Dövlətin milyon yarımdan çox pulunu mənimsəyən Gündüz Əliyev bəraət ala bilər…
Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.
Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib.
Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.
Qeyd edək ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakimi Aynur Rzayevanın sədrliyi ilə baxılır. Çox maraqlıdır ki, məhkəmə prosesinin 7 aydır keçirilməsinə baxmayaraq, məhkəmə bu səs-küylü cinayət işi ilə bağlı qərar verməyib. Bununla bağlı Poliqonun əldə etdiyi məlumata görə, məhkəmə qəararının verilməsi qəsdən gecikdirilir. Hətta son nəticədə Gündüz Əliyevin və dəstəsinin bəraət alması da istisna olunmur.
Mənbələrdən biri Poliqon-a bildirib ki, Gündüz Əliyev Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Əliyevin çox yaxın dairəsinə aid olan birisidir və buna görə də keçmiş müavininin həbs cəzası almaması üçün Zakir Fərəcov şəxsən məşğul olur.
Turantv.az