunun heykəlini görmüsünüz? Necə heykəl qoyublar, Koroğlunun ayaqları az qala atdan uzundur. Bu camaatın fikrini oxuyan yoxdur. Əvvəl Bədii Şura var idi. Bütün sahənin adamları yığışıb sözünü deyirdi, süzgəcdən keçirdi. İndi o süzgəclər dağılıb.

Yaxşı, mən deyim ki, müasir dövrdə Koroğlu da var, Nəbi də. Bir mahnı var, deyir ki, "arvadı özündən ay qoçaq Nəbi". Bu abırsızlıqdır da. Necə ola bilir ki, Nəbi yadellilərlə vuruşur qalib gələ bilmir, 200 nəfər gedib onu çıxara bilmir, bir arvadı Həcər gedib Nəbini azad edir.

Pah, dəhşətə bax! Şişirtmə də bu qədər olmaz axı. Belə şey olar? Kimi aldadırlar? Arvad kişidən necə qoçaq ola bilər? Bizim vaxtımızda heç qadınla kişi qol-qola getmirdi, mən demirəm ki, bu ayıbdır. Amma mən fikirləşirdim ki, bu, belə olmalıdır.

Ədəb-ərkan yüksək səviyyədə idi. Mən hər şeyə real baxıram. Şərq aləmində hər xalqın özü tərəfindən uydurulmuş Koroğlusu var. Düzgün olan deyilməlidir. Qəhrəman necə ola bilər ki, gedib Eyvazın qarşısında məğlub olur? Axı qəhrəmanı bütöv yaratmalısan.

- Sizcə, əsl sənətkar necə olmalıdır?

-Əvvəl toylar və televizyalar var idi. Şura var idi deyə televizyaya hər adamı çıxarmırdılar. Amma toylar basabas idi, kim necə istəyirdi, elə edirdi. Mən fikirləşirəm ki, indiki dövrdə sənətkar yerində olmalıdır. Yerində deyəndə, əynində kostyum, boğazında qalstuk olsun demirəm. Abır-ismət deyilən bir şey var.

Əvvəllər qınaq var idi, müasir dövrdə o qınaq itib, kim necə istəyirsə, elə edir. Xanım gedir ərə, 2 uşaqla boşanır, bəy evlənir, 6 aydan sonra çıxıb gedir. Amma o bəyin də bir düşüncəsi olmalıdır ki, o, təkcə həyat yoldaşı üçün yox, uşaqlarının yaşaması üçün çalışmalıdır.

Müğənni də belədir ki, abır-həyalı olmalıdır. Mən bilirəm ki, mənim sözlərim həmişə ajiotajlı olur. Deməli, bir Xalq şairi var idi, ev istəmişdi, ona ev vermişdilər. Sonra ikinci görüşdə deyib ki, mənim evimin unitazı da yoxdur. Dövlətdən ev istəyərlər, amma daha belə də yox da...

Müasir dövrdə Xalq artisti adı alan adamlar var, onları tənqid atəşinə tuturlar ki, bunlar kimdir ki, bu adı alıblar? Xalqın gözü tərəzi deyil, amma xalqın gözündə nəsə var. O da bilirsən nədir? Abır-həya. Sənətkar elə etməlidir ki, xalq ondan iyrənməsin. Sadə olmaq lazımdır, bu da o demək deyil ki, hamıya baş əyməlisən.

- Qardaşınız Baba Vəziroğlu efirdə olan qalmaqalların reytinq üçün olduğunu deyir. Siz nə fikirləşirsiniz?

- Baba Vəziroğlu ağıllı adamdır, xalqın adamıdır. O deyirsə, nəsə bilir. Amma mən Anar Vəziroğlu kimi deyirəm ki, mən heç vaxt publikaya işləməmişəm,
işləmərəm də. Bəli, mənə təklif ediblər, amma qəbul etməmişəm.

