Bia.Az

Bir tərəfdə 450 manata min şagird: - O biri tərəfdə hər saata 50 manat...

Cəmiyyət
 21-02-2024, 19:00     271

Ölkədə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində baş verən hər hansı neqativ hadisə ilə bağlı ilk növbədə qınaq hədəfi olaraq məktəblər göstərilir.

Son vaxtlar da məktəblilər arasında bir neçə zorakılıq hadisələri qeydə alınıb. Belə ki, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülmüşdü. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edildi.

Daha sonra isə Bakı şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi hərəkətlərə təhrik edilməsi ilə bağlı məlumat yayıldı.

Bundan başqa, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava qeydə alınmışdı.

Son hadisələrdən biri də 156 saylı məktəblə bağlı yaşandı.

Sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayıldı. DİN tərəfindən əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı.

Ümumiyyətlə, məktəblərdə və şagirdlər arasında baş verən hadisələr ictimaiyyət tərəfindən narahatlıqla qarşılanır. Bəzi ictimaiyyət nümayəndələri baş verən hadisələrin səbəbi kimi məktəb psixoloqların sayının azlığını göstərir, şagirdlərlə qeyri-effektiv iş aparıldığını deyirlər.

Qeyd edək ki, bu gün bir sıra ali təhsil müəssisələrində psixologiya ixtisası var. Ancaq bu da bir faktdır ki, psixologiya ixtisası üzrə məzunların heç də hamısı məktəblərdə çalışmır. Belə ki, hazırda ölkədə müstəqil fəaliyyət göstərən kifayət qədər psixoloq var ki, onların bir çoxu bunu əsasən maddi gəlirlə əlaqələndirirlər.

Bu gün məktəbdə çalışan psixoloqların sayına gəldikdə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda psixoloq vəzifəsi və onun funksiyaları nəzərdə tutulub:

“Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilib. Ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilir və ştat cədvəlinə görə ümumi və tam orta məktəblərdə psixoloq ştatları var. Qərara əsasən, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilir:

Şagird sayı 1000-dək olduqda, 1 vahid;

Şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; Şagird sayı 3000-dən çox olduqda, 3 vahid.

Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur”.

Psixologiya ixtisası üzrə ali məktəblərə qəbul sayına gəldikdə isə Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2023-cü ildə ali təhsil müəssisələrində psixologiya ixtisası üzrə müsabiqə üçün ümumilikdə 420 plan yeri təqdim olunub:

“Müsabiqənin yekun nəticələrinə əsasən (qəbul olunanların qeydiyyat prosesi də nəzərə alınmaqla) ali təhsil müəssisələrinə 316 nəfər qəbul olunub. Qəbul olunanlardan 196 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Boş qalan yerlər əsasən özəl və ya regionlarda yerləşən təhsil müəssisələrindədir”.

Beləliklə, bu gün orta ümumtəhsil məktəblərində psixoloqların sayının azlığı müşahidə olunur. Məsələn, 1000 şagird sayı olan məktəbdə 1 psixoloqun çalışması onlara şagirdlərlə yetərincə ünsiyyət qurmaq imkanı vermir. Hətta bir çox kənd məktəblərində, ümumiyyətlə, ixtisaslı psixoloq çalışmır.

Bundan başqa ixtisaslı psixoloqlar məktəblərdə çalışmaqdansa, ayrı-ayrı mərkəzlərdə işləməyi uyğun hesab edirlər. Bu zaman isə qiymətlər hər seans üçün əksər hallarda 50 manatdan başlayır.

Şagirdlərin yeniyetmə dövrünün məhz məktəb illərinə təsadüf etdiyini nəzərə alsaq, məktəblərdə psixoloqların sayının daha da artırılmasına ehtiyac var.

Bununla şagirdlər arasında heç də baş verən neqativ hadisələri yalnız məktəblərlə, psixoloq çatışmazlığı ilə əlaqələndirmək istəməzdik.

Çünki vətəndaş tərbiyəsi ilk olaraq ailədən başlayır. Ancaq yeniyetmələrin pis vərdişlərə yiyələnməməsi, neqativ hərəkətlərə yol verməməsi üçün psixoloqlar şagirdlərdə daha müsbət düşüncə tərzi formalaşdırmasına yardımçı ola bilərlər.
скачать dle 12.1