Bia.Az

Bakıdakı universitetlər bölgələrə köçürülür? - AÇIQLAMA

Cəmiyyət
 20-02-2024, 01:07     198

Paytaxtda yerləşən bir çox ali təhsil müəssisələrinin bölgələrə köçürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Müzakirə iştirakçıları köçürülmənin paytaxtın yüklənməsinin qarşısının alınmasında, rayonların isə iqtisadi inkişafında müsbət dinamika ilə nəticələnəcəyini hesab edirlər.

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri İqtisadiyyat.az-a açıqlamasında deyib ki, universitetlərin bölgələrə deyil, Bakıətrafı ərazilərə köçürülməsi daha məqsədəuyğundur.

Onun sözlərinə görə, bu təcrübə ölkəmizdə tətbiq olunub və effektiv nəticə verib. Buna nümunə kimi Bakı Mühəndislik Universitetini göstərmək mümkündür.

Tədqiqatçının proqnozlarına görə, yaxın dövr ərzində Bakıda yerləşən universitetlərin bölgələrə köçürülməsi gözlənilmir: "Çünki universitet mürəkkəb bir infrastrukturdur və hansısa rayona köçürülməsi çox ciddi maliyyə, hazırlıq və zaman tələb edir. Paytaxtdakı universitetlərin bir çoxunun tələbə, professor, müəllim və texniki heyəti olduqca böyükdür. Xüsusən də Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet, İqtisad Universiteti və bəziləri bu siyahıya daxildir. Bundan başqa, universitet köçürülən ərazidə kampus, yəni universitet şəhərciyi salınmalıdır. Bu kampus yataqxanalar şəbəkəsindən ibarət olmalıdır. Eyni zamanda tələbələrin normal həyat şəraiti üçün lazımi imkan yaradılmalıdır. Ən yaxşı halda 4-5 ildən sonra universitetlər bölgələrə köçürülə bilər".

İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, universitetlərin regionlara köçürülməsi bir sıra parametrlər üzrə geniş və sistemli məsələ kimi dəyərləndirilməlidir.

Onun sözlərinə görə, mövcud vəziyyətdə şəhərdə fəaliyyət göstərən universitetlərin bölgələrə köçürülməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər: "Yəni söhbət fiziki olaraq hansısa universitetin köçürülməsi və bölgədə fəaliyyəti ilə məhdudlaşmır. Prosesin sistemliliyi ondan ibarətdir ki, universitetin müəllim və tələbə heyəti üçün müvafiq strukturun təmin olunması mütləq şəkildə öz həllini tapmalıdır. Çünki bu gün şəhərdən bir qədər kənarda fəaliyyət göstərən universitetlərə tələbələrin və universitet əməkdaşlarının gediş-gəlişi ilə bağlı problemlər də var. Bu isə universitetlərin fəaliyyətinə mənfi təsir göstərir. Unutmayaq ki, ölkədəki elmi potensialın və işgüzar fəallığın əsas hissəsi Bakıda yerləşir. Bölgələr üçün əlavə təhsil müəssisələrinin yaradılması daha məqsədəuyğun ola bilər".
скачать dle 12.1