- Gəlinin qayınataya çay verməsinin ədəbsizlik olduğunu demisiniz. Sizə görə, əsl ailə modeli necə olmalıdır?

- Bəzi adamlar var ki, dediklərimi özlərinə necə sərf edirsə, o cür paylaşırlar. Bəli, mən elə demişəm. Niyə? Kişi oturur, ailəsi də yanında. Bu fikirləşir ki, qızları yəqin sözünə qulaq asmayacaq, qonağın yanında başlayır ki, ay gəlin, bir çay gətir. Bundan böyük ədəbsizlik olar? Ailədə hər şey qarşılıqlı olmalıdır. Qadın da, uşaq da, gəlin də yazıqdır axı.

Gəlin də sənin qızının biridir. Mənə nə qədər zənglər daxil olur. Baxıram, oğlu olan deyir ki, bu, nə danışıqdır, qızı olan da deyir ki, ay Anar müəllim, Allah balanı saxlasın.

Mən bir-birini başa düşməməyi ədəbsizlik sayıram. Kişinin arvadına gücü çatmırsa, gəlinə pis münasibət sərgiləməsini ədəbsizlik sayıram. Mən kişilik gördüm ki, cavanlarımız torpaqlarımızı döyüşüb azad etdilər.

Mən özüm də ailə başçısıyam, övladlarıma bir dəfə “filan şeyi filan cür et” deməmişəm. Niyə? Çünki uşaq vaxtı evə qonaq gələndə bizim münasibətimizi görüb özlərinə nümunə götürürdülər. Deməklə olmur, dediyini özün etməlisən ki, uşaq da etsin. Söhbət çaydan yox, qarşılıqlı anlaşmadan gedir.

Allah Mirzə Cəlilə rəhmət eləsin, həqiqətən də, anlamaq dərdi çox ağır dərddir. Bütün bəlalar bundan yaranır. Biz uşaqlarımızı böyüdürük, deyirik ki, qocalanda bizə baxacaq. Bu külbaşlıqdır. Fikirləşirlər ki, uşağı 18 yaşına kimi böyüdürsə, heyfini almalıdır. Heç valideyn övladından təmənna güdər? Sən dünyaya gətirmisənsə, təmənna güdməməlisən.

Deyirlər ki, böyüyüb arxamızda durarlar. Arxanda durub nə edəcək? Vuruşmağa gedirsən? Vuruşmağa gedəndə dövlət yanında durar. Uşaqdır, ədəb-ərkanla böyütmüsən, çox sağ ol. Yoxsa fikirləşsələr ki, övlad valideynə borcludur, bu, səhv düşüncə olar.

Mənim sözümdən söz çıxaranlar çoxdur, çünki istənilən halda bir insanı qabaqda görəndə başlayırlar onun ayağından çəkməyə. Bu kütlə də çayxana səviyyəsindən kənara çıxa bilmir. Hətta bəzi rayondan gəlmələr vağzal səviyyəsindən kənara çıxa bilmirlər.

- Müasir Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?

- Aqşin Yeniseyi, Rafiq Tağını, Kəramət Böyükçölü, Saday Budaqlını oxuyuram. Mənim Kəramətlə mübahisəm də olub, çünki demişəm ki, sən bəzi şeyləri qabarıq şəkildə deyirsən. Lakin 2 romanını oxumuşam, normal əsərdir, oxumağa dəyər. Dostum Rafiq Tağının kitabı isə mənim stolüstü kitabımdır. Lakin mən daha çox Tolstoy kimi klassiklərə üstünlük verirəm.

Kitab çıxarmaqla deyil ki, mənim qohumum var, 36 kitab çıxarıb, amma içində heç nə yoxdur. Hətta mən bir qadına demişəm ki, sən İsmayıllıda bütün meşə ağaclarını qırıb kitab çıxarmısan, amma yazdıqlarında bir qəpiklik məna da yoxdur.
скачать dle 12.1