Bia.Az

Seçimlər arasında seçim

Cəmiyyət
 5-02-2024, 18:30     232

Bizə, sadəcə, yeni hakimiyyət lazımdır, yoxsa gerçək mahiyyət?!

Seçkilər haqqında, yəqin ki, ən möhtəşəm əsər Joze Saramaqonun "Görmə" romanıdır. "Sivil dünya" adlandırdığımız coğrafiyanın seçimlərini saf-çürük edir.
Bilirsiniz, məsələ siyasi seçimlərin Saramaqodakı bədii təhkiyəsi deyil; saf-çürük edilmə zamanı saflar "çürük", çürüklər "saf" "çıxa da bilir. Çünki...
Seçkilər ideal bir prosedur deyil, ancaq, Uniston Çörçill demişkən daha yaxşısı kəşf edilməyib.
Amma, bir dəqiqə! Bəlkə kəşf edilib. Demokratiyanın ana mayası... şübhədirsə, icazə verin demokratiyanın özündən də şübhələnək.
Dünyaca məşhur futuroloq Con Neysbitin "Meqatrendlər" kitabını bir neçə il əvvəl oxumuşdum. Bu, Amerika Birləşmiş Ştatlarının niyə və necə superdövlət olduğuna dair fundamental analiz idi. Bu kitabı bizdən qabaq Çinin prezidenti öz dilində oxumuş, Con Neysbiti Pekinə çağırmış və ölkəsinin inkişaf strategiyasından bir kitab yazmağı istəmişdi. Con bu təklifi, necə deyərlər, havada qapmış və öz xanımı Dorislə birlikdə "Çin meqatrendləri" adlı möhtəşəm əsərini yazıb ortaya qoymuşdu.
Düzü, bilmirəm, bu kitablar bizim dilimizə tərcümə olunub, yoxsa yox. Çox yaxşı olardı.
Yenicə oxuyub bitirdiyim "Çin meqatrendləri"ndə müəlliflər bu nəhəng Şərq ölkəsinin sıçrayışının sirrlərini dərindən və obyektiv araşdırıb. Bu kitab Çində yeni miqyaslı tendensiyaları diqqətlə izləyib və konkret nəticələri ortaya çıxarıb.
Əsərlə tanış olarkən, xüsusilə, "Çin möcüzəsi"nin atası Den Syaopinin yaxın silahdaşlarından, məşhur siyasətçi, daha sonra uğurlu biznesmen Çjan Vey-Veyin bir zaman "Faynenşl Tayms"da yer almış fikirləri dərin təəssürat yaradır. O belə deyib: "Çinlilər həyat qabiliyyətinə inanır. Əgər hökumət yaxşı idarə edirsə, deməli, qanunidir".
Burdan çıxan nəticə: dövlət başçısının neçə ildən bir, hökumətin və parlament tərkibinin neçə dəfə dəyişməsi hələ özlüyündə onların legitimliyini tam təsdiq və ifadə etmir. Əsas sual budur: ölkə necə idarə olunur?! Çinsayağı narrativə görə, ölkəni yaxşı idarə edən hökuməti, sadəcə, prosedur gərəyi olaraq dəyişmək ağıllıca deyil.
Bu yanaşmanı analiz edərək Neysbitlər belə bir nəticəyə gəliblər: "Bürün əlamətlər qlobal dəyişikliyin davamını göstərir - Qərbin əvəzinə Şərq"
Bu qənaət, doğrudursa, bütövlükdə qlobal idarəçilik fəlsəfəsini, doğrudan da, dəyişir.
"...Çindəki müşahidələrimizdən sonra çağdaş Qərb demokratiyasının yeganə məqbul idarəçilik forması olduğuna şübhə etmək lazım gəlir",-deyə alimlər yazır.
Bax, burda biz məqaləmizin əvvəlindəki fikrimizin - əsasında şübhə dayanan idarə üsulunun, yəni demokratiyanın özündən şübhələnməyimizin təsdiqini tapdıq. Amerikalı araşdırmaçılar Çini ABŞ-a, ümumilikdə Qərbə qarşı uğurlu antimodel olaraq görürlər.
Bu, Frensis Fukuyamanın "Tarixin sonu" əsərində Qərb dəyərlərinə söykənən qlobal düzənin yeganə doğru-düzgün paradiqma olduğu haqda iddialarını şübhə altına alır.
Eyni yanaşma qlobal miqyasdan lokal miqyasa da proyeksiya oluna bilərmi?! Axı bizə: "Qlobal düşün, lokal davran" deyə öyrətdilər.
Den Siyaopinin bütün mənalarda çin olmuş "Çin möcüzəsi" - o cür geniş coğrafiyada və o cür nəhəng cəmiyyətdə yaradılmış yeni gerçəklik nisbətən kiçik miqyaslarda, zəruri korrektivlərlə niyə model ola bilməz ki?!
Uzaq tarix deyil; bizim nəsillərin gözləri önündə "Mədəni inqilab" dövrünün geridəqalmış, yarımvassal Çini yeni bir yanaşma ilə sürətli sıçrayış etdi və dünyada ikinci superdövlət" halına gəldi. Hazırda isə ABŞ-la yeganə superdövlət taxt-tacı üstündə rəqabətə keçib. Bu, bəzi coğrafiyalarda, bəzi məqamlarda açıq ticari maraq toqquşmalarından geosiyasi və hətta qaynar hərbi konfliktlərə də çevrilir (ki, başqa bir söhbətin mövzusudur).
Əgər biz birmənalı olaraq Qərb tipli demokratiya modelindən imtina etmişiksə, o zaman, qarşımızda siyasi sistemi konservativ saxlamaqla iqtisadiyyatı liberallaşdıran, nəticədə öz inkişafında effektiv nəticələr qazanmış Çin modeli var.
Sözün düzü, Azərbaycan da bir möcüzənin müəllifidir artıq. Gəlin, ifrat təvazökarlıqdan əl çəkək; özümüzü kiçik görməkdə davam etsək, daha da kiçiləcəyik. İfrat təvazökarlıq özü də hardasa elə riyakarlıq olardı. Azərbaycanın indiki (və mümkündür ki, 7 fevraldan sonra yenidən seçiləcək olan) prezidenti hərbi-siyasi müstəvidə bir möcüzəyə imza atıb. Bu, dünya miqyasında bir möcüzədir. Azərbaycanın öz cəmiyyəti də bunu belə qəbul edir. Azərbaycan özünün bir neçə yüz illik tarixində ilk dəfədir ki, işğal olunmuş torpaqlarını hərbi və siyasi yollarla azad edib. Dünyanın bəlli coğrafiyalarında müsəlman toplumlar məğlubiyyətə uğradıldığı halda, hətta bütöv müsəlman ölkələri darmadağın edilib çökdürüldüyü yerdə Qafüazda "qəfildən" bir müsəlman ölkəsi əsasən hərbi, qismən də siyasi yollarla öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Bunun nə demək olduğunu, məncə, hələ özümüz də tam təsəvvür edə, dəqiq dəyərini biçə bilməmişik (bu baxımdan prezident seçkilərinin nəticəsi ən adekvat infikator olacaq). Ukrayna kimi 50 milyon civarında xristian cəmiyyəti olan, ərazisinə və ehtiyatlarına görə, Avropanın ən böyük dövlətlərindən biri NATO çətiri altına keçmək istədi deyə bu gün darmadağın olmaq təhlükəsi qarşısında qalarkən, 10 milyonluq müsəlman toplumun ölkəsi - Azərbaycan tarixi Şuşa bəyamnaməsinə nail olmaqla NATO-nun ilk ən böyük beş ordusundan birinin - Türkiyənin təhlükəsizlik qarantiyasını alır və öz sərhədlərinə tam nəzarəti və dövlətçiliyini möhkəmləndirir. Üstəlik, işğal olunmuş bütün ərazilərin azad olunmasına bərabər səviyyədə, hərbi qələbəyə tam ekvivalent məsuliyyət dərəcəsində bir proses də var axı: azad olunmuş ərazilərin bərpası və əhali ilə təkrar təhlükəsiz məskunlaşdırılması özü də çox nəhəng koqnitiv, fiziki və maddi resurs tələb edir. Biz o ərazilrin heç də hamısını itirdiyimiz vəziyyətdə - sağ-salim qaytarmamışıq; düşmən nəinki dirimizin evini, hətta ölümüzün qəbrini belə dağıdıb. O torpaqları azad etməyimiz bir möcüzə idi, ikinci möcüzə dünyanın kömək vədinə xilaf çıxdığı yerdə əraziləri təkbaşına, öz gücümüzlə və ən müasir standartlarla bərpa etməyimiz ikinci möcüzəmiz olacaq. Bunu "dinc savaş" da adlandıra bilərik ki, burada müttəfiq də özümüzük, rəqib də...
Bütün bunları görməmək - hazırkı qlobal və regional geosiyasi şərtlərdə xalqların və dövlətlərin təhlükəsizlik maraqlarının bütün başqa həyati maraqlarından belə önə keçdiyini idrak etməmək düşüncə miqyasının kiçildiyindən, obyektiv dəyərləndirmə qabiliyyətinin korşaldığından, reallıq hissinin itirildiyindən irəli gəlmirsə, deməli, ortada hansısa məkrli maraqlar prizmasından yanaşma var. Ölkədə hakimiyyətə gəlmək və ya hakimiyyəti qoruyub saxlamaq üçün gərək əvvəlcə ölkənin özünü qoruyub saxlayasan, elə deyilmi?!
Əslində sualın cavabı özündədir...
P.S. Yazının əvvəllərinə dönsək, işin doğrusu budur ki, Azərbaycan "hərbi möcüzə" ilə yetərlənməyəcək; iqtisadi, sosial və intellektual sferalarda da möcüzə yaratmalı olacaq; hərbi qələbəni iqtisadi sıçrayışa, onu da sosial rifaha və koqnitiv inkişafa konvertasiya edəcək. Bizim hazırda yeni milli ideyamız, məncə, budur.
Bir sözlə, hər seçkidə biz, əslində, yeni, yaxud "köhnə-yeni" hakimiyyət seçmirik, yeni mahiyyət seçirik. Təbii ki, seçimlərimizin gerçək mahiyyətinə vara bilsək...
Bahəddin Həzi, Bizimyol.infoскачать dle 12.1